Samsunspor — Türkiyənin Samsun şəhərini təmsil edən və 1965-ci ildə qurulmuş futbol klubu.[1]
Samsunspor | ||||
---|---|---|---|---|
Klubun tam adı | Yılport Samsunspor Futbol Klubu Anonim Şirkəti[1] | |||
Ölkə | Türkiyə | |||
Ləqəb(lər) | Kırmızı Şimşekler, Kırmızı-Beyazlılar, Atatürklü Arma, Kuzeyin Kralı, King of the North | |||
Rəng(lər) | qırmızı-ağ-qara | |||
Yaranma tarixi |
1927 (həvəskar) 30 iyun 1965 (peşəkar)[2] |
|||
Stadionu | Yeni 19 May stadionu | |||
Tutumu | 33.919 | |||
Prezidenti | Robert Yüksel Yıldırım | |||
Baş məşqçisi | Hüsəyin Əroğlu | |||
Liqa | 1-ci Liqa | |||
2022-23 | 1. (Çempion) | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Samsun şəhərini təmsil edən Samsunsporun əsası 1927-ci ildə qoyulsa da rəsmi yaranma tarixi peşəkar olduğu 30 iyun 1965-ci il kimi qəbul olunub.[3] Samsunspor qurulduğu ilk illərdə ev oyunlarını Samsun şəhər stadionunda oynasa da 23 fevral 1975-ci ildə Trabzonsporla oyunla 19 May stadionuna köçmüşdür və indiyədək bu stadionda oynamaqdadır.[4]
Samsun vilayətinin ən tanınmış və uğurlu klubu olan Samsunspor 23 tur boyunca Türkiyə çempionatında lider qalmış və bu göstəriciyə əsasən çempionat tarixində 7-ci yerdədir. Həmçinin Türkiyə çempionatları tarixində ən çox xal toplamış 10-cu klub və Türkiyə 2-ci Liqasında ən çox çempion olan klubdur.[5]
Samsun vilayətində Samsunsporla rəqabətdə olan digər klub yoxdur. Samsunsporun ən böyük rəqibi Trabzon təmsilçisi Trabzonspordur. Əslində klubun digər Qaradəniz klubları ilə oynadığı digər oyunlar da Qaradəniz derbisi adlandırılır. Klubun rəngləri qırmızı-ağdır.
Samsunsporun əvəzedici heyəti isə Samsunspor A2-dir. Burada gənc oyunçuların yetişdirilməsinə böyük əhəmiyyət verilir.[6]
28 dekabr 2014-cü ildə klubun verdiyi açıqlamaya əsasən Samsunsporun 41.221.114 TL borcu vardır.[7] Samsun bələdiyyəsinin apardığı işlər nəticəsində Samsun şəhəri ilə Fransanın Bordo şəhərləri arasında müqavilə imzalanmış, beləliklə Samsunspor FK ilə Bordo FK qardaş kluba çevrilmişdirlər.[8]
Samsunda qurulan ilk futbol klubu 1909-cu ildə Tevfiri Efqar Gənclər Klubu olmuşdur.[3] Bu futbol klubu Samsun limanının prezidenti tərəfindən qurulmuşdur, amma Balkan müharibələri nəticəsində bağlanmışdır. Daha sonra 1912-ci ildə tələbələr tərəfindən klub olmayan komanda yaradılmış və bu cəhd də uzun müddət davam etməmişdir.[3] 1919-cu ildə Samsunun ikinci futbol klubu olan Samsun İdman Yurdu fəaliyyətə başlamışdır.[9] Tahir Ustanın başçılığı altında qurulan bu klubun rəngləri sarı-qırmızı idi. 1921-ci ildə isə Qiyas Bəyin prezidenti olduğu Ay-Ulduz İdman Ocağı yaradılmışdır . Sarı-göy rənglərə sahib olan bu klub 1924-cü ildə Mustafa Kamal Atatürk tərəfindən ziyarət edilmişdir.[10] 1923-cü ildə isə Zəfəri Milli İdman Dərnəyi futbol klubu yaradılmışdır. Qırmızı-ağ rəngli formalar geyən komandanın ilk prezidenti İsmayıl Hamamı Bəy idi.[11] Həmin dövrdə Samsunda sonradan Türkiyə İdman Cəmiyyətləri İttifaqının qurucularından olan Bafra Qızılırmaq və Çərşənbə Yaşılirmaq klubları fəaliyyətə başladı. Beləcə ilk rəsmi qarşılaşmalar keçirilməyə başlanmışdır. Növbəti illərdə Cümhuriyyət Qızılirmaq və Gənclər Birliyi klubları quruldu.
