Senzay Vakaşu

"Senzay Vakaşu"da Murasaki Şikibunun iki şeiri. Xəttat Nico Tameucidir.

"Senzay Vakaşu" (千載和歌集?, azərb. "Min ilin kolleksiyası"‎) və ya qısaca "Senzayşu" (千載集?)yapon poeziyasının yeddinci imperial antologiyası.[1] Keçmiş imperator Qo-Şirakavanın əmri ilə 1183–1188-ci illərdə tərtib olunmuş, növbəti illərdə əlavələr edilmişdir.[1] Antologiyanın tərtibatçısı və girişinin yazarı Fucivara no Şunzey olmuşdur.[1] Antologiya 20 kitab və 1285 şeirdən ibarətdir.[1]

Antologiyanın tərtib olunduğu dövr Yaponiyada TayraMinamoto klanları arasında baş verən müharibə dövrünə təsadüf edir.[1] Şunzey əsəri tərtib edərkən Kiotoda yaşayırdı.[1] Müharibə dövrü olduğu üçün antologiyanın tərtibatında çətinliklər və gecikmələr yaşanmış, nəticə də, əsər 5 il ərzində tamamlanmışdır.[1]

Son mətn keçmiş imperator Qo-Şirakavaya 1188-ci ildə təqdim olunmuş və Şunzeyin öz dəsti-xətti ilə yazılmış 20 əlyazmadan ibarət olmuşdur.[1]

Şunzey antologiyanı tərtib edərkən son 200 ilin ən yaxşı poeziya işlərini daxil etməyə çalışmış, həm son, həm də qədim şeirləri seçmişdir.[1] Qədim ənənələrlə yenidən əlaqə qurmaq üçün ilk dörd imperial antologiyanın 20 kitablıq formatına qayıtmışdır.[1]

"Senzayşu"nun quruluşu "Kokinşu"nun quruluşunu xatırladır.[1] İlk 10 kitab təbiət şeirlərinə, son 10 kitab isə sevgi şeirlərinə həsr olunmuşdur.[1] Əsas yenilik son iki kitabın dini şeirlərdən ibarət olması idi.[1] Belə ki, Şunzeyin dinə böyük marağı var idi.[1]

Antologiyada 383 şəxsin şeiri öz əksini tapmışdır.[1] Bu şəxslərə zadəganlar, saray əyanları, rəsmilər, saray xanımları, keşişlər, rahibələr, hətta kurtizankalar daxildir.[1] Şunzey qocalar və gənclər, kişilər və qadınlar, mühafizəkarlar və yenilikçilər arasında tarazlıq yaratmağa çalımışdır.[1]

Antologiyanın əsas şairləri bunlardır: Minamoto no Toşiyori (52 şeir), Şunzey (36 şeir; çoxu Qo-Şirakavanın əmri ilə əlavə olunmuşdur), Fucivara no Mototoşi (26 şeir), keçmiş imperator Sutoku (23 şeir), Şune (22 şeir), İzumi Şikibu (21 şeir).[1]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 68. ISBN 0-87011-627-4. İstifadə tarixi: 16 yanvar 2023.