Ruhi Tuna (23 dekabr 1965, Məlikan, Şərqi Azərbaycan ostanı – 30 oktyabr 2021, Toronto) ― azərbaycanlı heykəltaraş, rəssam. O, 7 il İranda həbsdə olduqdan sonra Türkiyəyə getmiş, 8 il burada fəaliyyət göstərdikdən sonra isə Kanadaya köçmüşdür.[1] Bütün fəaliyyəti boyunca onlarla tarixi şəxsiyyətə həsr edilmiş yüzlərlə heykəl düzəldib. Təkcə Türkiyədə Atatürkə qoyulmuş 300-dən çox heykəl və büstün müəllifidir.[2][3]
Ruhi Tuna | |
---|---|
Doğum tarixi | 23 dekabr 1965 |
Doğum yeri | |
Vəfat tarixi | 30 oktyabr 2021 (55 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | Azərbaycan türkü |
Fəaliyyəti | heykəltaraş |
Təhsili |
Ruhi Tuna 23 dekabr 1965-ci ildə Məlikkəndidə anadan olub. Kiçik yaşlarından rəssamlıqla məşğul olub. Azərbaycanın muxtariyyət istəyini simvollaşdıran bir karikatura çəkdiyi üçün həbs edilir. 7 il İran həbsxanalarında məhbus həyatı yaşayıb. İlk dəfə Qoşaçayda həbsdə olduğu müddətdə heykəltaraşlıqla məşğul olmağa başlayıb.[1] Həbsdən çıxdıqdan sonra da heykəltaraş kimi fəaliyyətini davam etdirib. Təbrizdə Məhəmməd Hüseyn Şəhriyara və Kəleybərdə Nəbatiyə qoyulmuş heykəllərin müəllifidir.[4] Həbsdən azad olunsa da təqiblərə məruz qaldığı üçün 1999-cu ildə Türkiyəyə köçüb. Burada yaşadığı dövrdə onlarla tarixi şəxsiyyətin heykəlini hazırlayıb. Təkcə Türkiyədə qoyulmuş Atatürkün 300-dən çox heykəlinin müəllifidir.[3] Bundan başqa Türkiyənin Hacıbektaş şəhərində Yeddi Ulu Ozana qoyulmuş 7 heykəlin[5] və Niğdə şəhərində qoyulmuş 21 heykəllik Türk böyükləri heykəllər kompleksinin müəllifidir.[6] Aralarında Şah İsmayıl Xətai, Nadir şah, Ağa Məhəmməd şah Qacar və Atatürkün də heykəli olan bu 22 heykəllik kompleks[7] 2013-cü ildə heç bir səbəb göstərilmədən yerindən götürülüb.[8][9]
2006-cı ildə Türkiyədə vətəndaşlıq ala bilmədiyi üçün həyat yoldaşı Rima Muhitova ilə birlikdə Kanadaya köçüb.[10] Burada York Universitetində vizual incəsənət, Rayerson Universitetində isə musiqi təhsili alıb.[11] Kanadada yaşadığı dövrdə Məhəmməd Füzulinin, Nadir Şahın, Pir Sultan Abdalın, Hacı Bektaş Vəlinin, Əlişir Nəvainin, Üzeyir Hacıbəyovun, Salavat Yulayevin,[12] Əbülfəz Elçibəyin eləcə də Türk dünyasının onlarla şəxsiyyətinin heykəllərini hazırlayıb.[13]
30 oktyabr 2021-ci ildə Kanadadada mədəaltı vəzi xərçəngindən dünyasını dəyişib.[14]