Rəngkarlıq

Rəngkarlıq - Təsviri sənətin bir qoludur.

Rəngkarlıq qədim dövrlərə dayanan sənətdir.

Azərbaycan rəngkarlıq sənəti

[redaktə | mənbəni redaktə et]

Azərbaycan rəngkarlığı təsviri incəsənətin qədim və zəngin tarixə malik olan əsas növlərindən biridir. İlk rəngkarlıq nümunələri hələ ibtidai icma quruluşu dövründə meydana gəlmişdi. Rəngkarlıq sənəti bədii-estetik cəhətinə görə monumental rəngkarlıq, teatr-dekorativ rəngkarlıq, dəzgah rəngkarlığı, miniatür rəngkarlıq növlərinə bölünür. Dəzgah boyakarlığına aid əsərlər molbert üzərinə bənd edilmiş kətan, taxta lövhə, karton və divar üzərində yağlı boya ilə çəkilir, məzmununa və funksiyasına görə müstəqil səciyyə daşıyır.

Azərbaycan coğrafi mövqe etibarı ilə şərqə daha çox yaxın olduğuna görə miniatur sənəti burda daha çox inkişaf etmişdir. Zaman keçdikçə, dövlətlər arasında əlaqələr genişləndikcə rəngkarlıq bura da gəlmişdir.

Azərbaycan rəngkarlarından dövr etibarı ilə Əzim Əzimzadə, Bəhruz Kəngərli, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Vəcihə Səmədova, Davud Kazımov, Tahir Salahov, Fərman Qulamov və bir çox rəssamın adını çəkmək olar. Adlarını sadaladığımız rəssamlar rəngkarlığın əsasən klassik dəzgah, monumental janrlarında əsərlər yaratmışlar. Sözsüz ki, kinematoqrafiya, müasir janrlara da müraciət etmişlər.

Rəngkarlıqda tempera, pastel, akvarel texnikasından istifadə olunur. Rəngkarlıq məzmun etibarilə mifoloji, məişət, mənzərə, natürmort, tarixi və s. janrlara bölünür. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv və ritm kimi təsvir vasitələri ilə konkretləşdirilir. Kolorit, rəngkarlıq əsərinin başlıca təsvir vasitəsidir. Rənglərin bir-birinə uyarlığı, ahəngdarlığı əsərin koloritini təşkil edir. Əsərin hansı rəng tonunda işlənməsi onun məzmunundan asılı olaraq dəyişir. Ona görə də tablonun koloriti isti və soyuq, açıq və ya tutqun, yumşaq və ya sərt, cazibədar və ya sönük ola bilər.

Azərbaycan dəzgah rəssamlığının banisi Mirzə Qədim İrəvani hesab olunur. O, Avropa üslublarını rəsm və dekorativ rənglərlə birləşdirərək portret rəssamlığına keçirdi. İrəvaninin “Gənc oğlanın portreti” və “Gənc qadının portreti” kimi əsərləri bu qəbildəndir.

XVII əsrdən XIX əsrədək Azərbaycan rəssamları yağlı boyadan istifadə edərək yaşayış yerlərinin, sarayların, hamamların bəzədilməsində iştirak edir, təkcə dekorativ motivlər yox, həmçinin tarixi portretlər, ov və müharibə səhnələri çəkirdilər. XVIII əsrdə feodallara aid evlərdə, əsasən nəbati motivlərdən ibarət divar rəsmləri ortaya çıxırdı. Bu rəsmlərə quş, heyvan və insan şəkilləri də daxildir. Bu dövrdə tikilmiş Şəki xan sarayının yuxarı mərtəbəsinin tavanındakı rəsmlər Abbasqulu adlı rəssam tərəfindən çəkilmişdi.

Orta əsrlərdə Azərbaycan rəssamları, əsasən kalliqrafiya (xəttatlıq) ilə məşğul olurdular. Bu dövrdə Azərbaycanda kitablara illüstrasiya çəkilməsi ənənəvi hal almışdı. Azərbaycan dilində yazılmış XVIII əsrə aid “Kəlilə və Dimnə” əlyazmasındakı sulu boya, lələk və mürəkkəblə çəkilmiş rəsmlər belə illüstrasiyalardandır. Əvəzəli Muğanlı ("Kəlilə və Dimnə", 1809), Mirzə Əliqulu ("Şahnamə", 1850), Nəcəfqulu Şamaxılı ("Yusif və Züleyxa", 1887) dövrün məşhur miniatürçüləri kimi tanınırdılar.

