Səbuhi Zahid oğlu Atababayev (3 aprel 1987, Bakı) — Azərbaycanlı rəssam[1], quruluşçu kino rəssamı[2]. Rəngkar və quruluşçu rəssam kimi fəaliyyət göstərir.
Səbuhi Atababayev | |
---|---|
Səbuhi Zahid oğlu Atababayev | |
Doğum tarixi | 3 aprel 1987 (37 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | rəssam, rəngkar, quruluşçu rəssam |
Təhsili | |
Üzvlüyü |
Bir çox ölkə və beynəlxalq sərgilərin iştirakçısıdır. Əsərləri ölkədə və ölkədən kənarda şəxsi kolleksiyalarda saxlanılır. Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Fəal Sənətçilər Birliyinin (türk. Uluslararası Aktivist Sanatçılar Birliği) üzvüdür. "New York Film School"un və Moskva Ümumittifaq Kinomatoqrafiya İnistitutunun kino sənətinə aid seminarlarının iştirakçısıdır. 2012-ci ildən peşəkar quruluşçu rəssam və art direktor kimi də fəaliyyət göstərir. Bir çox filmlərin, serialların, kliplərin və sosial çarxların quruluşçu rəssamıdır.
Səbuhi Atababayev 3 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub.
292 saylı orta məktəbi bitirib. 2003-cü ildən Əzim Əzimzadə adına İncəsənət Kollecinin Dekorativ tətbiqi sənət fakultəsinə daxil olub. 2008-ci ildə kolleci bitirib, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) Teatr Rəngkarlığı fakultəsinə daxil olub. 2011-ci ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə həmin akademiyanın Teatr və Kino rəssamı fakultəsinə magistr pilləsinə daxil olub. 2013-cu ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. Təhsili dövründə Kamil Nəcəfzadə, Mais Ağabəyov və s. kimi görkəmli xalq rəssamlarından dərs almışdır. 2013-cü ildən ADRA-nın Akademik Rəngkarlıq və Kompozisiya fakultəsində, 2016-cı ildən də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri Sənət fakultəsində Kinoda Quruluşçu rəssam ixtisasından dərs deyir.[3][4] Kinoda quruluşçu rəssam işi mövzusunda proqramların müəllifidir.
2011-ci ildə Türkiyə və Azərbaycanın birgə istehsalı olan, İctimai TV-də yayımlanmış[5] Qaranlıqlar çiçəyi, 2013-cü ildə isə Space TV-də yayımlanmış[6] Oğurlanmış arzular seriallarının, 2014-cü ildə "Xoxan"[7][8], 2015-ci ildə yenə Türkiyə və Azərbaycanın birgə istehsalı olan "Yarımdünya", 2017-ci ildə "Xənnas"[9], 2016-cı ildə "Naxox"[10] tammetrajlı bədii filmlərinin, 2017-ci ildə "Üçkünc" qısametrajlı bədii filminin, 2018-ci ildə Təhmin və Zaur kino-komediyasının, 2018-ci ildə "Balalayka" qısa filminin, 2019-cu ildə "Gələrsən, görərsən" kino-komediyasının, 2019-cu ildə isə "Aprel"[11] və "Köpük" qısa filmlərinin quruluşçu rəssamı olub. "2020: Nizami ili" çərçivəsində AzTV-nin "Oyanış" layihəsinin quruluşçu rəssamlarından biri olub.
Qardaşı Xpert-in YouTube-da "Synaps Production" (indiki "Synaps Records") kanalında ilk klipi olan və 1 mart 2013-cü ildə yayımlanmış "Şaman" (& Luter), 5 aprel 2014-cü ildə yayımlanmış "Sarışan hallar", 15 avqust 2014-cü ildə yayımlanmış "Bataqlıq donuzu" sinql treklərinin kliplərinin, 18 dekabr 2015-ci ildə yayımlanmış "Qan rəngi yaşıl" sinql trekinin art direktoru, 3 yanvar 2015-ci ildə yayımlanmış "Məhşərdən qətrə" sinql trekində örtük şəklinin həmmüəllifi olub. 9 mart 2015-ci ildə yayımlanmış "İntiharıma gülməsinlər" sinql trekinin klipinin videoçarxı Səbuhi Atababayev tərəfindən çəkilmiş 2500 şəkildən ibarətdir.
8 mart 2021-ci ildə Faiq Ağayevin YouTube-da yayımlanmış "Səni əvəz eləmir" klipinin art direktoru.