Samuel Riçardson

İngilis roman yazıçılığının bünövrəsini təşkil edən qələm sahiblərindən olan Samuel Riçardson, 19 Avqust 1689-cu ildə anadan olmuşdur. Doqquz uşaqlı bir aildə həyata göz açmış yazıçının anası evdar qadın, atası isə bacarıqlı bir dülgər idi. O, kasıb bir uşaqlıq keçirdiyi üçün təhsildə irəli gedə bilməmiş, sadəcə qısa bir müddət Qrammatika üzrə təhsil almışdır. Riçardson, onu rahib kimi görmək istəyən atasının arzusundan fərqli olaraq, əlverişsiz təhsilindən dolayı bu sənətə yiyələnə bilməmiş və öz istəyi yöndə irəliləyərək kiçik yaşlarından John Wildenin mətbəəsində köməkçi işçi olaraq fəaliyyətə başlamışdır. On yaşlarından etibarən bu mətbəədə işləyən yazıçı, 17 yaşına çatdıqda isə şəxsi mətbəəsini qurmağı bacarmışdır. Məktub yazmaqda xüsusi bir istedada sahib olan Riçardson, həmçinin olduqca gözəl bir yazı xəttinə sahib idi. Odur ki, yaxınlarına məktub yazmaq istəyən əksər insanlar məhz ona müraciət edərdi. O, 1721-ci ildə müdürünün qızı Martha Wilde ilə ailə həyatı qurmuşdur. On il müddətində davam edən bu izdivaçdan dünyaya gələn övladlarını ardıcıl olaraq itirən yazıçının, 1731-ci ildə isə xanımı vəfat etmişdir. Daha sonra həyatını Elizabeth adlı başqa bir xanımla birləşdirən Riçardson, bir neçə qız övladı sahibi olmuşdur. 4 İyul 1761-ci ildə, 71 yaşında vəfat edən yazıçı, ilk xanımı Marthanın yanında dəfn edilmişdir.

Samuel Riçardson
ing. Samuel Richardson
Doğum tarixi 19 avqust 1689(1689-08-19)[1][2], 19 avqust 1687(1687-08-19)[3] və ya 31 iyul 1689(1689-07-31)[4]
Doğum yeri
Vəfat tarixi 4 iyul 1761(1761-07-04)[5][6][…]
Vəfat yeri
Fəaliyyəti yazıçı, romançı, nasir
Əsərlərinin dili ingilis dili
Janr Sentimentalizm
Vikimənbənin loqosu Samuel Riçardson Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaradıcılığı haqda

[redaktə | mənbəni redaktə et]

