Səid Tongiyev

Səid Tongiyev[1] (rus. Саит Таипович Тонгиев[2], inq. Сейт Томп-Хаджи Тонгиев[3]; 18811944[3] və ya 18821947[4]) — Rusiya çar ordusu, Azərbaycan Xalq Cümhuriyyəti ordusuQızıl Ordunun inquş əsilli zabiti. 1920-ci ildə 3-cü Şəki süvari alayının komandanı.

Səid Tongiyev
rus. Саит Таипович Тонгиев
Şəxsi məlumatlar
Doğum tarixi 1881 və ya 1882
Doğum yeri Bazorkino kəndi (indiki Çermen kəndi)
Vəfat tarixi 1944 və ya 1947
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası, Azərbaycan Xalq Cümhuriyyəti, SSRİ
Qoşun növü Süvari qoşunlar
Hərbi hissə

İnquş süvari alayı

1-ci Tatar süvari alayı
Rütbəsi podpolkovnik
Döyüşlər Birinci Dünya müharibəsi, Rusiya vətəndaş müharibəsi, Azərbaycan-Ermənistan müharibəsi (1918-1920)

Səid Tongiyev 15 yanvar 1882-ci il tarixində (başqa mənbəyə görə, 1881-ci ildə[3]) Bazorkino kəndində tacir[5] Teyp-Hacı Tongiyevin (öl.1932) ailəsində anadan olmuşdur[4]. Vladiqafqaz real məktəbini bitirmişdir[3]. 1909-cu ilin məlumatına görə, 15-ci qusar Ukrayna alayında Səid Tongiyev poruçik rütbəsində xidmət etmişdir[2]. Vəhşi Diviziyanın İnquş süvari alayının[6] tərkibində Birinci Dünya müharibəsində iştirak edib, Müqəddəs Georgi ordeni ilə təltif olunmuşdur[3][4].

Rusiya imperiyasının süqutu ərəfəsində Tongiyev podpolkovnik[5] (bəzi mənbələrə görə, polkovnik[3][4]) rütbəsi daşıyırdı[3][4]. Oktyabr inqilabından sonra o, bolşevikləri dəstəkləmişdir, 1917—1918-ci illərdə İnquş Qızıl ordusunun ştab rəisi olmuşdur[3][4] (başqa mənbədə isə Tongiyevin 1918-ci ilin yayında gələcəkdə İnquş Qızıl Ordusunu təşkil edən İnquş qeyri-nizami qoşunlarının ştab rəisi kimi göstərilir[5]). 1917-ci ildə isə İnquş Milli Şurasının katibi olmuşdur[5].

31 iyul 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyəti ordusuna xidmətə qəbul olunub, 1-ci Tatar süvari alayına təyin olunmuşdur[7]. Həmin ilin 12 sentyabrında 3-cü Şəki süvari alayına keçirilmişdir[8], dekabrın 18-də isə həmin alayın komandiri təyin olunmuşdur[9].

Həmin vəzifədə 1920-ci ilin Azərbaycan Xalq Cümhuriyyətinin ünvan-təqvimində (Адрес-календарь Азербайджанской Республики на 1920-й год. Баку, 1920) göstərilmişdir. Bu alay Tongiyevin başçılığı altında 1920-ci ilin mart ayının axırlarında və aprel ayında erməni üsyançılarına qarşı Qarabağ əməliyyatı zamanı Tərtər cəbhəsində böyük müvəffəqiyət qazanmışdı[10]. Tərtər ətrafında ümumi komandanlıq yaradılmamışdı və podpolkovnik Tongiyevlə 3-cü Gəncə piyada alayının komandanı podpolkovnik Kazımbəyovun fəaliyyəti Hərbi nazir S. Mehmandarov, ya da general Səlimov tərəfindən əlaqələndirilirdi[10].

3-cü Şəki alayında xidmət etmiş zabit Vəli bəy Yadigarovun xatirələrində o, çeçen Səid Tongiyev kimi qeyd olunub[1], Aprel işğalından sonra sovet hakimiyyətini dəstəklədiyi göstərilib[11]. Vəli bəyin zənn etdiyinə görə, Tongiyev sonradan Qızıl Ordunun əsgərləri tərəfindən linç edilib[11], amma başqa mənbələrdə Tongiyevin 40-cı illərdə vəfat etdiyi göstərilir[3][4].

  1. 1 2 Şəmistan Nəzirli. 1920-ci ildə Qarabağ döyüşləri Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine
  2. 1 2 "Тонгиев Саит Паитович". 2017-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-18.
  3. 1 2 3 4 5 6 7 8 9 Ахмет Уматгиреевич Мальсагов, Ингуши: краткая история, их участие в войнах России, s. 288.
  4. 1 2 3 4 5 6 7 Газета "Сердало" — «Их имена на плитах Мемориала»
  5. 1 2 3 4 Тимур Музаев, Союз горцев: русская революция и народы Северного Кавказа, 1917-март 1918 г. — s. 453
  6. «Россия и Кавказ в Первой мировой войне 1914-1918 гг.: основные военные кампании, геополитические и социо-культурные итоги» — s.108
  7. Сборник приказов по военному ведомству Азербайджанской Демократической Республики. II том. Баку: Маариф. 2018. səh. 137—138. ISBN 978-9952-445-20-13.
  8. Сборник приказов по военному ведомству Азербайджанской Демократической Республики. II том. Баку: Маариф. 2018. səh. 212—213. ISBN 978-9952-445-20-13.
  9. Сборник приказов по военному ведомству Азербайджанской Демократической Республики. II том. Баку: Маариф. 2018. səh. 527. ISBN 978-9952-445-20-13.
  10. 1 2 Mehman Süleymanov, Azərbaycan Ordusunun tarixi, II cild (noyabr 1918 – aprel 1920) — s. 616—621.
  11. 1 2 Azərbaycanlı zabit: “Bu Quran məni bəlalardan qoruyub”