1926-cı ildə Zəfəri Milli İdamn Dərnəyi adını dəyişdirərək Türkocağı İdman Şöbəsi adlandırılmışdır.[9] 1927-ci ildə isə Türkocağı İdman Şöbəsi ilə Ay-Ulduz İdman Ocağı birləşərək Samsunspor klubunu əmələ gətirdilər. Həmin il Bafra Qızılirmaq və Cümhuriyyət Qızılirmaq birləşmiş və Bafra Gənclərbirliyi yaradılmışdır.[12]
Qara-ağ rənglərə sahib Samsunspor 1930-cu ildə bağlanmış və Xalqsporla birləşmişdir.[9] Lakin 1931-ci ildə Samsunspor yenidən açılmışdır. Bu zaman klubun futboldan əlavə voleybol, atletizm və dənizçilik şöbələri mövcud idi.[13]
1932-ci ildə Samsunspor Samsun İdman Yurdu, Xalqspor, Tütün Fabrikispor və Dəmirspor ilə birlik yaratdılar.[9] 1937-ci ildə isə Samsunspor Dəmirsporla Samsun-Dəmirspor Birliyini yaratmışdılar. Fasilələrlə fəaliyyət göstərən klub 16 noyabr 1950-ci ildə fəaliyyətini bərpa etmiş və prezidenti Osman Gündüz olmuşdur.[14] Bu zaman həmçinin güləş şöbəsi yaradılmışdır.[3]
30 iyun 1965-ci ildə Samsundakı 5 həvəskar futbol klubu olan Samsunspor, 19 May, Fənər Gənclik, Axınspor və Samsun Qalatasaray Gənclik klubları Ticarət Bankı vəkili Kadri Ersanın başçılığı altında birləşərək rəngləri qırmızı-ağ olan vahid Samsunspor klubunu əmələ gətirmiş[9] və Türkiyə 2-ci Liqasına qatılmışdırlar.[3] Beləliklə Samsunspor peşəkarlaşmışdır. 1965-ci il 15 iyulda isə klubun müraciəti Bədən Tərbiyəsi Ümumi Müdirliyi tərəfindən təsdiqlənmişdir. Klubun həmin dövrdə futbol, basketbol, voleybol, atletizm, güləş, stolütü tennis və boks şöbəsi mövcud idi.[2]
Samsunspor ilk dəfə 1965–66 mövsümündə Türkiyə 2-ci Liqasına qatılmışdır. 5 sentyabr 1965-ci ildə ilk peşəkar oyununa çıxan Samsunsporun rəqibi Yaşıldirək idi.[15] Samsun şəhər stadionunda oynanan və Nadir İrmağın baş hakim olduğu oyunda Nihat Sərməçənin yeganə qolu ilə Samsunspor qalib gəlmişdir.[16] Beləliklə Nihat Sərməçə Samsunspor tarixində ilk qolu atmış oyunçu oldu. Liqadakı ilk mövsümündə Samsunspor Ağ qrupun 5-cisi olmuşdur.[17] Türkiyə kubokunda isə 2-ci turda Ankara Günəşspora uduzdular.[18] 1966–67 mövsümündə isə Samsunspor liqa ikincisi olmuş və Türkiyə kubokunun yarımfinalına qədər gəlmişdir.[19] Türkiyə kubokunda Manisaspor, Konyaspor və Fənərbaxçanı məğlub edən Samsunspor sonda Göztəpəyə uduzmuşdu.[20] Növbəti mövsüm isə Kamran Soyqırayın başçılığı ilə Ağ qrup lideri olaraq 2-ci Liqanın çempionu olmuşdurlar.[21]
1969–70 mövsümündə Türkiyə çempionatına qatılan Samsunspor 6-cı yerlə kifayətlənmişdir.[22] Beləliklə Samsunspor Türkiyə çempionatında iştirak etmiş ilk Qaradəniz klubu olmuşdur. Beş mövsüm Türkiyə çempionatında mübarizə aparan Samsunspor 1974–75 mövsümündə liqanı 24 xalla 15-ci yerdə tamamalayaraq yenə 2-ci liqaya yuvaralanmışdır.[23] Bu səbəblə baş məşqçi Basri Dirimlili istefaya göndərilmiş və Kamran Soyqıray yenidən bu posta gətirilmişdir. 1975–76 mövsümündə Soyqıray Samsunsporu yenidən Ağ qrup çempionu edərək Türkiyə çempionatına vəsiqə qazandırmışdır.[24] Həmçinin həmin mövsüm Gənclik və İdman Nazirliyi Kubokunda Bursasporu 2:1 məğlub edən Samsunspor kuboku başı üzərinə qaldırmışdır.[25]
1976–77 mövsümündə Samsunspor Türkiyə çempionatında 10-cu yeri tutmuşdur.[26] Türkiyə kubokunda isə 3-cü turda mübarizədən dayandırmışdır.[27] Samsunspor 2 mövsüm daha çempionatda oynadıqdan sonra təkrar 1978–79 mövsümündə aşağı dəstəyə düşmüşdür.[28] 1981–82 mövsümündə Samsunspor Fevzi Zəmzəmin başçılığı altında 2-ci Liqanın D qrupunu lideri kimi Türkiyə çempionatına qayıtmışdır.[29] 1982–83 mövsümündə isə əfsanəvi oyunçu Tanju Çolak transfer edilmişdir. Tanju Çolak 16 qol ataraq bombardirlik cədvəlində 2-ci olsa da Samsunspor həmin mövsüm yenə 2-ci liqaya düşmüşdür.[30]
