Sanjar Cabbar ulı Asfendiyarov(qaz. Санжар Жапарұлы Аспандияров; 20 oktyabr 1889 və ya 1889[1], Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu – 25 fevral 1938 və ya 1938[1], Almatı) — qazax ictimai xadimi, Türkistan Muxtar Sovet Sosialist Respublikasında səhiyyə komissarı, torpaq və su təsərrüfatı komissarı.[2]
Sanjar Asfendiyarov | |
---|---|
Qazaxca:Санжар Аспандияров Rusca:Санджар Асфендиаров | |
Türkistan MSSR Torpaq və Səhiyyə komissarı | |
1 avqust 1919 – 15 sentyabr 1924 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 oktyabr 1889 və ya 1889[1] |
Doğum yeri | |
Vəfat tarixi | 25 fevral 1938 və ya 1938[1] |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | həkim, siyasətçi |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Döyüşlər |
Qazaxlarda onun adı və soyadı Sanjar Jafar ulu (Seyitjapar ulu, Jağıpar, Seyitjağıpar), rusdilli qaynaqlar isə Sanjar Djafaroviç Asfandiyarov (Aspandiyarov) kimidir. Onun şəcərəsi Əbilxayır xana bağlıdır. Əbilxayır xandan Sanjara gələn nəsil xətti belə göstərilir: Əbilxayır xan-Ayşşyak xan-Sıqalı (Syuqaliy) soltan-Asfendiar (İsfindiar) sultan-Seytjapar-Seytsanjar. Anası Güləndam da qazax xalqının qəhrəman oğlu, rus işğalcılarına qarşı savaşda şəhid olmuş Kensarı Qasım oğlunun nəvələrindən olduğunu ehtimal edirlər. Rusiyanın işğal etdiyi qazax torpaqlarının hökmdarlarının nəslindən olan Seyitjapar Türkistan Quberniya İdarəsində general-qubernatorun doğu dilləri üzrə tərcüməçisi işləmiş və polkovnik vəzifəsinədək yüksəlmişdir. Buna görə də Sanjar ata-baba mülklərində deyil, 1889-cu ilin oktyabrın 20-də atasının işlədiyi Daşkənd şəhərində anadan olur.[3]
Sanjar Asfandiyarov ilk təhsilini evdə xüsusi müəllimlərdən alaraq ərəb, fars, fransız, ingilis dillərini, Türkistanda yaşayan xalqların ləhcələrini, şəriəti öyrənir. Sonra Daşkənd realnı məktəbinə daxil olur və oranı 1907-ci ildə bitirir.
Sankt-Peterburqdakı Hərbi Tibb Akademiyasını Rusiya Hərbi Dəniz Nazirliyinin təqaüdü ilə oxuyan Sanjar Asfandiyarov 1912-ci ildə ali təhsilini başa vurur. Təhsil illərində Sankt Peterburqda keçirilən bir təntənəli gecədə iki qazax qızı Rabiqa və Rahilə tanış olur. Öyrənir ki, bu qızlar ixtisasca hüquqşünas olan, Dördüncü Dövlət Dumasına üzv seçilmiş Serali Lapun qızlarıdır. Serali Lapin məşhur qazax öndərlərindən idi. Türk xalqlarının, eləcə də ərəb, fars dillərini gözəl bilən Serali Lapin Əbülqasım Firdovsinin “Şahnamə” əsərini qazaxcaya çevirmişdi. Ədəbi-bədii yaradıcılıqla məşğul olan, əctimai-siyasi həyatda fəal olan Serali Lapin millətinin maariflənməsinə də böyük diqqət yetirmiş, qızlarını da Smolndakı Müqəddəs Qızlar İnstitutunda oxutmuşdu.Sanjar Asfandiyarov da həmyerlisi Serali Lapunun ailəsi ilə yaxınlıq etmiş və Rabiqa ilə evlənmişdir.
Sanjar Asfandiyarov Hərbi Tibb Akademiyasını bitirdikdən sonra onu Buxara əmirliyinin Termez şəhərindəki Rusiyanın hərbi hissəsinin 10-cu süvari polkunda hərbi həkim işləməyə göndərirlər. Az sonra isə onu 9-cu süvari polkuna baş həkim, oradan da Səmərqənd və Aşxabad şəhərlərindəki süvari polkunda xidmətə göndərirlər.
