Səriyyə Xəlilova

Səriyyə XəlilovaƏli Bayramov adına Qadın klubunun tikiş fabrikinin işçisi[1] Azərbaycanda qadınların çadradan azad olması hərəkatının fəallarından və çadrasını atan ilk qadınlardan biri idi.[1]

Səriyyə Xəlilova
Doğum tarixi
Vəfat tarixi
Vəfat yeri SSRİ, Azərbaycan SSR, Bakı
Vəfat səbəbi Qətl
Üzvlüyü

Səriyyə Xəlilova 1933-cü ilin yanvarında Bakıda doğmaları – atası və qardaşı tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.[1] Bu cinayət mövhumatçı kəsimin yenilikçi qadınlara qarşı çıxmasının tipik nümunəsi sayılır. Belə ki, Səriyyə Xəlilova Azərbaycanda qadınların çadradan azad olması hərəkatının fəallarından və çadrasını atan ilk qadınlardan biri olmuşdur.[1]

Səriyyə Xəlilovanın dəfn mərasimi qadınların köhnə, patriarxal-mövhumatçı məişətinin dayaqlarına qarşı ciddi etiraz nümayişinə çevrilmiş,[1] minlərlə qadın dəfn mərasiminə qatılmışdır.[1] Fabrik, zavod, kolxoz və sovxozlarda işçi və kəndli qadınlar Səriyyənin öldürülməsi ilə bağlı dərin hiddətlərini bildirmiş və öz hüquqları uğrunda daha inadla mübarizə aparacaqlarına and içmişdilər.[1]

Azərbaycanın ilk qadın neft mühəndisi olan Füruzə Kərimovanın qızı Rəbiyyə Sultanzadə bu haqda belə xatırlayır:

"Anam danışırdı ki, Qadın klubunun fəalı Səriyyə Xəlilovanın həlak olduğu günü heç vaxt unutmayacaq. Onu idman kostyumu geyindiyinə görə, atası və qardaşı qətlə yetirir. Onun tabutunun arxasınca gedən bir çox qadınlar əl-ələ verərək çadralarını çıxarıb tulladılar. Bu, əsl qadın tətili idi və bu haqda onun iştirakçıları əvvəldən heç düşünməmişdilər də."[1][2]

Səriyyə Xəlilovanın xatirəsi cəmisi 1 il sonra "İsmət" (digər adı — "Adətin məhvi") bədii filminin çəkilişləri ilə əbədiləşdirilir.[1] Bu film təkcə Səyyarənin xatirəsinə yox, həm də Azərbaycanın ilk qadın təyyarəçisi Leyla Məmmədbəyovaya həsr edilmişdir.[1] Belə ki, rejissor ümumiləşdirmə apararaq, Azərbaycan qadınlarının taleyini əks etdirmişdir.[3]

Filmin rejissoru Mikayıl Mikayılov öz xatirələrində yazırdı:

"1933-cü ildə qətlə yetirilən Səriyyə Xəlilovanın dəfni demək olar ki, bütün Bakını ayağa qaldırmışdı. Cənazə Əli Bayramov adına Qadın klubundan götürüldü. Həmin Azərbaycan qadınının obrazını ümumiləşdirərək əsərimin qəhrəmanı, peşəsini isə təyyarəçi etdim. Bu, həm kino üçün yeni əlverişli sahə, həm də simvolik mənada yüksəklərə ucalmağa səy edən Azərbaycan qadınları üçün xarakterik idi…"[1]

"İsmət" filmindən başqa, 1927-ci ildə istehsal olunmuş "Oktyabrın on illiyi" adlı sənədli filmdə Əli Bayramov adına ilk qadınlar klubunun işi və bu klubun əsasını qoyan Ceyran Bayramova ilə yanaşı Səriyyə Xəlilovanın da təşkilatçılığı öz əksini tapmışdır.

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 Məmməd Süleymanov. Azərbaycanda çadra əleyhinə hərəkat — Səriyyə Xəlilovanın Bakını ayağa qaldıran qətli[ölü keçid]. teleqraf.com  (az.)
  2. Rəbiyyə Sultanzadə. "Neft komandiri". "Xalq qəzeti", 10 mart 2010.  (az.)
  3. Zöhrə Fərəcova. SƏMANI FƏTH EDƏN QADIN Arxivləşdirilib 2021-05-12 at the Wayback Machine. regionplus.az, 11.11.2014  (az.)