Samuel Riçardsona böyük şöhrət qazandıran əsas amil qələmə aldığı romanları olsa da, o əslində öz dövrünün bacarıqlı bir mətbəəçisi olaraq fəaliyyət göstərmişdir. Həyatının bir hissəsini yazıçılığa ayırmış Riçardson, mətbəəçiliyə isə bütöv bir ömrünü həsr etmişdir. Bir çox romanlar, tarixi mətinlər, dövrün siyasi rəhbərlərinin əmrlərini ehtiva edən yazılar, müxtəlif qəzetlər vs. illərlə onun mətbəəsində cap olunmuşdur. Görkəmli ədib, öz yaradıcılığında romanlarla yanaşı, həm də, şəxsi düşüncələrini əks etdirdiyi sərbəst xarakterli yazılar da qələmə almışdır. "Əxlaqi Düşüncələr", "İnsan Həyatı Üzrə Fikirlər", "Şagirtlik İlləri Təəssüratları" vs. bu yazılardan bəziləridir. Onu, 18-ci əsrin ən tanınmış şəxsiyyətləri sırasına salan isə qələmə aldığı 3 ədəd iri həcmli romanları olmuşdur. Öz yaradıcılığında daha çox nəsihət xarakterli məzmunlara yer verən Riçardson, bacarıqlı bir məktub yazıçısı olduğu üçün romanlarını da məktublar şəklində qələmə almışdır. O, ilk əsəri olan "Pamela"nı 51 yaşında olarkən yazmışdır. 1740-1741-ci illərdə nəşr edilən əsər iki cild olaraq qələmə alınmışdır. Uzun adıyla "Pamela: Fəzilətin mükafatlandırılması" olan romanda, aşağı təbəqədən gözəl bir qız olan 15 yaşlı Pamelanın, varlıqlı Mr. B'nin evində xidmətçi olaraq çalışarkən məruz qaldığı təzyiqlər və buna baxmayaraq namusunu qorumasının hekayəsi ələ alınır. İngilis ədəbiyyatının ilk romanlarından olan əsərdə, müəllif, ideal qadın obrazını yaratmağa çalışmışdır. Əsər, işıq üzü gördüyü andan etibarən sevilmiş və böyük nəaliyyətə səbəb olmuşdur. Daşıdığı nəsihətvari xarakteri səbəbilə, dindar firqənin də təqdirini qazanan romanın, din xadimləri tərəfindən, hətta kilisədə möizə kimi oxunması da tövsiyə edilmişdir. Əsərin şöhrəti sadəcə öz ölkəsiylə məhdud qalmamış, nəşr edildiyindən qısa bir müddət sonra Fransız, İtalyan, Alman vs. dillərinə də tərcümə edilmiş, həmçinin teatrlarda da səhnələşdirilmişdir. Riçardsonun bütün əsərlərində daim diqqət çəkilən bir məsələ də məhz ictimai tarazsızlıq problemidir. Pamela romanında da, yuxarı zadəgan, aşağı işçi təbəqəsi kimi mövzular dilə gətirilərək sosyal sinifləşmə tənqid olunur. Yazıçının ikinci əsəri isə, Pameladan 6 il sonra qələmə alınmış "Klarissa" romanıdır. "Klarissa: Gənc bir xanımın tarixcəsi" adlanan əsər, mövzu və tərz baxımından Pamela ilə bir bənzərlik daşıyır. Obrazların məktubları üzərindən nəql edilən əsərdə, gənc bir qız olan Klarissanın çətinlikləri ələ alınır. O dövrün görüşlərinə görə qız övladları ailənin malı olaraq hesab edilir və öz taleləri üzərində hər hansı bir söz haqqına sahib olmurdular. Lakin, əsərdəki Klarissa obrazı, onu sevmədiyi bir adamla zorla evləndirmək istəyən ailəsinə baş qaldırır və sonuna qədər bu zorakılıqla mübarizə aparır. Odur ki, əsər, öz haqqını müdafiə edən ilk qadın obrazının yaradıldığı roman olma xüsusiyyətini daşıyır.1747-1751-ci illər ərzində qələmə alınıb, işıq üzü görən bu iri həcmli roman, müəllifin ilk əsərindən daha böyük bir nəaliyyətə səbəb olmuşdur. Riçardsonun 3 romanı arasında şah əsəri sayılan bu əsər, həm öz dövrünün, həm də özündən sonraki dövrün ədiblərinin təqdirini almağı bacarmışdır. Əbəbiyyatın köklü çinarlarından olan Onore de Balzak, Alfred de Müsse, Jorj Sand, vs. bunlardan bəziləridir. Məşhur fransız fəlsəfəçi Jan Jak Russo Klarissa romanı haqqında: "Heç kim o dəyərdə bir əsər qələmə almamışdır." demişdir. Həmçinin digər bir yazıçı və filosof Deni Didro, Riçardsona tərif yazısında, onu HomerEvripid kimi fəlsəfə dahiləriylə eyni səviyyədə tutmuşdur. Bunların arasında ən diqqqət çəkəni isə, Riçardsonun ədəbi rəqibi olan Henri Fildinqdir. Belə ki, Riçardsonun ilk əsəri olan Pamelanı bəyənməməklə yanaşı, həm də böyük tənqid atəşinə tutan Fildinq, məhz Klarissa romanını olduqca bəyənmiş və təqdir etmişdir. Samuel Riçardsonun son romanı isə "Sir Charles Grandisonun Tarixçəsi" adlanır. 1753-cü ildə yazılmağa başlanan əsər, müəllifin digər romanları kimi məktublar şəklində qələmə alınmışdır. Digər iki romanında örnək qadın obrazını yaratmağı məqsəd bilən yazıçı, bu son romanında isə nümunəvi kişi obrazını ərsəyə gətirməyə çalışmışdır. Pamela və Klarissadaki mənfi kişi obrazlarından fərqli olaraq, bu romanın əsas qəhrəmanı olan Charles Grandison olduqca müsbət bir xarakterə sahibdir. Əsər, Harriet Byron adlı xanımla, Charlesin məhəbbət hekayəsi üzərində qurulub. Roman, bəzi ədəbi tənqitçilər tərəfindən həddindən artıq uzun sayılsa da, yazıçının öz yazı üsuluna görə olduqca məqsədəuyğundur. İstər mətbəəçilik, istərsə də yazıçılıq olsun, hər iki sahədə də ədəbiyyata dəyərli töhfələr vermiş Samuel Riçardson, bu sahədə özünə köklü bir yer eldə etməyi bacarmışdır.

  1. Samuel Richardson // Babelio (fr.). 2007.
  2. Samuel Richardson // Artists of the World Online, Allgemeines Künstlerlexikon Online, AKL Online (alm.). / Hrsg.: A. Beyer, B. Savoy B: K. G. Saur Verlag, Verlag Walter de Gruyter, 2009. ISSN 2750-6088 doi:10.1515/AKL
  3. The Fine Art Archive. 2003.
  4. 1 2 Richardson, Samuel, 1689-1761 // Olomouc City Library regional database (çeş.).
  5. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  6. Samuel Richardson // Nationalencyklopedin (швед.). 1999.