1914-cü ilin avqustunda Birinci Dünya Savaşı başlayanda Sanjarın xidmət etdiyi 5-ci Türkistan süvari polkunu Polşanın Prussiya ilə sərhəddəki Lodz qalasının müdafiəsinə göndərirlər. Lakin müdafiə düzgün təşkil edilmədiyindən elə ilk həmlədəcə alman orduları Lodz qalasını alır. Əsirləri Almaniyanın içərilərindəki hərbi əsir düşərgəsinə göndərirlər. Bir neçə dil bilməsi, qazax ailəsində doğulması, həkim olması Sanjarın köməyinə çatır. Əsir düşərgəsində tərcüməçi, həkim kimi işləyir və qısa bir vaxtda alman dilini də öyrənir.
Bir ilə yaxın Tornodakı, Kutnodakı, Aleksandrovkadakı əsir düşərgələrində həkim işlədikdən sonra, yəni 1915-ci ilin axırlarında Qırmızı Xaç Cəmiyyəti Alman əsirliyində olanların bir qrupunun azad edilməsi haqında hökumətin razılığını alır. Rusiya ordusundan əsir düşənlər İsveçrəyə gətirilir. Onların arasında Sanjar Asfandiyarov da olur. İsveçrədən də keçmiş əsirləri Sankt-Peterburqa yola salırlar.
Rusiyaya qayıdan Sanjar Asfandiyarovu alman hərbi əsirlərinin düşərgəsində həkim işləməyə göndərirlər. 1917-ci ildə Romanovlar sülaləsinin 300 illik hakimiyyətinə son qoyulur, II Nikolay çar taxtından salınır. Əsarət altında olan xalqlar arasında milli azadlıq ideyası genişlənir. Geridə qalmış, aqrar bölgə sayılan Türkistan da siyasi mübarizələr meydanına çevrilir. Sanjar Asfandiyarov da siyasi fəaliyyətə başlayır.
1917-ci ildə Buxara Müsəlman Şurasına üzv seçilən Sanjar Asfandiyarov, sonra Daşkənd Sovetinin deputatı, Türkistan Quberniyası Müsəlman Şurasının üzvü kimi ictimai-siyasi fəaliyyət göstərir. Həmin illərdə o, Türkistanın Rusiyadan ayrılaraq müstəqil yaşaya biləcəyinə inanmır. Buna görə də vətəninin xoşbəxt gələcəyini Rusiyanın tərkibində görür.
Hərbi həkim və Çerniyayevski polku Müsəlman bürosunun üzvü olan və Daşkənd Sovetinə Köhnəşəhər seçki dairəsindən müsəlman deputatı seçilən Sanjar Asfandiyarov boşeviklərin səkkiz saatlıq iş günü, əsarətdə olan xalqlara azadlıq, sosial bərabərlik, torpaqların kəndilərə verilməsi, söz və vicdan azadlığı kimi şüarlarına aldanır. Onlarla birgə çalışır, xalqının xoşbəxtliyini bolşeviklərin hakimiyyətə gəlməsində görür. Bolşeviklərin də yerli xalqlardan olan Sanjar kimi savadlı və işgüzar kadrlara böyük ehtiyacı vardı.
Odur ki, Sanjar Asfandiyarovu Türkistan Muxtar Sovet Sosialist Respublikasında səhiyyə komissarı, sonra da torpaq və su təsərrüfatı komissarı vəzifəsinə təyin edirlər. 1919-1920-ci illərdə nazir işləyən Sanjar Asfandiyarov Turar Rıskulovla dostlaşır. Partiya, sovet işin-də rəhbər vəzifələr tutan qazax xalqının bu iki mübariz oğlunun dostluğu və məsləkdaşlığı ömürlərinin sonuna kimi davam edir.
