Sima Eyvazova

Sima Eyvazova (tam adı: Sima Rəhman qızı Eyvazova; 2 oktyabr 1933, Bakı6 may 2009, Cenevrə) — SSRİAzərbaycan diplomatı.[1]

Sima Eyvazova
Doğum tarixi 2 oktyabr 1933(1933-10-02)
Doğum yeri
Vəfat tarixi 6 may 2009(2009-05-06) (75 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti diplomat

Sima Eyvazova 2 oktyabr 1933-cü ildə tarixində Bakı şəhərində həkim ailəsində anadan olmuşdur.[1] Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir.[1]

Əmək fəaliyyətinə 16 yaşında başlamışdır. 23 yaşında Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsinin təlimatçısı işləmişdir.[1] 26 yaşında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi onu SSRİ Xarici İşlər Nazirliyi yanında Ali diplomatiya məktəbində oxumağa göndərmişdir. Sima Eyvazova bu məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.[1] Daha sonra onu SSRİ XİN-in Mərkəzi Aparatında 2-ci Avropa şöbəsində işə götürmüşlər. Bu vəzifədə o, əsasən SSRİ-nin Böyük Britaniya ilə münasibətlərinə dair məsələlərlə məşğul olmuşdur.[1] Üçüncü katib postundan birinci dərəcəli müşavir vəzifəsindək yüksəlmişdir.[1] 1982-ci ildə Azərbaycan SSR KP MK-nın 1-ci katibi Heydər Əliyev onu Azərbaycan SSR-in xarici işlər naziri vəzifəsinə dəvət edir və Sima Eyvazova bir müddət bu vəzifədə çalışır.[1] Daha sonra SSRİ XİN onu xaricdə vəzifəyə təyin etmişdir. Belə ki, 1985-ci ildə Sima Eyvazova BMT-nin Cenevrədəki (İsveçrə) bölməsində məsul vəzifəyə təyinat almışdır. O, burada SSRİ dağılanadək çalışmışdır.[1] SSRİ dağılan ərəfədə — 1991-ci ilin oktyabr ayında Sima Eyvazova BMT-nin Cenevrədəki bölməsində sovet diplomatiya xidmətindəki vəzifəsindən istefa verərək, müstəqil Azərbaycan Respublikasının bu qurumdaki nümayəndəsi kimi qeydiyyata alınmışdır.[1]

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 1997-ci il 4 mart tarixli Fərmanı ilə Sima Eyvazovaya Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri rütbəsi verilmiş və bununla yanaşı o, BMT-nin Cenevrədəki bölməsində[2] və İsveçrədəki digər beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının daimi nümayəndəsi təyin edilmişdir.[1] 28 iyun 1999-cu ildə ezamiyyət müddətinin bitməsi ilə əlaqədar Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən o, geri çağırılmışdır.[3] O, 6 xarici dil bilirdi ki, bunlardan da 3-ü BMT-də rəsmi dillərindən olan rus, ingilis və fransız dilləri idi.[1]

Sima Eyvazova müstəqil Azərbaycanın tarixində ilk peşəkar diplomat qadın olub. Eyni zamanda keçmiş SSRİ-də ilk qeyri-rus qadın diplomat kimi tarixə düşüb. O, SSRİ Xarici İşlər Nazirliyi yanındakı Ali diplomatiya məktəbində təhsil almış qeyri-rus milliyətinən olan ilk qadın diplomatdır.[1]

Sima Eyvazova 6 may 2009-cu ildə İsveçrənin Cenevrə şəhərində vəfat etmişdir.[1]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Keçmiş SSRİ-nin ilk qeyri-rus qadın diplomatı — O, azərbaycanlı idi FOTOLAR. publika.az, 08.10.2016 (az.)
  2. "PERMANENT REPRESENTATIVES AND AMBASSADORS TO THE UNITED NATIONS IN GENEVA". 2020-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-10.
  3. Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi S. R. Eyvazovanın ezamiyyət müddətinin bitməsi ilə əlaqədar geri çağırılması haqqında Arxivləşdirilib 2019-01-09 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 28 iyun 1999-cu il tarixli, 146 nömrəli Fərmanı. e-qanun.az  (az.)