İmran Haşım oğlu Qasımov (25 noyabr 1918, Bakı – 20 aprel 1981, Bakı) — Azərbaycan dramaturqu və kinossenaristi, Azərbaycan Yazıçılar İttifaqının katibi (1967–1981)[1] 1939-cu ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan SSR xalq yazıçısı (1979), Azərbaycan SSR dövlət mükafatı (1980) və "Lenin" ordeni (1978) laureatı .
İmran Qasımov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, ADR |
Vəfat tarixi | (62 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | |
Atası | Həşim Qasımov |
Fəaliyyəti | yazıçı |
Janrlar | dram, cinayət |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
İmran Qasımov 1918-ci il noyabrın 25-də Bakıda ziyalı ailəsində doğulub. Atası Həşim Qasımov əsrin əvvəllərində Sankt-Peterburqda ali təhsil almışdı, anası Mələk geniş dünyagörüşü olan xanım, Azərbaycanın ilk qadın mühəndislərindən biri idi.
İmran 1934-cü ildə orta məktəbi bitirdikdən sonra əvvəlcə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində, sonra Moskvada kinossenaristlər kursunda oxuyub.[2]
Vətənə döndükdən sonra Azərbaycan SSR Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsi sədrinin birinci müavini, "Literaturnıy Azerbaydjan" jurnalının baş redaktoru, 1975-ci ildən ömrünün sonuna kimi (1981) Azərbaycan Yazıçılar İttifaqının birinci katibi vəzifələrində çalışıb. Xalq yazıçısı fəxri adına, Azərbaycan Dövlət mükafatına layiq görülüb, "Lenin", "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri ilə təltif olunub.
İmran Qasımov Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ədiblərdən biridir. O, nasir, dramaturq və ssenarist kimi zəngin ədəbi-bədii irsə malikdir.
Yazıçı Həsən Seyidbəyli ilə birgə qələmə aldığı "Uzaq sahillərdə" romanı dövrünün ən populyar əsərlərindən olub. Yaradıcılığında dəniz mövzusunun xüsusi yeri var. Buna "Xəzər neftçiləri haqqında dastan", "Dəniz cəsurları sevir" (H.Seyidbəyli ilə birlikdə), "İnsan məskən salır" , "Arzu", "Xəzər üzərində şəfəq" və digər əsərlərini misal göstərmək olar. Ədəbi yaradıcılığında müasirlərinin mənəvi zənginliyini, əxlaqi keyfiyyətini əks etdirib. Məhz bu səbəbdəndir ki, onun əsərlərini gənc oxucular böyük rəğbətlə qarşılayıb və seviblər.
İmran Qasımov həm də istedadlı ssenarist olub. Onun ssenariləri əsasında bir çox filmlər çəkilib. Həsən Seyidbəyli ilə birgə eyniadlı roman əsasında yazdıqları ssenari üzrə çəkilən "Uzaq sahillərdə" filmi xüsusilə geniş şöhrət qazanıb. Film dünyanın 25 dilinə tərcümə olunub, Asiya və Afrika ölkələrinin festivallarında birinci yer tutub, Kanadada mükafata layiq görülüb.
İmran Qasımovun ssenariləri üzrə çəkilən filmlərdə fədakar əmək, məhəbbət parlaq şəkildə əksini tapıb. Müasirlərin və yenilikçilərin hiss və duyğuları aydın şəkildə verilib. "Onun böyük ürəyi", "İnsan məskən salır" və s. filmləri bu gün də sevilərək baxılır.
Özünəməxsusluq, xəlqilik İmran Qasımovun yaradıcılığını şərtləndirən və səciyyələndirən xüsusiyyətlərdir. Bu, onun təsvir etdiyi qəhrəmanların mənəvi aləminə, qayğılarına və sevinclərinə çox bağlı olduğunu parlaq şəkildə göstərir. O, qəhrəmanının həyat yolunu bir vətəndaş kimi ardıcıl olaraq izləyir, böyük rəğbətlə müşahidə edir və öyrənirdi.
O, ədəbi yaradıcılıqla bərabər, həm də ictimai xadim olub. Tez-tez xarici ölkələrə səfərə çıxıb. Müxtəlif görüşlər, böyük xalqlar, maraqlı adamlar haqqında xatirələr yazıb.
İmran Qasımov 63 il ömür yaşayıb. Bu ömürdə zəngin yaradıcılığı ilə ədəbiyyatımızda və kino sənətimizdə mötəbər yer tutub.[3] Yazıçı 1981-ci il aprelin 20-də vəfat etmişdir.
28 iyun 2018-ci ildə Azərbaycan prezidenti İmran Qasımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.[4]