1923-1925-ci illərdə Türkistan MSSR Xalq Komissarlığında Torpaq və Su Təsərrüfatı şöbəsinin müdiri, Rusiya Kommunist (bolşeviklər) Partiyası Türkistan Vilayət Komitəsinin məsul katibi, RK(b)P Mərkəzi Komitəsinin Orta Asiya bürosunun üzvü olan Sanjar Asfandiyarov xalqına divan tutulduğunun şahidi olur. Özü rəhbər vəzifədə işləsə də, rusların çarizm dövründəki kimi xalqına yuxarıdan aşağı baxılmasının, hüquqlarını tapdamasının qarşısını ala bilmir. Odur ki, hakimiyyətdən narazı olan rəhbər işçilər və ziyalıların qurduqları gizli təşkilata daxil olur.[4]
İdarəetmədən narazılığını hiss edən hakim dairələr onu vətənindən, çevrəsindəki yaxın adamlarından və məsləkdaşlarından uzaqlaşdıraraq Moskvaya rəhbər işə aparırlar.
Sandjar Asfandiyarov Moskva Dövlət Universitetinin professoru, N.Nərimanov adına Şərqşünasılq İnstitutunun rektoru olduğu müddətdə Sovetlərin yeritdiyi siyasətdən narazı qalan rəhbər partiya-sovet işçilərilə yaxından tanış olur. RSFSR Xalq Komissarlar Şurası sədrinin müavini işləmiş Turar Rıskulovla, Özbəkistan K(b)P Mərkəzi Komitəsinin katibi işləmiş Rahimbayovla, Kırım MSSR Xalq Kommisarlar Şurasının sədri işləmiş Şuqu Əmirəsənlə, RSFSR Xalq Maarif Komisarlığının əməkdaşı olmuş Xaris Jumanqulovla, Dağıstan MSSR Xalq Maarif Komissarı işləmiş Toxo Qodi, Qaraçay-Çərkəz İcraiyyə Komitəsinin sədri işləmiş Ömər Əliyevlə, Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının xalq torpaq komissarı işləmiş Dadaş Bünyadzadə, Azərbaycandan Mərkəzi İcraiyyə Komitəsinin sədri işləmiş Sultanməcid Əfəndiyevlə, xalq maarif komissarı Mustafa Quliyev, ali müktəblərdə dərs deyən, elmi idarələrdə çalışan, məşhur professor Bəkir Çobanzadə və b. ilə birlikdə Vahid Türk-Tatar Respublikası qurmağı planlayırlar. Bu adamların hər birinin rəhbərlik etdiyi gizli quruplarda da onlarla ziyalı, tələbə, rəhbər partiya-sovet işçisi, hərbçi olur.
Sandjar Asfandiyarovu Moskvadan uzaqlaşdıraraq Qazaxıstana göndərirlər. 1928-1931-ci illərdə Qazaxıstan Pedaqoji İnstitutunun rektoru və tarix kafedrasının müdiri işləyən Sandjar Asfandiyarov 1931-1933-cü illərdə Qazaxıstan MSSR səhiyyə komissarı və Qazaxıstan Tibb İnstitunun rektoru vəzifələrində çalışır.
1933-1934-cü illərdə Qazaxıstan MSSR Xalq Maarif Komissarının müavini işləyən Sandjar Asfandiyarovu rəhbər partiya-sovet işindən uzaqlaşdırıb elmi-tədqiqat sahəsinə göndərirlər. Bu o demək idi ki, sovetlərin ona inamı və eti-barı azalmışdı.
1934-1937-ci illərdə SSRİ EA Qazaxıstan filialında tarix-arxeologiya komissiyasında şöbə müdiri, Filial direktorunun müavini işləyən, ali məktəblərdə dərs deyən, professor Sandjar Asfandiyarov gizli fəaliyyətini də davam etdirir, ətrafina daha çox elmi kadrlar toplayır.
Qazaxıstanın yaxın tarixinə dair bir neçə sanballı əsər yazan Sandjar Asfandiyarov əleyhinə 1937-ci ildə kampaniya başlayır. Həmin ilin avqustun 22-də onu həbs edərək istintaqa başlayırlar. Sentyabrın 27-də isə Almatı şəhər Partiya Komitəsinin bürosu onu kommunist partiyası sıralarından azad edir. İki gün sonra çap olunan “Kaza-xıstanskoye pravda” qəzet onun əleyhinə kəskin məqalə yazır.