1984–85 mövsümündə Fethi Dəmircan baş məşqçi olmuşdur. Həmin mövsüm Samsunspor C qrupunu 1-ci bitirərək Türkiyə çempionatına yüksəlmişdir.[31]
1985–86 mövsümü başlamamışdan qabaq komandanın başına Fəxrəddin Gənc gətirilmiş və Zonquldakspordan Muzaffer Budalıoğlu transfer edilmişdir. Həmin mövsüm 33 qolla bombardir olan Tanju Çolak Samsunspor tarixində ilk bombardir adını qazanmışdır.[32] Həmin mövsüm Samsunspor Türkiyə çempionatında 3-cü yer tutmuşdur.[33] Növbəti mövsüm isə Samsunspor tarixində ən uğurlu mövsüm olmuşdur. Tanju Çolak 25 qol ataraq yenə bombardir olmuş, Samsunspor isə Türkiyə çempionatını 3-cü yerlə bitirmiş, Türkiyə kubokunda yarımfinala qədər irəliləmişdir.[34] 1987–88 mövsümündə isə Samsunspor çempionatda 4-cü yeri tutarkən, kubokda final oynamışdır.[35] Kuboka gedən yolda Nevşəhərspor, Kocaelispor, Uşakspor və Ankaragücünü mübarizədən kənarlaşdırsa da finalda iki oyunun nəticəsinə əsasən Sakaryaspora uduzmuşdur.[36]
Samsunspor 1987–88 mövsümündə Balkan Kubokuna qatılmışdır. Balkan Kubokunun B qrupunda yer alan Samsunspor Yunanıstanın İraklis klubuna 21 oktyabr 1987-ci ildə 3:4 uduzmuşdur. İkinci oyunda isə səfərdə Bolqarıstanın Sliven komandasına 0:7 uduzmuşdur. Samsunda isə Sliveni 3:2 məğlub etmişdir. Qrupda son oyununda 8 yanvar 1988-ci ildə İraklisə 6:1 qalib gəlsə də, Slivenin ardından 2-ci olmuş və qrupdan çıxa bilməmişdir.[37]
1985–1989[38] illəri arasında yüksək liqada iki dəfə üçüncülük[38][39], bir dəfə ikincilik qazanan Samsunspor 20 yanvar 1989-cu ildəki qəzadan sonra böyük çöküş yaşamışdır.[40] Həmin mövsüm Türkiyə Futbol Federasiyası (TFF) ikinci dövrədə oynamayan Samsunsporu liqada saxlamışdır. 1989–90 mövsümündə isə Samsunspor aşağı dəstəyə düşmüşdür. 1990–91 mövsümündə[41] Türkiyə çempionatına yüksəlsə də təkrar aşağı liqaya yuvarlanmışdır.[42] Samsunspor 1992–93 mövsümündə yenə 2-ci liqa çempionluğu qazanmışdır.[43]
1993–94 mövsümündə yenə Türkiyə çempionatına qayıdan Samsunspor bundan sonra düz 13 mövsüm boyunca aşağı liqaya düşməmişdir.[44] Həmin mövsüm 5-ci[44] olan Samsunspor Türkiyə kubokunun da yarımfinalına qədər irəliləmişdir.[45] Eyni mövsüm Balkan Kubokuna da qatılan komanda çempion olmuşdur. Bu kuboku qazanarkən Bolqarıstanın Pirin Blaqoyevqrad klubu ilə səfərdə 0:0 evdə 4:1, Yunanıstanın PAS Qiannina klubu ilə səfərdə 3:0 və evdə 2:0 nəticələrini əldə etmişdir.[37] Samsunspor Balkan Kubokunu qazanan sonuncu klub olmuşdur. Həmçinin Avropada kubok qazanan 4 türk klubundan biridir (digərləri Fənərbaxça, Sarıyer, Qalatasaray). Həmin mövsüm komandada ən çox qol atmış Ərtuğrul Sağlam klubdan ayrılmışdır.
1994–95 və 1995–96 mövsümlərində 8-ci olan Samsunspor Türkiyə kubokunun da yarımfinalına çıxmışdır.[46][47][48] Corce Multescunun məşqçiliyi altında 1996–97 mövsümündə 9-cu olan Samsunspor ilk dəfə UEFA İntertoto Kubokuna qatılmışdır. Bu həm də komandanın UEFA turnirlərində ilk mübarizəsi idi.[49] 1997-ci il 20 iyunda İntertoto Kubokunun 6-cı qrupunda evdə Danimarkanın Odense klubunu qəbul edən Samsunspor Cənk İşlər və İsmət Daşdəmirin qolları ilə 2:0 qalib gəlmişdir. Səkkiz gün sonra Litvada Kaunas klubu ilə qarşılaşan komanda Ali Ağdənizin tək qolu ilə yenə qalib gəlmişdir. 12 iyulda isə evdə İslandiyanın Leyftur Olafsfyordur klubunu Serkan Aykutun bir, Cənk İşlərin iki qolu ilə 3:0 məğlub etmişdir. Qrupun son oyununda Hamburqla qarşılaşan Samsunspor əvvəlcə Cənk İşlərlə hesabda önə keçmiş, amma 40-cı dəqiqədə Dirk Viitindorfun qolu ilə ilk hissə heç-heçə bitmişdir. İkinci hissədə isə Harald Spörlin atdığı iki qolla 1:3 məğlub olan Samsunspor qrupda ikinci olaraq mübarizəni dayandırmışdır.[50]
