Sübhanqulu xan Qovanlı-Qacar — İrəvan qalasının rəisi, İrəvan xanı Hüseynqulu xan Sərdarın qardaşı oğlu və kürəkəni.
II Rusiya-Qacar müharibəsinin gedişində 1827-ci ildə generallar İvan Paskeviçin və Bekendorfun İrəvan qalasına hücumları zamanı qalaya rəhbərliyi Sübhanqulu xan edirdi.
1827-ci il mayın 12-də Paskeviçin başçılığı ilə əsas rusların qüvvələrinin, habelə 500 nəfər gürcü və erməni əyanının müşayiəti ilə İrəvan xanlığı istiqamətində yürüşü başladı. Paskeviçin ardınca imperator I Nikolayın razılığı ilə təşkil edilən ilk erməni atlı alayı mayın 17-də İrəvan xanlığının ərazisinə doğru hərəkət etdi. İyunun 8-də Üçkilsədən İrəvan qalasına doğru yönələn Paskeviç İrəvan xanlığına məxsus qalalar haqqında kəşfiyyat məlumatları toplamağa başladı.[1]
Paskeviç İrəvan qalasının ətrafına çatanda Benkendorfun Sübhanqulu xanla danışıqlar apardığını öyrəndi. Hələ bir neçə gün bundan əvvəl Sübhanqulu xan knyaz Seversamidzeyə rus qoşunlarının baş komandanı ilə görüşmək istədiyini bildirmişdi.[1] Paskeviç qalanın komendantına öz gəlişi barədə xəbər göndərəndə, Hüseynqulu xan knyaz Seversamidzeyə bildirmişdi: "Əgər söhbət qalanın təslim edilməsindən getmirsə, onda qalanın komendantına Paskeviçlə görüşməyə icazə verirəm. Əks halda bu, mənasızdır - çünki mən qalanı heç vaxt təslim etməyəcəyəm". Bundan sonra Paskeviç qala ilə bütün əlaqələri kəsməyi əmr etdi.[1]
1827-ci ilin oktyabr ayında İrəvan qalasına qaladağıdıcı toplardan hücum keçən Rusiya qoşunları qalanı ələ keçirdilər. 200 İrəvan əyanı ilə birlikdə Sübhanqulu xan da əsir düşdü.[2] Mənbələrdə əsirlərin geri qaytarıldığı yazılır. Güman edilir ki, bu əsirlərin içində Sübhanqulu xan da geri qaytarılmışdı.