KQB tərəfindən həbs edilən Sandjar Asfandiyarovu uzun və işgəncəli istintaqdan sonra 1938-ci il fevralın 25-də güllələyirlər. Alimin ölümünü ailəsindən və qohumlarından gizli saxlayırlar.
Sandjar Asfandiyarov güllələndikdən sonra Smolndakı Müqəddəs Qızlar İnstitutu bitirmiş, xanımı Rabiqanı da xalq düşmən arvadı kimi 8 il həbs cəzasına məhkum edərək Karelya SSR-dəki həbs düşərgələrindən birinə göndərirlər. Sandjar Asfandiyarovun qızlar Aliya və Dilya (Adolat) başsız qalır. Xalq düşməni adı ilə həbs edilən və güllələnən insanların yaxınları, qohumları da təqib edildiyindən, həbsxanalara gön-də rildiyindən uzun müddət bir birindən xəbər belə tuta bilmirdilər. Sandjar Asfandiyarov güllələn-dikdə 17 yaşında olan kiçik qızı Dilyanı (Adolat) nənəsi təqibdən qorumaq üçün Moskvaya göndərir. O, Moskvada bir müddət Xarici Dillər İnstitutunu bitirmiş böyük bacısı Aliyanın yanında qalır. Müharibə başladıqda isə Moskvada yaşamaq çətinləşdiyinə, dinc əhalinin bir qismini Türkistana və Sibirə köcürdüklərinə görə Dilyan (Adolat) Sanjarın Daşkənddə yaşayan bacıları Gülüsüm və Anelin yanında köçməli olur. O dövrdə həkim işləyən Gülüsüm xanımın xalq arasında hörməti böyük olur. O, nəinki qardaşı qızına yardımçı olur, hətta 1943-cü ildə Rabiqa həbsdən döndükdən sonra kiçik qızı Dilyanı (Adolat) yanına köçməsinə və Daşkəndə yaşamasına köməklik göstərir.
1958-ci ilin maya ayının 27-də isə SSRİ Ali Məhkəməsi ona bəraət verir.
Sovetlər Birliyi dağıldıqdan sonra Qazaxıstanda Əbülxair xan fondu yaradılır. Fond xanın nəslindən olanları axtaraıb haqqlarında məlumat toplayır. Fondun çağrışı ilə Dilyanın (Adolat) Daşkənddə yaşayan qızı, 1944-cü ildə anadan olmuş Sofiya Temurbay qızı Sultanova Almatıya gəlir və ailə üzvləri, qohumları haqqında bildiklərini fondun əməkdaşlarına söyləyir. O bildirir ki, anası 1976-cı ildə 55 yaşında korbağarsağından əməliyyat edilərkən dünyasını dəyişib. Sofiya Temurbay qızı Sultanova 1966-cı ildə Daşkənd Dövlət Universitetının Biologiya Fakültəsini bitirir və orada Muxambet Sultanovla ailə qurur. Bu evlilikdən bir oğulları və bir qızları olur. Oğlanları hazırda Rusiyada, qızları isə onunla bilikdə Daşkənddə yaşayır.
Qohumlarının verdiyi bilgiyə görə Aliyə Moskvada bir yəhudiyə ərə gedir, ondan Maşa adlı bir qızı da olur. Bu ailə sonralar İsrailə köçür. “Kazaxstanskaya pravda” qəzeti 2013-cü il iyulin 13-də, 232-ci (27506) sayında dərc olunmuş bir məqalədə Sandjar Asfandiyarovun nəvəsinin vətənə dönmək istəyindən söz açılır[5].
Sovetlər dağıldıqdan və Qazaxıstan azadlığına qovuş-duqdan sonra Sandjar Asfandiyarov adının əbədiləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilir.Qazaxıstan SSR nazirlər Sovetinin 11 fevral 1989-cu il qərarıyla Sandjar Asfandiyarovun vaxtilə dərs dediyi və rektor işlədiyi Tibbi İnstitutuna onun adı verilir, 1928-1937-ci illərdə yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulur, Almatada bir küçə onun adı ilə adlandırılır.