Mir Möhsün Nəvvab akvarel rəsmlər, kitab miniatürləri, bina və məscidlər üzərində bəzəklər çəkirdi. Müstəvi, dekorativ, ornamental divar rəsmləri, gül və quş təsvirli rəsmlər, şəxsi əlyazmalarındakı illustrasiyalar onun yaradıcılığı üçün xarakterikdir.

1920-ci ildə Bakıda ilk rəssamlıq məktəbi açılmış, 1932-ci ildə Azərbaycan Rəssamlar İttifaqı yaradılmış, 1940-cı ildə Azərbaycan rəssamlarının ilk qurultayı keçirilmişdi. Qəzənfər Xalıqov, İsmayıl Axundov, Altay Hacıyev, Kazım Kazımzadə kimi görkəmli rəssamlar həmin dövrdə yaşayıb yaratmışlar.

Azərbaycanda realist dəzgah rəngkarlığının banilərindən biri olan Bəhruz Kəngərlinin çəkdiyi mənzərə rəsmlərində təbiət gözəllikləri, mədəniyyət abidələri, ilin fəsilləri əks olunmuşdu. O, Əzim Əzimzadə ilə birlikdə Sovet Azərbaycanında təsviri sənətin əsasını qoymuşdu. Əzim Əzimzadə Bakıda rəssamlıq məktəbi açan ilk peşəkar rəngkarlardan biridir. Müasir Azərbaycan yağlı boya rəssamlığının banisi isə “Bibi-Heybət məscidi” və “Şeyxülislamın portreti” əsərlərinin müəllifi Əli bəy Hüseynzadədir.

XX əsrin ikinci yarısında yaşayıb-yaratmış məşhur rəngkarlardan Əzim Əzimzadə, Bəhruz Kəngərli, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Vəcihə Səmədova, Davud Kazımov, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Maral Rəhmanzadə, Rasim Babayev, Tahir Salahov, Fərhad Xəlilov, Cavad Mircavadov, Əşrəf Muradov, Qorxmaz Əfəndiyev, Kamal Əhmədov, Tofiq Cavadov, Sənan Qurbanov, Altay Sadıxzadə, Arif Əzizov, Fərman Qulamov və başqalarının adını qeyd etmək olar.

Rəngkarlıq və qadın

[redaktə | mənbəni redaktə et]

Uzun əsrlər boyu qadınlar, əslində, "sərbəst" incəsənət növlərinə yaxın buraxılmırdı, ədəbiyyat və ya rəngkarlıqla məşğuliyyət isə onlar üçün qəbahətli, nalayiq bir iş sayılırdı. Cəsarət edib, bu işlə məşğül olan qadınlar ya təxəllüs altında gizlənir, ya da ictimaiyyət tərəfindən pislənirdilər. Belə ki, AmerikaAvropada yalnız XX əsrin əvvəllərində rəngkar qadınlara rəssam hazırlığı üçün vacib amil olan naturadan şəkil çəkməyə icazə verilmişdir.

Azərbaycan incəsənətində çoxsaylı qadın portretləri yaratmış Vəcihə Səmədova, Maral Mustafazadənin əsərləri, respublikamızın rəngkarlıq tarixində parlaq səhifə təşkil edən E.Şaxtaxtinskaya, Güllü Mustafayeva, Reyhan Topçubaşovanın adları çəkilə bilər. Onların yaradıcılığı milli mədəniyyətin ən yaxşı ənənələri və dünyanın ümumbəşəri nailiyyətləri ilə sıx bağlıdır. Vəcihə Səmədova 20-ci əsrin ən yaxşı qadın rəngkarı hesab olunurdu.

  1. Tofiq Cavadov: rəngkarlıq, qrafika. Mətnin müəllifi: Dilarə Vahabova. Bakı-2013;
  2. Tağı Tağıyev: rəngkarlıq, qrafika. Mətnin müəllifi: Gülnaz Quliyeva. 2013;
  3. Vəcihə Səmədova: rəngkarlıq, qrafika. Mətnin müəllifi: Toğrul Əfəndiyev, 2013