1997–98 mövsümündə 5-ci[51] olan Qırmızı Şimşəklər İntertoto Kubokuna yenə vəsiqə qazanmışdırlar. Olimpiya sistemi ilə oynanan turnirdə finala gedən yol 6 turdan keçirdi. İlk oyununda Samsunda Danimarkanın Lenqbi klubuna Uğur Dağdələn, İlhan Mansız və Serkan Aykutun qolları ilə 3:0 qalib gəlmişdir. Kopenhagendəki oyunda 1:3 uduzmasına baxmayaraq mərhələni keçmişdir. 3-cü turda isə ilk oyununda səfərdə İngiltərənin Kristal Palas klubunu Serkan Aykut və Tümər Mətinin qolları ilə, evdə isə Serkan Aykutun dublu ilə 2:0 məğlub etmişdir. Yarımfinalda isə Almaniyanın Verder Bremen klubuna hər iki oyunda 0:3 uduzmuşdur. 5 avqust 1998-ci ildə Verderlə oynanan oyun Samsunspor tarixində hələ ki, son Avropa oyunu olmuşdur.[52]
1998–2006-cı illəri arasında bir uğur əldə etməyən Samsunspor sadəcə Serkan Aykutun 1999–2000 mövsümündə 30 qolla yaşadığı bombardirlik ilə yadda qalmışdır.[53]
2005–06 mövsümündə uğursuz olan Samsunspor 17-ci olaraq 13 il sonra aşağı dəstəyə düşmüşdür.[54] Həmin mövsüm Türkiyə kubokunun 1/4 finalına qədər gəlmiş, amma Dənizlispora uduzmuşdur.[55]
2006–2011 illəri arasında Türkiyə 2-ci liqasında oynayan Samsunspor 2010–11 mövsümündə liqanın bitməsinə 2 tur qalmış Türkiyə çempionatına yüksəlməyi bacarmışdır.[56][57] Samsunsporlu Simon Zenke isə bombardir olmuşdur.[58] Amma 2011–12 mövsümündə 36 xalla 16-cı yeri tutan Samsunspor yenə aşağıya düşmüşdür. 2012–13 mövsümündə 2-ci liqada 14-cü olmuş, ertəsi mövsüm isə pley-offlara qatılmışdır. Pley-offun yarımfinalında Ankarasporu 1:0, 1:1 hesabları ilə keçən Samsunspor həmin mövsüm səfərdə 3:0 öndə ikən 4:5 uduzduğu Mesin İY ilə qarşılaşmışdır. İlk oyunda 3:3 bərabərə qalan Samsunspor ikinci oyunda 0:2 uduzmuş və çempionata yüksələ bilməmişdir.
Samsunspor klubunun oyunçularını Türkiyə çempionatı çərçivəsində Malatyasporla oynanacaq oyuna aparan avtobus 20 yanvar 1989-cu ildə ağır qəzaya düşmüşdür. Saat 9:30-da Havza ilçəsindən keçərkən 55 DU 637 nömrə nişanlı avtobusun 61 AC 535 nömrə nişanlı yükaparn maşınla toqquşması nəticəsində avtobus uçuruma yuvarlanmış və Samsunsporun üç oyunçusu, baş məşqçisi və sürücüsü həlak olmuşdur.[59] Samsunspor klubunun yaralılarına ilk yardımı Diyarbəkirsporla oyuna gedən Çərşənbəspor klubunun oyunçuları etmişdir. Çərşənbəspor klubunun üzvləri onları bir-bir avtobusdan çıxarıb Havza Dövlət Xəstəxanasına aparmış və qan vermişdirlər.[40] Həyatda qalan bir çox samsunlu oyunçu ağır yaralanmışdır.[60]
Qəza nəticəsində baş məşqçi Nuri Asan, futbolçu Müzaffər Badalıoğlu və Mete Adanır ilə sürücü Asim Özkan hadisə yerində ölmüşdürlər.[61] Futbolçu Zoran Tomiç isə Yuqoslaviyada 6 ay komada qalandan sonra vəfat etmişdir. Xəlil Albayraq və futbolçular Emin Kar ilə Erol Dinlər ömürlük əlil qalmışdırlar.[62] Burhaneddin Beadini isə yaralanmış və öz istəyi ilə futbolu buraxmışdır. Yüksəl Öğütən, Fatih Uraz, Şanver Göymen, Qasım Çıkla və Uğur Dərzi isə yaralanmış, amma futbol həyatlarını davam etdirmişdirlər.[63] Qəzadan xilas olan Orxan Qılınc 1994-cü ildə başqa qəzada həlak olmuşdur.
