Səfəvi imperiyasında (1501-1736) qadınlar — Səfəvi imperiyası zamanı cəmiyyətdə qadınların vəziyyəti nəzərdə tutulur. Səfəvi imperiyasında qadınlar aid olduqları sosial statusdan asılı olaraq geniş hüquqlar və azadlıqlardan yararlana bilirdilər. Yuxarı sinfə məxsus olan qadınlar həm təhsildə, həm də siyasi baxımdan imperiya ərazisində aktiv idilər. Digər sosial siniflərdən olan qadınlar hətta əri belə olmadan səyahət edə bilmə kimi azadlıqlardan yararlanmaqla birlikdə, öz ailələrinin maliyyə vəziyyətini də idarə edirdilər. Cəmiyyətin bütün sferalarında qadınlarla qarşılaşmaq mümkün idi. Lakin I Abbasın 1629-cu ildə ölümündən sonra qadınların cəmiyyətdəki rolu azalmağa başladı və onlar ictimai nəzərdən uzaqlaşmağa başladılar. II Abbasın hakimiyyəti dövründə qadınlara qarşı məhdudiyyətlər tədbiq edildi. Bu hakimiyyət dövrü Səfəvi imperiyasında qadınlar üçün çətin mərhələ kimi dəyərləndirilir.[1]
Yuxarı sinfə məxsus olan qadınlar imperiya daxilində həm ictimai, həm də idarəetmə məsələlərində mühüm rol oynayırdılar.[2] Onlar bir çox sferalarda olduğu kimi, imperiyanın siyasi məsələləri üzərində də söz haqqına sahib idilər.[3]
Səfəvi sülaləsinə məxsus olan qadın şahzadələri qardaşlarının təhsili ilə müqayisə oluna bilən təhsil alırdılar. Onlara dadaşlar və ya lələlər təyin edilirdi.[3] Bu o deməkdir ki, qadın şahzadələrin çoxu həm oxuya, həm də yaza bilirdilər. Onların aldıqları təhsil proqramına dini təhsil də daxil idi. Həmçinin onlara xəttatlıq sənəti, şeiriyyat və digər sahələr üzrə də təlim keçilirdi. Qadın şahzadələr üçün verilən təhsilin əhəmiyyəti onlardan şah ailəsinə məxsus kriteriyaları qarşılamaları idi.
Səfəvi imperiyasının yuxarı təbəqədən olan qadınları öz təsərrüfat işlərinə rəhbərlik edirdilər. İmperiyada əmlak satışının ən azı iyirmi faizini qadınlar təşkil edirdi. Qadınlar öz qardaşlarının əldə etdiyi mirasın payının yalnız yarısını alsalar da, öz payları üzərində tam söz sahibi olurdular. Həmçinin şah ailəsinə və ya onun yaxın ətrafına aid olan qadınların iqtisadi fəaliyyətlə məşğul olduğu, xeyriyyə fəaliyyətlərinə yardım etmələri də qaynaqlarda əks olunmuşdur. Qadınlar torpaq alıb karvansaraylar, körpülər tikdirdilər. 1660-cı illərdə bütün yuxarı təbəqədən olan qadınlara torpaq mülkiyyəti hüququ verilirdi və beləliklə, indi onlar da bir bölgədə vergi toplaya bilərdilər.[4]
Yuxarı sinfə məxsus olduqlarından şah ailəsinin qadın üzvləri imperiyanın idarəetməsində və siyasi məsələlərdə də geniş imkanlara sahib idilər. Həmçinin onlar imperiyanı maraqlandıran diplomatik münasibətlərdə də iştirak edirdilər.[5] Onlar xarici ölkələrə səfirlər göndərir, diplomatiik məktublar yazır və bəzən vasitəçi kimi çıxış edirdilər. Şahların hərəmxana ilə əlaqələrinin çoxalması ilə qadınların siyasi hakimiyyət üzərindəki rolları daha da artdı.[6] Lakin bu artım yalnız hərəmxananın divarları daxilində hiss edilməkdə idi. Belə qadınlardan biri Şah Sultan Hüseynin atasının bibisi Məryəm Bəyim idi. Şah Sultan Hüseyn hakimiyyətini bir qismini öz bibisi tərəfindən idarə edilməklə keçirmişdir. Həmçinin bu şahzadələrin çoxunun özlərinin atları var idi və onların öz atlarını sürməsi kişi süvarilərin müşayəti altında həyata keçirilirdi. Onlar ov mərasimlərində iştirak edir və hətta silahdan istifadə etmə qaydalarını da bilirdilər. Çox zaman bu qadınlar özlərinin tayfa geyimlərinə uyğun tərzdə kişi geyimləri geyinirdilər.[7] Həmçinin qadınların müharibələrdə və döyüşlərdə də iştirak edirdilər. Məsələn, buna Çaldıran döyüşündə iştirak edən I İsmayılın arvadı və I Təhmasibin anası Taclı Bəyimi göstərmək olar. Hər halda, bu türk tayfa sistemində köçərilikdən qaynaqlanan bir şey idi və qadınlara ictimaiyyətin hər sferasında geniş iştirak hüququ verirdi.
