Sergey Mitrofanoviç Yefimenko (rus. Сергей Митрофанович Ефименко; 25 sentyabr (7 oktyabr) 1896, Borzna[d], Çerniqov quberniyası[d] – 5 avqust 1971, Bakı) — teatr rəssamı, qrafika ustası, Azərbaycan SSR xalq rəssamı (1961).
Sergey Yefimenko | |
---|---|
rus. Сергей Митрофанович Ефименко | |
| |
Doğum tarixi | |
Doğum yeri | Borzna, Borzna qəzası, Çerniqov quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | II Fəxri Xiyaban |
Vətəndaşlığı |
Rusiya imperiyası→ SSRİ |
Fəaliyyəti | teatr rəssamı |
Təhsili | Moskva Ali Bədii-Texniki Emalatxanası (1924) |
Janr | səhnəqrafiya |
Stillər | monumental romantizm, klassisizm |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Sergey Yefimenko 25 sentyabr (7 oktyabr) 1896-cı ildə Çerniqov quberniyasının Borzna şəhərində anadan olmuşdur. 1915-ci ildə Kiyev Rəssamlıq Məktəbini, 1919-cu ildə isə Daşkənd Rəssamlıq Məktəbini bitirmiş, təhsilini 1921–1924-cü illərdə Moskva Ali Bədii-Texniki Emalatxanasında davam etdirmişdir.[1] Burada o, əvvəlcə keramika şöbəsində oxumuş, daha sonra isə rəssamlıq şöbəsində A. Kuprin, A. Lentulov, F. Fyodorovski və başqalarından rəssamlıq sənətini öyrənmişdir.[2]
Sergey Yefimenko teatr rəssamlığına 1923-cü ildə Moskvada Meyerhold adına Teatrda başlamışdır. 1926-cı ildə Moskva İnqilab Teatrında fəaliyyətini davam etdirmişdir.[3] Teatr-dekorasiya sahəsində təcrübə qazandıqdan sonra 1927-ci ildə Bakıya gələrək ömrünün sonunadək Azərbaycan Dövlət Rus Dram Teatrında əvvəlcə rəssam və sonra isə baş rəssam işləmişdir.[4]
Sergey Yefimenko 1941-ci ildən Sov.İKP üzvü olmuşdur.[4] Rəssam 5 avqust 1971-ci ildə Bakıda vəfat etmişdir. II Fəxri Xiyabanda dəfn olunub.[1]
Rəssam Azərbaycan Dövlət Rus Dram Teatrında 150-dən çox tamaşaya bədii tərtibat vermişdir. Mixail Lermontovun "Maskarad", Maksim Qorkinin "Ana", "Həyatın dibində", "Yeqor Bulıçov və başqaları", "Vəhşilər", "Zıkovlar", Nikolay Qoqolun "Müfəttiş", Lev Tolstoyun "Canlı meyit", Denis Fonvizinin "Nadan övlad", Anton Çexovun "Ayı", "Elçilik", "Yubiley", "Qağayı", Aleksandr Qriboyedovun "Ağıldan bəla", Aleksandr Ostrovskinin "Son qurban", "Quduz pullar", "Tufan", "Günahsız müqəssirlər", "İstedadlar və pərəstişkarlar", Fyodor Dostoyevskinin "Alçaldılmışlar və təhqir olunmuşlar", İvan Turgenevin "Atalar və oğullar", Cəfər Cabbarlının "Sevil", "1905-ci ildə", "Od gəlini", Səməd Vurğunun "Xanlar", "Qızıl", Nazim Hikmətin "Demoklun qılıncı", Eduardo de Filipponun "İnsan və centlmen", Bernard Şounun "Missis Uorrenin peşəsi", Uilyam Şekspirin "Otello", Fridrix Şillerin "Məkr və məhəbbət". Aleksis Parnisin "Afrodita adası", Branislav Nuşiçin "Fəlsəfə doktoru". Pyer Bomarşenin "Fiqaronun evlənməsi", Karlo Qoldoninin "İki ağanın bir nökəri" kimi pyeslərin tamaşalarına müxtəlif formalarda səhnə tərtibatlarını işləmişdir.[1]
O, Azərbaycan Dövlət Opera və Balet Teatrında Pyotr Çaykovskinin "Yevgeni Onegin", Müslüm Maqomayevin "Şah İsmayıl" operalarının, Sezar Puninin "Esmeralda" baletinin, Akademik Milli Dram Teatrında Uilyam Şekspirin "Hamlet", "Otello", "Kral Lir", "On ikinci gecə", Cəfər Cabbarlının "Yaşar", Vasili Şkvarkinin "Özgə uşağı", Fridrix Şillerin "Məkr və məhəbbət", Aleksandr Ostrovskinin "Cehizsiz qız", Aleksandr Fadeyevin "Gənc qvardiya", İmran Qasımov və Həsən Seyidbəylinin "Uzaq sahillərdə", Lope de Veqanın "Dəlilər" və başqa əsərlərin tamaşalarının rəssamı olmuşdur.[1]