Qəzanın ardından Samsunspora bir çox qurum və şəxs başsağlığı vermişdir. Həmin dövrün Türkiyə prezidenti Kənan Evren, baş nazir Turqut Özal, TBMM prezidenti İldırım Akbulud, Milli Təhsil Gənclik və İdman naziri Hasan Cəlal Gözəl, SHP katibi Erdal İnönü, DYP prezidenti Süleyman Dəmirəl, Trabzonspor prezidenti Mazhar Afacan və Malatyaspor prezidenti Mətin Çağlayan bu şəxslər arasındadır.[40]
Qəza nəticəsində Samsunspor Türkiyə çempionatını davam etdirə bilməmiş və bütün oyunlarında 0:3 məğlub sayılmışdır. Amma TFF Samsunsporu liqada saxlayaraq "Şərəf çempionu" elan etmişdir.[64][65] Samsunspor həmin mövsüm qəzada ölənlərin xatirəsinə qırmızı və ağ olan rənglərinə qaranı da əlavə etmişdir.[66]
Samsunsporlu yazıçı Mehmet Yılmazın "Samsunspor: Qırmızı, ağ, qara" adlı kitabında 20 Yanvar faciəsi təsvir olunmuşdur.[67] Həmçinin "Bax belə bir şey" adlı kitabda da bu faciə haqqında söhbət açılır.[68]
1958-ci ildə inşa edilmiş İlkadım stadionu Samsunsporun ilk stadionu olmuşdur.[69] Bu stadion həm həvəskar, həm peşəkar dövrdə istifadə olunmuş, Samsunspor 1969-cu ildə ilk çempionluğunu burada qazanmışdır.[70] 1974-cü ildə klubun ilk stadionunun tikintisinə başlanmışdır. 23 sentyabr 1975-ci ildə Trabzonspor oyunu ilə açılmış stadionda klub hələ də ev oyunlarını keçirir.[71]
Samsunsporun tikiləcək yeni stadionu isə aprel 2011-ci ildə Gəclik və İdman naziri Suat Qılınc tərəfindən, 3 iyun 2011-ci ildə Rəcəb Tayyib Ərdoğan tərəfindən açıqlanan Samsun stadionu olacaqdır. Stadionun tikintisinə 4 avqust 2013-cü ildə başlanmışdır.[72] 33.919 nəfərlik tutuma sahib olacaq[73] stadionun tikintisinə 125.000.000 ₺ xərclənənəcəyi düşünülür. Yeni stadionun açılışı 15 may 2015-ci ildə olacaqdır.[74]
Həvəskar illərdə klubun rəngləri ağ və qara olmuşdur. 1965-ci ildə 4 klubun onlara qatılması yeni rəng fikrini ortaya çıxamışdır. Sonda Türkiyə bayrağının rəngləri əsas götürülmüşdür. Bu iki rəng türk klubları arasında ən çox istifadə olunanıdır. 1989-cu ildəki faciədən sonra rənglərə qara da əlavə olunmuşdur.
Samsunsporun həvəskar dövründə geydiyi formalar məlum və standart deyildilər. Ağ-qara olan formaların dizaynı hər oyuçuya görə dəyiə bilirdi. Peşəkar dövrdən sonra klubun rəngləri standart olmuşdur. İlk peşəkar mövsümdə klubun forması qırmızı köynəkdən, ağ şortdan və hər iki rəngin olduğu corablardan ibarət idi. Növbəti mövsümdə ilk dəfə çubuqlu formadan istifadə olunmuşdur. 1968–69 mövsümündə isə ilk dəfə ağ köynəkdən istifadə olunmuşdur. 1971–72 mövsümündə isə ağ fonda iki qırmızı dioqanal xəttdən ibarət formadan istifadə olunmuşdur. 1973–74 mövsümündə isə ilk dəfə parçalı forma geyinilmişdir.
1977-ci ilə qədər klub özünün düzəltdiyi formaları geyinirdi. Həmin mövsüm ilk dəfə bir şirkət — Umbro tərəfindən istehsal olunmuş formalar alınmışdır, amma cəmi bir mövsüm istifadə olunmuşdur. 1981-ci ildə klub Adidası seçmişdir. 1982-ci ildə başqa firmanı seçən Samsunspor 1983-cü ildə təkrar Adidasla anlaşmışdır. Növbəti illərdə Puma və Lotto kimi firmalar da Samsunsporla işləmişdir. Hazırda Samsunsporun formalarını Errara firması istesal edir.
Samsunspor forması üzərində ilk dəfə sponsor 1982–83 mövsümündə görülmüşdür və formada gələcəkdə klubun prezidenti olacaq Hasbi Menteşoğlunun adı olan "Menteşoğlu" sözü öz əksini tapmışdır. Növbəti mövsüm klubun forma sponsoru VakıfBank olmuşdur. Ertəsi mövsüm prezident seçilən Hasbi Menteşoğlunun adı yenə formada əks olunmuşdur. 1989-cu ilə qədər bu sponsor dəyişməmişdir. 1989-cu ildə yeni sponsor Fotospor qəzeti olmuşdur. 1990–91 mövsümdə Panasonik, növbəti mövsüm isə yenə VakıfBank sponsor seçilmişdir. Müxtəlif illərdə ardıcıllıqla Bayındır, Metro Turizm, Saralle, Yılyak Kömür, VakıfBank, Tadelle, Uzan, Turkcell, Yeşilyurt və Bank Asya kimi firmalar sponsor olmuş, indiki sponsoru 2011-ci ildə Spor Toto seçilmişdir.
1968-71
|
Klub həvəskar illərdə heç bir loqo istifadə etməmişdir. Peşəkar dövrdə isə qəbul olunan ilk loqo qırmızı çərçivə içərisində ağ fonda sağ tərəfə baxan Şərəf abidəsindən və qara rəngli Samsunspor yazısından ibarət idi. Amma bu loqo heç vaxt istifadə olunmamaışdır. İlk mövsümdə ağ fonda qırmızı rəngli Şərəf abidəsi və altında qara rəngdə "Samsunspor" və "1965" sözləri yazılan loqodan istifadə olunmuşdur. Loqo üzərində ilk dəyişiklik prezident Yılmaz Ulusoyun dövründə 1968-ci ildə baş vermişdir. Bu dəyişiklikdən sonra loqoya iki qırmızı çərçivə əlavə edilmiş, Şərəf abidəsinin üzü sola çevrilmiş və yazılar qırmızı rəngə dəyişdirilmişdir. Növbəti dəyişiklik də eyni prezidentin dövründə 1970-ci ildə yaşanmışdır. Bu zaman Şərəf abidəsi ağ rəngə çevrilmiş, qırmızı fona keçilmiş və yazılar ağ rəngə boyanmışdır. Həmçinin qırmızı və ağ olmaqla iki çərçivə əlavə olunmuşdur. Bu loqo 1990-cı ilə qədər dəyişməmişdir. 1989-cu ildə qırmızı fon ağ fona dəyişdirilmişdir. Bu loqo 1992–93, 1993–94 və 1996–97 mövsümlərində də istifadə olunmuşdur. Son dəyişiklik 1998-ci ildə baş vermişdir. Şərəf abidəsinin silueti qara rəngə çevrilmişdir və bu loqo 2000-ci ilə qədər istifadə olunmuşdur.
