Sevda Haqverdiyeva

Sevda Haqverdiyeva (9 aprel 1977, Bakı) — Qırmızı Ürəklər Fondunun prezidenti.[1]

Sevda Haqverdiyeva
Şəxsi məlumatlar
Doğum tarixi (47 yaş)
Doğum yeri Bakı, Azərbaycan,
Vətəndaşlığı
Azərbaycan Azərbaycan
Təhsili Ali

Təltifləri "Tərəqqi" medalı

Sevda Haqverdiyeva 9 aprel 1977-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

1984–1994-cü illər ərzində 53 nömrəli tam orta məktəbdə təhsil alıb. Orta məktəbi fərqlənmə ilə bitirib. 1994-cü ildə Bakı dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinə daxil olub. 1998-ci ildə bakalavr pilləsini bitirib, elə həmin ildə həmin fakültənin magistr pilləsinə daxil olub. 2000-ci ildə BDU-nun magistr pilləsini qırmızı diplomla bitirib.

1998-1999-cu illərdə UTAS neft şirkətində menecer kimi ilk əmək fəaliyyətinə başlamışdır. 2000–2003-cü illərdə Azercell Telecom MMC-nin Müştəri Xidmətləri Departamentində təmsilçi vəzifəsində çalışıb. 2003–2004-cü illərdə Azercell Telecom MMC-nin Müştəri Xidmətləri Departamentinin Əlaqə mərkəzi şöbəsinin qrup rəhbəri, 2004–2011-ci illərdə şirkətin Müştəri Əlaqələri Departamentinin korporativ təlimçisi və Azercell Akademiyasının müvafiq akreditasiyasından keçərək sertifikasiyalı təlimçisi olaraq fəaliyyət göstərib. 2004-cü ildə Azercell Akademiyasının ilk beynəlxalq təlimçi akreditasiyasından keçmiş təlimçilərindən biridir. Ukrayna, Maldova, Tacikistan, Özbəkistan kimi ölkələrdə müxtəlif aiuditoriyalara təlimlər keçərək, yeni kadrların hazırlanmasına və inkişafına töhfələr vermişdir. Özbəkistanın paytaktı Daşkənddə Telia Company-nin törəmə şirkəti olan FE Coscom (UCELL) şirkətində 2011–2014-cü illərdə İnsan Resursları Departamentinin eksperti, 2014–2015-ci illərdə Korporativ Kommunikasiya Departamentinin mütəxəssisi, 2015–2016-cı illərdə Marketinq Departamentinin marketinq kommunikasiyaları üzrə mütəxəssisi olaraq çalışmışdır. 2016-cı ildə yenidən Azərbaycana geri dönmüş, 2016–2019-cu illər ərzində Azercell Telecom MMC-də Təlim və məlumatların idarə olunması mərkəzində təlimçi və Azercell Akademiyasının sertifikatlaşmış təlimçisi olaraq fəaliyyətini davam etdirmişdir. 2019-cu ildən Kapital Bank ASC-nin İnsan Resursları Departamentində menecer olaraq fəaliyyətə başlamışdır. 2021-ci ilin fevral ayında Daxili Kommunikasiya üzrə şöbə rəisi təyin edilmişdir. 2020-ci ilin dekabr ayının 15-dən etibarən "Qırmızı Ürəklər" Fondunun prezidenti təyin edilmişdir.[2]

İngilis, Rus və türk dillərini bilir.

Ailəlidir, bir qızı, bir oğlu var.

Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2024-cü il 7 mart tarixli sərəncamı ilə Qırmızı Ürəklər Fondunun prezidenti Sevda Haqverdiyeva Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.[3]

  1. ""Qırmızı Ürəklər" Fondunun prezidenti Sevda Haqverdiyeva". 26-08-2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-29.
  2. "Arxivlənmiş surət". 2021-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-22.
  3. "Arxivlənmiş surət". 2024-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-07.