Səfəvi imperiyasında qadınlar incəsənət işlərinin inkişaf etdirilməsi məsuliyyətini daşıyırdılar. XVI əsrdə, Məşhəd imperiyanın incəsənət baxımından çiçəklənən mərkəzlərindən birinə çevrilmişdi. Bu işdə aktiv iştirak edən qadınların çoxu həm oxumanı, həm də yazmanı bacarırdılar və bu o dövrə görə nadir rastlanan bir şey idi.
Orta və aşağı sinifə məxsus olan qadınlar yuxarı siniflə müqayisədə cəmiyyət arasında daha çox görünən idilər. Əvvəldə də deyildiyi kimi, farsdilli qaynaqlar qadınların etdikləri şah və onun etdikləri ilə əlaqəli olmadığı halda, bu məsələdə susqundurlar. Məsələn, I Abbas həftənin birinci günü yalnız qadınlar üçün açıq olan Çaharbağ gəzintilərində iştirak etmişdir. Bununla belə, qeyd çox qısa olduğu üçün bu adət-ənənənin nə vaxtdan mövcud olduğu, qadınların hansı sinifin bir hissəsi olduğu, əyləncə və istirahətin nədən ibarət olduğu aydın deyil.[8] Salnamələr isə bu barədə məlumat verərəkən yazıldıqları yerin xarakterik xüsusiyyətlərinə əsasən məlumatlar vermişdirlər. Bu tipdə olan bəzi qaynaqlaın verdiyi məlumata görə, qadınlara təkcə ərləri ilə şəhər ətrafı bağları bəzməyə yox, həm də karvanlarla başqa şəhərlərə - həm də ərləri yanlarında olmadan - getmələrinə də icazə verilmişdir. Üstəlik, qadınlar ərləri ilə məsləhətləşər, hətta ailələrinin maliyyəsini elə idarə edərdilər ki, həyat yoldaşları qazandıqlarını uyğun bildikləri kimi xərcləmək üçün arvadlarına təhvil verərdilər.[7] Bundan başqa, parkların və gəzinti yerlərinin müəyyən şəkillərində orta təbəqədən olan qadınları görsək də, bütün qadınların bu yerləri ziyarət etmələrinə icazə verildiyinə əmin ola bilmərik.[8]
Aşağı təbəqədən olan qadınlar xarici qonaqlar üçün ən əlçatan olanlar idi, aşkar edilmiş səyahət hesablarında ən çox danışılanlar məhz bu qadınlardır.[9] Qadınlardan paltar yumaq kimi evlərini tərk etmələrini tələb edən ev işləri ilə yanaşı, tez-tez əkinçilik, heyvandarlıq, toxuculuq, tikiş və iplikçilik kimi vəzifələri yerinə yetirmələri tələb olunurdu. Onlar tez-tez orta və ya yuxarı sinfə məxsus olan qadınların evlərindəki işlərə də cəlb edilirdilər. Onlar analıq və hətta, tibbi bilikləri özündə əks etdirən işlərə də cəlb edilirdilər. Kənd yerlərində, xüsusən aşağı sinifdən olan qadınlar şəhərlərdəki qadınlarla müqayisədə daha çox azadlığa sahib olmaqla, daha az məhdudiyyətlərlə üzləşirdilər.[7] Nəticə etibarı ilə onlar aşağı təbəqədə qalsalar da, daha yüksək iqtisadi mövqeyə malik idilər. Həm də qohum olmayan təmasların nadir olması səbəbindən paltarlarla daha az örtülürdülər.[10] Mirzə Fəzl İsfahaninin İsfahanda açdığı xəstəxana üçün bir qadın həkim və iki tibb bacısı işə götürülməsi üçün ianə verməsi faktı göstərir ki, belə iş yerləri yalnız yuxarı təbəqəyə məxsus olan qadınlarla məhdudlaşmamışdır. Bunun belə, tibb bacılığı daha çox aşağı sinfə məxsus olan qadınların çalışdığı peşələrdən hesab edilirdi.[8]
XVII əsrin sonlarından etibarən cəmiyyət daxilində qadınların rolu və yeri azalmağa başladı. Şah Sultan Hüseynin 1694-cü ildə taxta çıxmasından sonra qadınların örtünməyə məcbur edilməsinə başlandı.[6] Səfəvi imperiyasında əvvəlki dövrlərdə başdan-ayağa bu örtük yox idi. Eyni zamanda İmperiyada şiə ideologiyaları yarandı. Şiə ruhaniləri qadınların öz ailələrində ənənəvi matriarxal rola sahib olmalarını istəyirdilər. Ərin icazəsi olmadan hərəkət etmək azadlığı kimi daha çox azadlıqlar əllərindən alındı. Səfəvi imperiyasında bu cür qadın hərəkətliliyinin və azadlıqlarının məhdudlaşdırılması daha çox şiə dindarlaşması ilə əlaqəli idi. Səfəvi imperiyasının sonlarında qadınlara çölə çıxma imkanı üzləri yalnız gözləri və burnu çöldə qala biləcək şəkildə örtündükləri halda verilirdi. lakin şah sarayının daxilində - hərəmxanada - qadınlar hələ də gücə malik idilər.[3]