Samsunspor azarkeşlərini Samsunspor formaları, şərfləri və digər ləvazimatları ilə təchiz edən Samsunspor Store mağazalar şəbəkəsi fəailiyyət göstərir. Mağazalar şəbəkəsi 2 mağazadan ibarətdir. Mağazalardan biri Beynəlxalq Əcnəbilər Bazarında, biri Qaziparkdadır. Həmçinin bir səyyar mağaza da fəaliyyət göstərir.
Aveanın köməyi ilə yaradılan və 13 sentyabr 2013-cü ildə fəaliyyətə başlayan Samsuncell Fenercell, Galatasaray Mobile, Kartalcell, Trabzoncell-dən sonra Türkiyənin 5-ci futbol klubu operatorudur.
Samsunspor jurnalı fəaliyyətinə 2004-cü ildə başlamış, amma sonra bağlanmışdır. 2012-ci ilin martında 3-cü dəfə fəaliyyətə keçmişdir. Hal-hazırda jurnalın 200 abonesi var və 2000 tirajla çap olunmuşdur. Satışı Samsunspor Storedə həyata keçirilmişdir. 2014-cü ilin fevralında fəaliyyətini yenə dayandıran jurnalın aqibəti haqqında heç bir rəsmi məlumat verilməmişdir.
Mehmet Yılmaz tərəfindən yazılan kitab 2009-cu ilin yanvarında nəşr olunmuşdur və Samsunsporun tarixindən bəhs edir.
Türkiyə İş Bankı və Samsunsporun qarşılıqlı əməkdaşlığı ilə yaradılan Maximum Samsunspor Kart Samsunspor azarkeşləri üçün nəzərdə tutulmuş kredit kartıdır. 2003-cü ildə çıxan kartın istifadəçiyə xeyri olmasa da kluba gəlir gətirməkdədir. Təxminən 5.000 istifadəçisi vardır.
2012-ci ildə 19 May Universitetindən Erkut Tutqun, M. Yalçın Daşmektəpligil, Sevgi Canbaz, Hakan Acar və Musa Çon tərəfindən aparılan araşdırmada Samsunspor azarkeşlərinin şiddət və zorakılığa meyilli olduqları müəyyənləşdirilmişdir. 707 azarkeş arasında aparılan araşdırmada %43.3 %-nin fanatik, 40,5 %-nin adi, 14,6 %-nin şiddətə meyilli olması müəyyən olunmuşdur.
Türkiyənin ilk fan-klubu 1979-cu ildə qurulan Əskişəhərsporun Ayder fan-klubu hesab olunur. Amma 1966–67 mövsümünün şəkillərində Samsunsporun iki azarkeş qrupu görünür və həmçinin şəkillərdə görünməyən Elsuqolar adlı fan-klubda bilinməkdədir. "Xalq" qəzetinin yazıçısı Haqqı Yaşılyurd və Zaman qəzetinin yazıçısı Mehmet Yılmazın Fotospor qəzetinin arxivlərindən çıxardığı şəkillərdə Lakalar, Atakanlar və Laziqolar fan-klubları görünür. Bu qruplardan ilk qurulanı Lazıqo Ylmaz tərəfindən yaradılan Laziqolardır.
Laziqo Yılmaz Samsunsporun peşəkar olmadığı illərdə də 19 May — Fənər Gənclik rəqabətində də tez-tez stadionda olmuşdur və 1965-ci ildə bütün yerli klubların Samsunspora birləşdirilməsindən sonra 1965-ci ildə Laziqoları qurmuşdur. Qrupda yer alanların heç biri Laz olmamasına baxmayaraq stadiona gələndə onlara "Lazlar gəlir" deyə müraciət edirdilər. Laziqo adı Laz və Amiqo sözlərindən əmələ gəlmişdir. Laziqoların ən məşhur şüarları "Qırmızı Şimşək Çax Çax Çax" və "Samsamsam Sunsunsun Parolumuz Qol olsun" idi.
Növbəti illərdə Samsun fan-klubları çoxaldığından onlar Laziqolar qrupuna birləşmiş və Atakanlar adlı qrup ortaya çıxmışdır. Bu fan-klub o qədər təsiredici idi ki, Nuri Asanın Samsunspor prezidenti olmasını, Beşiktaşın istədiyi Yalçın klubda qalmasını təmin etmişdirlər.
Qrupun dağılması prosesi 1973-cü ildə Laziqo Yılmazın Almaniyaya işçi kimi köçməsi ilə başlamışdır. Tezliklə isə qrup dağılmışdır.
