Vəli bəy Yadigarov

Vəli bəy Yadigarov (31 oktyabr 1898, Təkəli, Borçalı qəzası13 dekabr 1971[1][2], Buenos-Ayres) — Rusiya Çar Ordusunda xidmət etmiş azərbaycanlı hərbçi, polkovnik.

Vəli bəy Yadigarov
Şəxsi məlumatlar
Ləqəbi Damazy
Doğum tarixi 31 oktyabr 1898(1898-10-31)
Doğum yeri
Vəfat tarixi 13 dekabr 1971(1971-12-13)[1][2] (73 yaşında)
Vəfat yeri
Dəfn yeri Varşava Müsəlman Tatar qəbiristanlığı
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti  Rusiya İmperiyası
Azərbaycan AXC
Polşa Respublikası
Qoşun növü Süvari
Rütbəsi polkovnik
Döyüşlər
Təltifləri 4-cü dərəcəli "Müqəddəs Georgi" xaçı "İgidliyə görə" medalı Cross of Valour Armia Krajowa Cross Gold Cross of Merit with Swords
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vəli bəy Sadıq bəy oğlu Yadigarov 1898-ci ildə Borçalının Təkəli kəndində zadəgan ailəsində anadan olmuşdur. Bu nəsildən 1918–1920-ci illərdə Milli Orduda səkkiz zabit şərəflə xidmət etmişdir: poruçik Nadir bəy, kornet Rəhim bəy, praporşik Adilbəy, poruçik Abuzər bəy, ikinci Qarabağ süvari alayında üçüncü bölüyün komandiri, ştabs-rotmistri Məmməd bəy, ikinci Qarabağ süvari alayında ikinci bölüyün rotmistri Daniyal bəy, podpolkovnik İsrafil bəy Həsən bəy oğlu və süvari diviziyasının rəis müavini general-mayor Davud bəy Yadigarovlar. Vəli bəy Yadigarov ilk hərbi təhsilini 1909–1916-cı illərdə Tiflis hərbi gimnaziyasında almışdır. 1916-cı ildən Vəli bəy Əlahiddə Qafqaz Korpusunun süvari hissələrində xidmət etməya başlamışdır. I Dünya müharibəsini Qafqaz cəbhəsində qarşılayan gənc kornet cəbhəyə göndərilmiş və məşhur Brusilov hücumunda iştirak etmişdir.

Fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

1918-ci ilin sentyabrından Milli Orduda korpus komandirinin yanında eskadron komandiri olmuşdur. XI Ordu Bakıya basqın edəndə üçüncü Şəki süvari alayının pərakəndə dəstəsilə vuruşa-vuruşa Gürcüstan ərzisinə çəkilmişdir. 1921-ci ilin martınadək bolşeviklərə qarşı vuruşmuş və həmin il əvvəlcə Türkiyəyə, sonra Polşaya mühacirətə getmişdir. Polşada "Armiya krayova" xalq ordusunda əməliyyat şöbəsində süvari rəisi və 10-cu süvari atıcılar əlahiddə diviziyasının komandiri olmuşdur. Polşada çıxan "Jiçe Varşavı" qəzeti 6 iyul 1990-cı il tarixli nömrəsində polkovnik Vəli bəy Yadigarov haqqında yazır: "Ötən şənbə Varşava qəbirstanlığında Vəli bəy Yadigar müsəlman-tatar qaydası ilə dəfn olunmuşdur. Dəfn fəxri qarovulun müşayiəti və hərbçi şöhrəti qaydaları ilə keçirilmişdir. Mərhumu son mənzilə yaxın qohumları, dostları, keçmiş alaydaşları yola salmışlar.

Yaylım atəşi açılmış, orkestr Şopenin dəfn marşını çalmışdır. Cənazə üzərində müsəlman ayinini Varşava və Belastok yeparxiyasının imamı Aleksandr Əli Şaletski icra etmişdir. Bəs polkovnik Yadigar kimdir? Müsəlmandır, Azərbaycan knyazıdır.

Bu qərib Polşa ordusu heyətində vuruşmuş, K. Soskovski adına yeddinci Ulan alayının zabiti olmuşdur. O,1920-ci ildə tabeliyində olan hissə ilə birlikdə Azərbaycanı tərk etmək məcburiyyətində qalmış, 1921-ci ilin mart ayında Polşada sığınacaq tapmış, müqavilə ilə polyak ordusu sıralarına daxil olmuşdur. Qruzdendə süvari məktəbini və Varşavada Ali Hərbi Məktəbi bitirdikdən sonra yeddinci süvari polkunun komandir müavini təyin edilmişdir. 1934-cü ildə mayor rütbəsinə yüksəlir.[3] Polyak qızına evlənmiş, polyak dilini öyrənmişdir. Keçmiş alaydaşları onu son dərəcə yüksək mədəniyyətə, sağlam həyat tərzinə malik insan, həm də olduqca tələbkar zabit kimi xatırlayırlar. Vəli bəy Polşaya hücum etmiş hitlerçi qəsbkarlara qarşı 1939-cu il 11 sentyabrda təşkil olunmuş müdafiə kompaniyasında iştirak etmiş, Mazovetski süvari briqadasının qərargah rəisi olmuşdur. Polşanın işğalından sonra Armiya Krayovanın (AK) tərkibinə daxil olan "Olen" polkunun komandiri kimi Varşava üsyanında iştirak etmişdir.

