Süzənək və ya qonoreya (yun. gonorrhoia, gonos – toxum + rheo — axıram), pereloy — əsasən, sidik-cinsiyyət orqanlarının selikli qişasını zədələyən infeksion xəstəlik. Zöhrəvi xəstəliklər qrupundandır. Törədicisini (qonokokk) 1879-cu ildə A.Neyser tapmışdır. Cinsi yolla yayılır, qeyri-çinsi yolla uşaqlar doğuş zamanı xəstə anadan (qonokokk uşağın gözünə düşüb blennoreya törədir, yaxud qız uşağının çinsiyyət orqanına düşür) və ya xəstənin əşyalarından (dəsmalından, yatağından və s.) istifadə etdikdə yoluxurlar. Süzənək xəstəliyində immunitet yaranmır. Bu xəstəlik irsi deyil və hər bir insan bir neçə dəfə xəstəliyə tutula bilər. İnkubasiya dövrü 3—5 gün-dür. Sidik-cinsiyyət orqanlarının selikli qişasına düşmüş qonokokk tez bir zamanda çoxalaraq iltihabi proses yaradır. Bu da iltihabi infiltrata, irinli ifrazata səbəb olur. Xəstəlik uzun müddət davam etdikdə infiltrat çapıqlaşır, nəticədə sidik kanalı daralır. Çapıqlaşma kişilərdə xaya artımlarında, qadınlarda isə fallop borularında keçməzliyə səbəb olur, bu da sonsuzluqla nəticələnir. Xəstəlik oynaqların, sinir sisteminin zəifləməsinə səbəb olur. Düzgün müalicə aparılmadıqda, yaxud rejim gözləmədikdə, xəstəlik xroniki hala keçir. Alkoqolun təsirindən, ədviyyatlı, turşulu, duzlu qidalardan proses daha da kəskinləşir. Kişilərdə süzənək qonokokklar əvvəlcə uretranı zədələyir. 3—5 gündən sonra kəskin iltihab (uretrit) törənir. Xəstəlik qaşınma, göynəmə, siyimə zamanı ağrı və sidik kanalından irinli ifrazatın axması ilə başlayır. Uretranın xarici dəliyinin dodaqcıqları ödemləşir. Xronik uretrit spirtli içkilərin, cinsi əlaqənin təsirindən kəskinləşə bilər. Diaqnoz laboratoriya müayinəsinə əsasən qoyulur. Süzənək sidik kanalının çapıqlı daralması, parauretral yolların, xaya artımının (epididimit), toxum kisəsinin iltihabı, prostat vəzinin kəskin və xronik iltihabı və s. ağırlaşmalar verə bilər. Hər iki xaya artımının zədələnməsi sonsuzluqla nəticələnir. Qadınlarda süzənək çox nəzərə çarpmadan, süst davam edir və ağrı hissi törətmir, 2—3 həftə gizli davam edir; heç bir əlaməti olmadığından xəstə qadınlar həkimə müraciət etmirlər, infeksiya mənbəyi kimi sağlam adamları yoluxdururlar. Qadınlarda süzənəyin iki növü: sidik-cinsiyyət orqanlarının aşağı şöbənin süzənəyi (uretranın, uşaqlıq boynu kanalının, bartolin vəzilərinin, düz bağırsağın zədələnməsi) və qalxan süzənək (uşaqlıq çisminin, uşaqlıq borularının, yumurtalıqların və kiçik çanaq peritonunun zədələnməsi) ayırd edilir. Aşağı şöbənin süzənəyində siyimə zamanı göynəmə və sancı, sidiyin tez-tez xaric olması və s. müşahidə olunur. Uşaqlıq boynu zədələndikdə qadından pis iyli, irinli-selikli və bəzən qan qarışmış ifrazat gəlir, qarnın aşağı hissəsində ağrılar törəyir, uretranın dəliyi qızarır, ödemləşir. Uşaqlıq boynundan irinli-qanlı ifrazatın axması düz bağırsağın süzənəyinə səbəb ola bilər. Diaqnoz laboratoriya müayinəsinə əsasən qoyulur.
Süzənək | |
---|---|
| |
XBT-10 | A54 |
XBT-10-KM | A54.9, A54 |
XBT-9 | |
XBT-9-KM | 098[1] |
DiseasesDB | 8834 |
MedlinePlus | 007267 |
MeSH | D006069 |
Vikianbarda əlaqəli mediafayllar |
Qalxan süzənək zamanı qarnın aşağı hissəsində ağrılar, qanaxma olur, aybaşı pozulur, iltihabi proses uşaqlıq artımlarına keçdikdə xəstənin ümumi halı pisləşir, temperatur yüksəlir. Süzənəyin bu forması sonsuzluqla nəticələnir. Qızlarda süzənək çox vaxt 2—8 yaşlarında müşahidə edilir. İnfeksiya adətən xəstə analardan, dayələrdən və uşaqla sıx təmasda olan digər xəstə qadınlardan qeyri-çinsi yolla keçir. Süzənək qızlarda vulvanı, vakinanı və sidik kanalını zədələyir. Çox vaxt düz bağırsaq da xəstələnir. Xəstəlik kəskin başlayır: vulvada ağrı və göynəmə, sidik və nəcis ifrazı ağrılı olur, irinli ifrazat axır, cinsiyyət dodaqları ödemləşir. Uşağın ümumi vəziyyəti pozulur, temperatur yüksəlir, əzkinlik, zəiflik və bəzən anemiya müşahidə edilir.
Antibiotiklər, sulfanilamid preparatları, spesifik və qeyri-spesifik immunoterapiya, fizioterapiya, yerli müalicə və s.
Şəxsi gigiyena qaydalarına əməl etmək, təsadüfi cinsi yaxınlıqdan uzaq olmaq və s. Dəri-zöhrəvi dispanserlər və veneroloji kabinetlər belə xəstələrə nəzarət edir, onları müalicəyə çəlb edir, əhali arasında yayılmasının qarşısını alır.