Rorks Drift döyüşü (Battle of Rorke’s Drift) — həmçinin "Rorks Driftin müdafiəsi" və ya "Rork keçidi döyüşü" kimi tanınan, 1879-cu il Anqlo-Zulu müharibəsi zamanı 22-23 yanvar 1879-cu ildə zulular və britaniyalılar arasında baş vermiş hərbi toqquşmadır.
Rorks Drift döyüşü | |||
---|---|---|---|
Anqlo-Zulu müharibəsi | |||
| |||
Tarix | 22-23 yanvar 1879-cu il | ||
Yeri | Rorks Drift, Zululend | ||
Nəticəsi | Britaniyanın qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Zululendin işğalı zamanı, keçmiş İsveç Lüteran Missiyası Rorks Driftin yerində, İngilislər xəstəxana və ərzaq anbarı yerləşdirdilər.
Postun rəhbəri Kral mühəndislərinin (ing. Corps of Royal Engineers) leytenantı Con Rouz Merriot Çard idi.
Rorks Driftin qəhrəmancasına müdafiəsində böyük rol oynayan 24-cü piyada alayının, 2-ci batalyonun, "B" bölüyünə (2-ci Vorvikşir alayı, indi Uels Kral alayı) leytenant (ing. Gonville Bromhead) komandanlıq edirdi.
22 yanvar 1879-cu ildə, müharibənin başlanmasından 9 gün sonra, başçı Ntsinqvayonun komandanlığı altında Zulu ordusu İsandlvanadakı İngilis düşərgəsini əzdi, demək olar ki, 24-cü İngilis piyada alayının 1-ci batalyonu da daxil olmaqla burada yerləşən İngilis qoşunlarını tamamilə məhv etdi.
Məğlub olan düşərgədən fərqli olaraq, Rorks Drift kifayət qədər möhkəmləndirilmişdi: missiya binaları arasındakı boşluq daşlarla doldurulmuş qutulardan və kisələrdən hörülmüş divarla hasarlanmışdı, istehkamların qarşısında şimal-şərqdən iri daşlarla örtülmüş hərəkət üçün əlverişsiz bir sahə var idi, qərbdən və cənubdan isə missiyanın köhnə divar qalıqları hücumçular üçün əlavə maneə rolunu oynayırdı.
Yanvarın 22-də axşam Zulu kralı Keçvayonun qanbir qardaşı Dabulamanzinin komandanlığı altında Zulu ordusunun arxa müdafiəçiləri İsandlvandan 11 mil (17,7 km) məsafədə olan Rorks Driftə hücum etdi.
Hücum edən qüvvələrin döyüşçüləri 30-40 yaş arası evli kişilərdən toplanan "uDloko", "uSulvana", "inDlonqo" amabuto (alaylar) və subay gənclərin xidmət etdiyi "inDlu-yenqve" ibusodan ibarət idi.
O zaman Rorks Driftdə cəmi 139 britaniyalı var idi[1] (104 sağlam və xəstəxanada müalicə olunan 35 xəstə və yaralı).
İlk hücum saat 17:00-da başladı. Hücumçular ənənəvi silahlarla - assaqay (nizə), nokberr (dəyənək) və qalxanlarla yanaşı, üstəlik İsandlvanada ələ keçirilən tüfənglərdən də istifadə edirdilər.
Hücumların birində zulular xəstəxananın yerləşdiyi binanı yandırmağa müvəffəq oldular. Müdafiəçilər hücumu dəf etməklə yanaşı, eyni zamanda yaralıları da təxliyə etməli oldular.
Ümumilikdə, Zulular hər dəfə yeni bir istiqamətdən üç hücum etdi (görünür, bunlar üç fərqli Zulu bölməsinin hücumları idi), bundan sonra 23 yanvar 1879-cu ildə səhər saat 4-də Dabulamanzi ordusu Zululendə geri çəkildi.
Döyüşdən sonra meydanda 370 Zulu cəsədi tapıldı, qarnizonun itkisi isə 15 cəsəd və 10 yaralı (onlardan ikisi tezliklə güllə yarasından həyatını itirdi) idi. Döyüş meydanında qalan yaralı zuluları, Dabulamanzi döyüşçülərinin britaniya xəstəxanasında yaralıların qətl etdiyini görən qəddarlaşmış ingilislər öldürdülər[2].
Diqqəti İsandlvanadakı məğlubiyyətdən yayındırmaq üçün Rorks Driftdəki döyüşə böyük əhəmiyyət verildi. İngiltərə parlamentinin hər iki palatasının təşəkkürünü alan leytenantlar Çard və Bromhed (kapitan rütbəsini aşaraq) dərhal mayor rütbəsinə yüksəldilər və Rorks Driftin doqquz digər müdafiəçisi ilə birlikdə Britaniyanın ən şərəfli döyüş mükafatı olan Viktoriya xaçına layiq görüldülər.
Daha doqquz müdafiəçi medallarla təltif edildi[1].