Müharibədən sonra Vəli bəy Yadigar Argentinaya mühacirət edib.[4] Argentinada Azərbaycan Türkləri Milli Ocağını qurub.[5] Bu təşkilatın sədri Vəli bəy, katibi Musa Yusifzadə olub.[6] 1960-cı ildə mühacirətdə çap olunan "Mücahid" jurnalın Vəli bəy Yadigarın 27 aprel işğal günü və həmin ərəfədə xidmət etdiyi 3-cü Şəki süvari alayının ruslara qarşı mübarizəsi ilə bağlı "40 illik köləlik nizamı" adlı xatirəsi dərc edilib.[7]

1971-ci il dekabrın 13-də Buenes-Ayresdə vəfat etmişdir. Öz vəsiyyəti ilə Polşada təkrar dəfn edilmişdir. Dəfn mərasimində mərhumun qızı — Züleyxa xanım Yadigar-Kalinovskaya da olmuşdur. O, hazırda milliyyətcə polyak olan əri ilə İspaniyada yaşayır. Onun ölümü ilə bağlı Türkiyədə Nihal Atsızın çap etdiyi "Ötükən" jurnalında nekroloq dərc olunub:[8]

" Bütün ömrü boyunca vətəni Azərbaycanın istiqlalı uğrunda rus imperialistlərinə qarşı savaşmış albay Vəli bəy Yadigar 13.12.1971-də Argentinada, Buenos-Ayresdə Tanrının rəhmətinə qovuşmuşdur. Bu ölüm Argentinadakı bütün milliyyətçi və dost çevrələrdə böyük üzüntü yaratmışdır. Öz Vətəninin istiqlalı uğrunda qardaş Türk ordusu ilə birlikdə imperialist rus ordusuna qarşı vuruşduqdan sonra hər şeydən qiymətli hesab etdiyi Vətənini qeyb edərək Polşaya sığınmış, Polşa ordusunda albaylıq rütbəsinə qədər yüksəlmişdir. Bütün həyatı boyunca heç bir vaxt milli mücadiləsindən vaz keçməmişdir. İkinci Dünya müharibəsindən sonra Argentinaya gələn Vəli bəy Yadigar burada da ömrünü yurdu üçün fikir mücadiləsi ilə keçirmişdir. Tanrıdan rəhmət diləyirik "
Vəli bəy Yadigarovun Varşava şəhərinin Praqa rayonunda ucaldılmış abidəsi.

Görkəmli hərbçi Vəlibəy Yadigarov haqqında sənədli film çəkilir. Filmi Tahir Vəliyev çəkir.[9] 2017-ci il sentyabrın 7-də Varşava şəhərində general-leytenant Süleyman bəy Sulkeviç və polkovnik Vəli bəy Yadigarovun xatirəsinə ucaldılmış abidənin açılışı olub.[10]

  1. 1 2 Veli bek Wacław Jedigar // NUKAT. 2002.
  2. 1 2 Veli bek Wacław Jedigar // MAK (pol.).
  3. Bayramov, Araz. "Polşanın gizli qəhrəmanı, azərbaycanlı polkovnik: kod adı "Damazy"". Yeni Müsavat. 2019-07-21. 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  4. Yaqublu, Nəsiman. Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası. Bakı: Qanun Nəşriyyatı. 2018. səh. 129. ISBN 978-9952-36-521-4.
  5. Ağayev, Mehman. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 200. ISBN 9789752552364. 2023-01-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-01-18.
  6. Əhməd, Dilqəm. "Argentinada Cümhuriyyət zabiti Musa Yusifzadə..." teleqraf.com. 2022-02-12. 2024-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-21.
  7. Əhməd, Dilqəm. "Aprel gecəsində tövlədə alınan qərar – Vəli bəy Yadigar və əsgərləri". teleqraf.com. 2018-11-08. 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  8. Əhməd, Dilqəm. ""Onların mübarək qanlarını necə unuda bilərik?!" - Vəli bəy Yadigar". teleqraf.com. 2023-06-26. İstifadə tarixi: 2024-08-12.
  9. Abdullayeva, S. Görkəmli hərbçi Vəlibəy Yadigarov haqqında sənədli film çəkilir: [Tahir Vəliyevin çəkdiyi sənədli film haqqında] //525-ci qəzet.- 2015.- 14 may.- S. 7.
  10. "Varşavada Azərbaycan hərbi xadimlərinin xatirəsinə ucaldılmış abidənin açılışı olub (FOTO)". az.trend.az. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 sentyabr 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]