Səyyar Əliyev

Əliyev Səyyar Vəli oğlu (17 mart 1949, Azərbaycan,Ağcabədi rayonu) — Azərbaycan rəssamı, tarix üzrə fəlsəfə doktoru.[1][2][3]

Səyyar Əliyev
Doğum tarixi (74 yaş)
Doğum yeri Azərbaycan,Ağcabədi rayonu
Milliyyəti Azərbaycanlılar
Fəaliyyəti Rəssam, Pedaqoq, tarixçi
Təhsili Azərbaycan Politexnik Universitetində
Janrlar Peyzaj, Natürmort
Tanınmış işləri "Qarabağ mənzərəsi", "Cıdır düzünün həsrəti"

Həyatı[redaktə | mənbəni redaktə et]

Səyyar Əliyev 17 mart 1949-cu ildə Ağcabədi rayonunun Xocavənd kəndində dünyaya gəlib. Atası Vəli də, anası Suqra da Azərbaycan dili, ədəbiyyat muəllimi olmuşlar. Əslən Şuşalıdır.Səyyar Əliyev orta məktəb təhsilini Şuşa və Ağcabədidə almışdır. İstehsalat kombinatında mühəndis vəzifəsində çalışmışdır. Şuşadakı Qarabag istirahət mərkəzində müdir işləmişdir. Hələ kiçik yaşlarından rəssamlığa xüsusi marağı olmuşdur. O, məktəb illərindən etibarən bir çox rəsm müsabiqələrinə qatılaraq uğurlar əldə edir. Rəngkarlığa böyük meyli olsa da ali təhsilini Azərbaycan Politexnik Universitetində tamamlayır. Tələbəlik illərini başa vuran Səyyar Əliyev 1973-75-ci illərdə təyinatı üzrə sahələrdə, 1976-90-cı illərdə Şuşa şəhərində ayrı-ayrı müəssisələrdə müxtəlif vəzifələrdə çalışmışdır. 1990-92- ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetetinin Şuşa filialında, 1992-94-cü illərdə Ağcabədi filialında pedaqoq kimi fəaliyyət göstərmiş, 1994-cü ildən etibarən isə Bakıda Azərbaycan Dövlət Pedaqoji Universitetin "Təsviri incəsənət və onun tədrisi texnologiyası" kafedrasında müəllim vəzifəsində çalışır. Uşaqlıq, gənclik illəri, Qarabağ torpağında keçirən Səyyar Əliyevin rəssamlıq üzrə xüsusi təhsili olmasa da vətənə, torpağa, insana aid elementlər var. Kətan üzərində yağlı boya texnikasından istifadə edən rəssam əsərlərində müxtəlif janrların bədii xüsusiyətlərini əks etdirir. Səyyar Əliyev uşaq rəssamlıq yaradıcılığının təbliğatına görə bir sıra diplom və fərmanlara layiq görülmüşdür. O, Uşaq İncəsənət Mərkəzini öz vəsaiti hesabına təşkil etmişdir. Hazırda da pedaqoji fəaliyyətlə məşğul olur. 2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Dünya Sülh səfiri, Qızıl qələm və bir çox media mükafatlarına, fəxri diplomlara layiq görülmüşdür. Səyyar Əliyevin bir qızı, bir oglu və 3 nəvəsi var.[4][2][3]


Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Səyyar Əliyev müxtəlif janrlara müraciət edib. Xüsusən mənzərə janrında olan əsərləri üstünlük təşkil edir. O, Qarabağın, xüsusilə də Şuşanın təbiətini tamaşaçıya təqdim edir. "Qarabağ mənzərəsi", "Payız", "Cıdır düzünün həsrəti", "Odlar yurdu", "Sarıqayanın həsrəti", "Xəzərin sahilində", Şuşa qalası” adlı mənzərələrini misal göstərmək olar. Rəssam çox zaman mənzərə janrlı əsərlərində konkret məkanı əks etdirməkdən uzaq olur. Yaradıcılığının hər bir dövründə yaratdığı tablolarında vətənin ağrılı, acılı günlərini böyük kədər ilə düşündürücü amma bir qədər də gələcək ümidi ilə təqdim edir. “Alov içində yanan qız”, “Şuşa faciəsi”, “Azərbaycan faciəsi”, “Əzablı yollar”, “Xocalı faciəsi” adlı əsərlərini nümunə kimi göstərmək olar.

Səyyar Əliyev mənzərələrdən əlavə süjetli tablolar da yaratmışdır. Çoxfiqurlu kompozisiyalarını eskiz hazırlamadan birbaşa təsvir edərək duyğularını özünəməxsus şəkildə kətan üzərinə köçürür. "Nur dəryası", "Dostlar", "Həyat toru", "İnsanlar, talelər", " Rəssam dünyası", "Sirli dünya", "Azad bir quş idim, "Qovuşanlar", "Analar, ümidlər", "Bənövşəyi xəyallar", "Sevincdi, kədərdi dünya", "Şeytanın hiyləsi", "Təzadlı dünya" triptixi, "Məhəbbət" adlı mücərrəd kompozisiyası belə əsərlərdəndir. Tabloların hər bir detalında bəşəri duyğuların kəskin ifadəsi, insan münasibətləri yadda qalan formada öz əksini tapmışdır.

Səyyar Əliyev natürmort janrına da müraciət etmişdir. Hər bir əsərində rənglərin uğurlu harmoniyası ilə duyğuların vəhdətli ifadəsi əsərin cəlbediciliyini artırmaqla yanaşı insanların diqqətini çəkir. İstedadlı rəssamın natürmort janrına fərqli yanaşmalarla təsvir etdiyi əsərlərindən "Günəbaxanlar", "Narlar", " Meyvələr", "Mis qablarla xalça" adlı əsərləri misal göstərmək olar. Səyyar Əliyevin Bakıda bir çox fərdi sərgiləri keçirilmişdir. Eyni zamanda müxtəlif sərgilərin iştirakçısı olmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Muzey Mərkəzində keçirilən Şuşanın işğalının 20 illiyinə həsr olunmuş sərgi. 2012-ci ildə İstiqlal muzeyində Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının ildönümünə həsr olunmuş sərgi. 2013-cü ildə Şuşanın işğalına həsr olnumuş sərgidə. Şərq Qalereyasında “Şuşa-Qarabağ” adlı və s. sərgilərdə iştirak etmişdir.[1][2][3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Tanınmış rəssam Səyyar Əliyevin möhtəşəm əl işləri – Sərgi". mia.az (az.). 15-11-2013. 24 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2022.
  2. 1 2 3 QALEREYASI, AZƏRBAYCAN DÖVLƏT RƏSM. "Əsərlərində Qarabağ həsrəti duyulan rəssam Səyyar Əliyev". azgallery.az (az.). 25.08.2020. 24 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2022. (#redundant_parameters)
  3. 1 2 3 Rauf İlyasoğlu. "Möcuzələr aləminə səyahət- FOTO". XeberTime.Az (az.). 1-03-2021. 24 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2022.
  4. "Rəssam: "Yaradıcılığımın əsas səbəbi Şuşadır" - VİDEO". Report İnformasiya Agentliyi (az.). 29 Mart , 2021. 24 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2022.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

[1] [2]

  1. "Rəssam: "Yaradıcılığımın əsas səbəbi Şuşadır"". Youtube.com (az.). Mar 29, 2021. September 28, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2022.
  2. "Şuşalı rəssam Səyyar Əliyevin Şuşa ilə bağlı xatirələri..." Youtube.com (az.). Dec 15, 2020. September 24, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2022.