Dağınıq qruplardan sonra 1984-cü ildə Söyüdbaxçalı Kobralar qurulmuşdur. Söyüdbaxçalı Kobralar Samsunspora deyil, ancaq Samsunun Söyüdbaxça məhəlləsinə müraciət edirdilər. İlk dəfə Kocaelispor — Samsunspor oyununda görsənən qrupun adı bəyənilməmiş və Kobralar sözü Çılğınlar sözü ilə əvəz olunmuşdur. İlk dövrlərdə qapıarxası sektorlarda məskunlaşan Söyüdbaxçalılar digər fan qrup olan Bioniklər — Samsunspor Azarkeş Dərnəyi ilə yaşanan problemlərə görə hesab tablosunun yanına köçmüşdülər. Bioniklərin lideri öləndən sonra marafon tribunasında kluba azarkeşlik etməyə başlamışlar. Həmçinin Bioniklərin adı olan Samsunspor Azarkeş Dərnəyi adını özlərini götürmüşdürlər.
2005-ci ilə qədər bir çox problemlərə baxmayaraq fan qrup fəaliyyət göstərmişdir.
Şirinlər fan-klubu müasir dövrdə Samsunsporun ən böyük fan-klubudur. Adını məşhur cizgi filmi Smurflardan alan fan-klubun üzvləri arasında Gökər Göksəl, Rəcəb Qoç, Murad Bayraqdar, Şəfəq Temur, Əhməd Gervan, Haqqı Yaşılyurd, Mustafa Kamal Sağıroğlu və Serkan Bayar kimi şəxslər də var.
1993-cü ildə qədər fan-klub bu adla fəaliyyət göstərmişdir. 1993-cü ildə bağlanaraq eyni qurucularla 1965 Gənc Samsunsporlular Dərnəyi adı ilə fəaliyyətə başlamışdır. Fan-klub komandanın bütün səfər oyunlarına getməyə başlamışdır. Digər fan-klublardan fərqli hər səfər oyununa getməzdən əvvəl neçə avtobusla gedəcəkləri, səfər başçısı, səfərin başlama yeri və saatı, hətta kimin harada oturacağı qabaqcadan müəyyənləşdirilirdi.
26 may 2001-ci ildə Fənərbaxça oyunu boyunca Samsunspor prezidenti Yusif Ziya Yılmaza etiraz bildirən fan-klub ilə klub arasında dava baş vermiş və ertəsi gün fan-klub liderləri həbs olunmuşdur. Bundan sonra 1965 Gənc Samsunsporlular dərnəyi bsğlanmışdır. Yeni fan-klub təşkil olunmuş və Yeni Şirinlər adlandırılmışdır. 2001–02 mövsümündə Şirinlər adını bərpa etmişdirlər.
İlk illərdə fan-klub qapıarxası sektor məskunlaşmışdır. 1965 Gənc Samsunsporlular Dərnəyi adını alandan sonra buraya yerləşməyib marafon tribunasına köçmüşdürlər. Əvvəlki ad bərpa olunduqdan sonra təkrar qapıarxası tribunalara qayıtmışdırlar.
Şirinlər Türkiyədə bir çox ilkə imza atıblar. İlk fan-klub saytı, şərf kimi əşyaları çıxarmaları, ilk dəfə fan-klub radiosu təsis etmələri bu ilklər arasındadır. Liseyli Şirinlər və Universitetli Şirinlər olmaq üzrə iki alt qrupdan ibarət olan Şirinlər Ankaragücünün Gecəqondu və Bursasporun Texas fan-klubları ilə qardaşdır.
Qrup xüsusilə 2010–11 mövsümündə təşkil etdikləri məşəl şouları ilə məşhur idi.
2011–12 mövsümündə 80 Şirinlər üzvünün stadionda etdikləri təhqirlərə görə 1 il stadiona girməklərinə qadağan qoyulmuşdur və fan-klub fəaliyyətinə xitam verdiyini açıqlamışdır. Amma açıqlamadan 42 gün sonra fan-klub tribunalara qayıtmışdır və hal-hazırda da fəaliyyət göstərməkdədir.
1969–1975, 1976–1979, 1982–1983, 1985–1990, 1991–1992, 1993–2006, 2011–2012
1965–1969, 1975–1976, 1979–1982, 1983–1985, 1990–1991, 1992–1993, 2006–2011, 2012-h.h.
|
Türkiyə 2-ci liqası[redaktə | mənbəni redaktə et]
|
|
|
Son yenilənmə: 28 sentyabr 2014
|
|
Samsunspor indiyə qədər Türkiyə milli komandasına 14 futbolçu vermişdir. Həmçinin Samsunspor bir milli oyunda ən çox oyunçu verən Anadolu klubudur. Samsunsporlu Təməl Kəskindəmir isə milli komandada çıxış edən ilk Samsunsporlu və Qaradənizli futbolçu olmuşdur. Samsunsporun milli komandaya göndərdiyi sonuncu oyunçu Kənan Yelək olmuşdur. O, 31 mart 2004-cü ildəki Türkiyə — Xorvatiya yoldaşlıq oyununda səhnəyə çıxmışdır və milli komandada ilk və sonuncu oyunu olmuşdur. Aşağıda Türkiyə milli komandasında oynayan bütün Samsunsporlu oyunçular qeyd olunmuşdur:
Samsunsporun azarkeş saytı olan www.samsunspor.biz tərəfindən "Samsunspor tarixinin ən yaxşı heyəti" səsverməsi aparılmışdır. 91 futbolçunun namizəd göstərildiyi səsvermədə Samsun 20 yanvar faciəsində ölən iki futbolçu da yer almışdır. 10 futbolçunun türk olduğu heyətdə ancaq Daniel Timofte rumın idi. Həmçinin heyətə düşməyən Yılmaz Yurddaş da azarkeşlər tərəfindən "Bayraq futbolçu" mükafatına layiq görülmüşdür. Bunun səbəbi həvəskar illərdə Samsun Yolsporda oynayarkən Türkiyə kubokunun ¼ finalına çıxması, Samsunsporun ilk kapitanı olması və ilk çempionluqda vacib payı olması idi.
