Sekişo (関所?), qısaca seki və ya sədd stansiyaları – Yaponiyada yolların vacib strateji nöqtələrində tikilmiş hökumət tikililəri.[1] Meyci dövrünə qədər istifadə olunmuş sekişo sistemi yoldan keçən şəxsləri yoxlanışdan keçirmək və vergi yığmaq üçün nəzərdə tutulmuşdu.[1]
Sekişo sistemi 645-ci ildəki Tayka islahatı çərçivəsində yaradılmış, Kinay regionu, daxili əyalətlər və paytaxt ərazisi üçün nəzərdə tutulmuşdu.[1] İse əyalətindəki Suzuka, Mino əyalətindəki Fuva və Eçizen əyalətindəki Araçi stansiyaları ən əhəmiyyətli üç sekişo hesab olunurdu.[1] Bu üç sekişo Sankan və ya Üç sədd adlandırılırdı.[1] İmperatorun ölümü, üsyan və ya milli fövqəladə hallarda hökumət tərəfindən göndərilmiş rəsmilər bu stansiyalara gəlirdilər.[1]
Heyan dövründə qəbul edilmiş Ritsuryo sistemi nəticəsində Sankan öz aktuallığını itirmişdir.[1] Yaponiyada feodal münasibətlərin inkişaf etməsi nəticəsində torpaq sahibləri öz ərazilərində özəl sədd stansiyalarını yaratmağa başlamışdırlar.[1] Kavate və ya tsuryo kimi adlarla tanınan bu stansiyalarda müxtəlif formalarda rüsum toplanırdı.[1] Muromaçi dövründə şoqunluq və regional hakimlər sekişolardan əlavə gəlir mənbəyi kimi istifadə etməyə başlamışdırlar.[1] Bu sekişolar mal və nəqliyyat axınına mane olduğu üçün Oda Nobunaqa və Toyotomi Hideyoşi tərəfindən ləğv olunmuşdur.[1] Lakin Tokuqava dövründə sekişo sistemi bərpa edilmiş, Hakone, İmaqire, Kobotoke, Usui və paytaxt yolu üzərində yerləşən digər nöqtələrdə sekişolar yaradılmışdır.[1] Bu sekişoların əsas məqsədi paytaxta daxil olan silahları və paytaxtı tərk edən qadınları təftiş etmək idi.[1] Çünki həmin dövrdə daymyo ailələrinin paytaxtda yaşaması məcburi hal idi.[1]
Sekişo sistemi Meyci hökuməti tərəfindən 2 mart 1869-cu ildə ləğv olunmuşdur.[1]
Hakone, Fukuşima və Aray kimi sekişolar hazırda muzey kimi fəaliyyət göstərir.[2][3][4]