Cahangir bəy Əli bəy oğlu Kazımbəyli (3 (15) mart 1885, Yelizavetpol, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 17 yanvar 1955, Berlin, Qərbi Berlin, Qərbi Almaniya) — Çar Rusiyasında, daha sonra Azərbaycan Xalq Cümhuriyyətində ordu zabiti, Gəncə alayında briqada komandiri, Gəncə üsyanının başçılarından biri.
Cahangir bəy Kazımbəyli | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 (15) mart 1885 |
Doğum yeri | |
Vəfat tarixi | 17 yanvar 1955 (69 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Rütbəsi | Polkovnik |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Cahangir bəy Kazımbəyli Tiflis Hərbi Məktəbinini bitirmiş, Birinci Dünya müharibəsində iştirak etmiş, Gəncə alayında briqada komandiri olmuş, sonralar Polşaya mühacirət etmiş, polkovnik rütbəsinədək yüksəlmişdir.[1]
Cahangir bəy Əli bəy oğlu Kazımbəyli 15 mart 1885-ci ildə[2][3] (qəbrində 1894-cü il[4][5] yazılmışdır) Gəncə şəhərində dünyaya gəlib. Tiflis gimnaziyasını və Tiflis Hərbi Məktəbini bitirib.[3] Birinci dünya müharibəsində Rusiya tərəfində vuruşub. Azərbaycan Demokratik Respublikasının Milli Ordusu yaradılanda Gəncəyə dönüb. Alay komandiri olub. Azərbaycanın müstəqilliyi əlindən alınanda onun düşmənlərinə qarşı mübarizəyə qalxıb. Cahangir bəy peşəkar hərbçiydi. Bilirdi ki, yeni hökumətə qarşı müqavimət silahlı yolla aparılmalıdır. O, Gəncə üsyanından bir qədər əvvəl həyat yoldaşı Valiyyə Xoyskini, altıaylıq oğlu Abbası qayınatası Hüseynqulu xanla İrana yola salıb özü doğma şəhərinə dönmüş, mübarizəyə başlamış və Gəncə üsyanına başçılıq etmişdi.
Az sonra marşal Yuzef Pilsudskinin dəvəti ilə Varşavaya köçüb. Polşa ordusunda diviziya komandiri olub. "Prometey" cəmiyyətində istilaçı ruslara qarşı mübarizədə həyat yoldaşı Valiyə xanım Xoyskiylə birgə çalışıb. Onlar Azərbaycan dilində qəzet və jurnal nəşr etmiş, "Azəri-türk" dərnəyini yaratmışlar. Böyük Vətən müharibəsi vaxtı Polşa işğal olunanda əsir düşüb. Sovet əsirliyindən qaçıb əvvəlcə Almaniyada, sonra isə İtaliyada yaşayıb. Əllinci ildə yenidən İstanbula gəlib, ağır güzəran keçirdiyindən Almaniyaya köçüb, ömrünün sonuna kimi "Azadlıq" radiosunda əməkdaşlıq edib.
1953-cü ildə Amerikada nəşr edilən "Azərbaycan" milli jurnalının 12-ci nömrəsində polkovnik Cahangir bəy Kazımbəyovun "Gəncə üsyanı haqqında xatirələr" adlı sanballı yazısı dərc olunub.
Cahangir bəy 1955-ci il yanvarın 17-də Almaniyada müəmmalı şəkildə dünyasını dəyişib. Belə ki, bir qadın gediş-dönüş təyyarə bileti göndərdiyi C. Kazımbəyli onunla bir restoranda görüşdükdən sonra həyatla bidalaşıb. Mühacirət mətbuatında onun ölümünün SSRİ xüsusi xidmət orqanlarının təşkil etdiyi siyasi terror olduğu yazılıb. Ən çox qəbul edilən versiya zəhərlənərək öldürülməsidir.[2] Gəncə üsyanının 3 rəhbərindən biri polkovnik Cahangir bəy Kazımbəylinin məzarı Berlinin Şəhidlik Məscidininin həyətində olan məzarlıqda yerləşir.[5]
Cahangir bəy də, silahdaşları da ilk gündən Sovet hökumətinə düşmən münasibət bəsləyirdilər. Onlar "XI ordu"nun işğalçılıq məqsədilə gəldiyini yaxşı bilirdilər. Ancaq ona qarşı dərhal silahlı mübarizəyə qalxmadılar. Bunun səbəbini o dövrdə yaranmış siyasi, iqtisadi və sosial vəziyyətdə axtarmaq lazım gəlir. Bolşeviklər xalq kütlələrini yaxşı tanıyırdılar. Ona təsir etmək üsulunu bilirdilər.
Cahangir bəy xatirələrində qeyd edirdi ki, 1920-ci ilin may ayının 24-dən 25-nə keçən gecə artıq onlar şəhərdəki bolşevik ordusunu tərk-silah eləyib, burada hakimiyyəti ələ almışdılar. Şiddətli döyüşlərdən biri mayın 28-də oldu. Həmin vaxt həm Sovet hökuməti "XI ordu"nun zərbə qüvvəsini Gəncəyə göndərmişdi, həm də mayın 28-i Azərbaycanın istiqlalı günü idi. Camaatda bayram əhval-ruhiyyəsi var idi. Belə bir gündə bolşeviklər Gəncə üsyançılarına elə divan tutmaq istəyirdilər ki, bu, Azərbaycanın digər əraziləri üçün dərs olsun, Sovet hökumətinə qarşı mübarizəyə qalxmağın böyük faciələrə gətirib-çıxaracağını anlasınlar.
Mayın 28-də qanlı döyüş oldu. Bolşeviklər məqsədlərinə çata bilmədilər. Cahangir bəyin bu həlledici döyüşdən əvvəl bir neçə hərbçi ilə Gəncənin ətrafını gəzib, düşmənlərin hücum istiqamətini düzgün müəyyənləşdirərək əsas qüvvəni məhz o istiqamətə yönəldə bilməsi, eləcə də hərbçilər arasında aparılan söhbətlər, yerli əhalinin köməyi mayın 28-də şəhərin "XI ordu" tərəfindən tutulmasına imkan vermədi.
Ancaq vəziyyət son dərəcə ağır idi. Cahangir bəyin planları pozuldu. Qarabağa yola saldıqları zabitlər qırmızılar tərəfindən Gəncə-Yevlax yolunda saxlanılaraq qətlə yetirilmişdilər. Gürcüstandan isə səs-soraq yox idi. Həmin gecə — mayın 28-də Gəncə üsyançılarına çatan xəbər ürəkaçan deyildi: Gürcüstan Rusiyayla müqavilə imzalamışdı.
Cahangir bəy vəziyyəti belə təhlil edir: "...Daimi surətdə yeni-yeni yardım qüvvələri almaqda olan XI ordunu məğlub etmək quru xəyal ola bilərdi. Mənim yeganə məqsədim son imkana qədər çarpışmaq idi".[6]
Birinci dəfə Krımlı polkovnik İsmayıl Mirzə Müftizadənin kiçik qızı Məryəm Müftizadə ilə,[7][8] ikinci dəfə isə Hüseynqulu xan Xoyskinin qızı Valiyyə Xoyskaya-Kazımbəyli ilə ailə qurmuşdu. Məryəm xanımdan Nigar adlı qızı, Valiyyə xanımdan Abbas bəy, Mustafa bəy, Əli bəy adlı oğulları vardı.[2]