Fatih Uraz — Türkiyə milli komandasına çağırılan tək Samsunsporlu qapıçıdır. 1984-cü ildə kluba qoşulan Uraz Türkiyə aşağı dəstəsində çempion olmuş, Türkiyə çempionatında üçüncülük əldə etmiş və Türkiyə kubokunun finalına çıxmışdır.
Emin Kar — 1980-ci ildə Yalıspordan Samsunspora gəlmişdir. 1982-ci ildə aşağı liqada çempionluq görmüşdür. Samsun 20 Yanvar faciəsindən sonra futbola əlvida etmişdir.
Ərcan Koloğlu — 1987-ci ildə Samsunspor forması geyməyə başlamışdır. 1990–1992-ci illəri arasında Fənərbaxçada oynamışdır. Daha sonra kluba qayıdan Ərcan 2003-cü ilə qədər Samsunsporda oynamış və uzun illər klubun kapitanlığını etmişdir.
Müzəffər Badalıoğlu — Samsun 20 Yanvar faciəsində vəfat etmişdir. Milli komandada oynayan Müzəffər Samsunspora 1985-ci ildə Zonquldaqspordan gəlmişdir.
Nuri Asan (məşqçi) — 1940-cı ildə Samsunda anadan olan əfsanəvi məşqçidir. 19 Maysporda oynayarkən 1959-cu ildə Qalatasaraya transfer olmuş və burada 1968-ci ilə qədər oynamışdır (Bir ara Ankaragücüdə də çıxış etmişdir). Samsunsporun Türkiyə çempionatının ilk Qaradəniz klubu etmişdir.
Ərtoğrul Sağlam — 1989-cu ildə Samsunspora gəlmişdir. 1992–93 mövsümündə Türkiyə 2-ci liqasının çempionluğunu, 1993–94 mövsümündə Türkiyə çempionatını 5-ciliyini qazanmışdır. Samsunsporda oynayarkən Türkiyə milli komandasında 3 qol atmışdır. 1994-cü ildə Beşiktaşa transfer olmuşdur. 2000-ci ildə kluba qayıtmış və 2003-cü ildə karyerasını bitirmişdir. Daha sonra məşqçiliyə başlamışdır. 2010-cu ildə Bursasporu Türkiyə çempionu etmişdir.
Təməl Kəskindəmir — Samsunsporda 7 nömrə geymişdir. 1970-ci illərdə Samsunsporun ən məşhur oyunçusudur. Uzun illər klub kapitanı olmuşdur.
Cəlil Sağır — milli komandada da oynamışdır. 1994–2000-ci illərdə Samsunsporda çıxış etmişdir. 2000–01 mövsümünü Fənərbaxçada keçirmişdir.
Serkan Aykut — 1992-ci ildə qismən geyməyə başladığı formanı 1994–2000-ci illərdə daşımışdır. 1999–2000 mövsümündə Türkiyə çempionatının bombardiri olmuşdur və 2 il Qalatasarayda çıxış etmişdir. 2002-ci ildə Samsunspora qayıdan Serkan Türkiyə çempionatının ən çox qol vuran 7-ci oyunçusudur.
Tanju Çolak — Türkiyə futbolunun əfsanəsidir. 1981–1987-ci illərdə Samsunsporda çıxış etmişdir. 1983–84 və 1984–85 mövsümlərində Türkiyə 2-ci liqasının, 1985–86 və 1986–87 mövsümlərində isə Türkiyə çempionatının bombardiri olmuş, hətta Avropa Bürünc Ayaqqabı mükafatına layiq görülmüşdür.
Daniel Tumeften — 1993–1999 illəri arasında klubda oynamışdır. Azarkeşlərin ən sevimli oyunçularından biri olmuşdur.
Mövsüm | Mərhələ | Ölkə | Klub | Ev | Səfər | Ümumi |
---|---|---|---|---|---|---|
1997 | qrup | Danimarka | Odense | 2:0 | 2-ci yer | |
qrup | Litva | Kaunas | 1:0 | |||
qrup | İslandiya | Leuftur Olafsfyordur | 3:0 | |||
qrup | Almaniya | Hamburq | 1:3 | |||
1998 | 2-ci tur | Danimarka | Lenqbi | 3:0 | 1:3 | 4–3 |
3-cü tur | İngiltərə | Kristal Palas | 2:0 | 2:0 | 4–0 | |
yarımfinal | Almaniya | Verder Bremen | 0:3 | 0:3 | 0–6 |