Slavika Cukic Deyanoviç (serb. Славица Ђукић Дејановић; 4 iyul 1951, Raça[d], Serbiya Sosialist Respublikası, Yuqoslaviya SFR) — serb siyasətçi, uzun müddət Serbiya Sosialist Partiyasının üzvü olmuş və 25 iyun 2008-ci ildən etibarən Serbiya Milli Assambleyasının sədridir.[1][2]
Slavika Cukic Deyanoviç | |
---|---|
serb. Славица Ђукић-Дејановић | |
| |
5 aprel 2012 – 31 may 2012 | |
Əvvəlki | Boris Tadiç |
Sonrakı | Tomislav Nikoliç |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 iyul 1951 (73 yaş) |
Doğum yeri | Yuqoslaviya Raça, Yuqoslaviya |
Fəaliyyəti | siyasətçi, psixiatr, nazir |
Vikianbarda əlaqəli mediafayllar |
Slavika Cukic Deyanoviç Serbiya Milli Assambleyasına rəhbərlik edən ikinci qadındır. Nataşa Miçiç 2001-2004-cü illər arasında müstəqil Serbiya Respublikasının parlamentinin ilk sədri olmuşdur.
Slavika Cukic Deyanoviç 1983-cü ildə Belqrad Universitetinin Tibb fakültəsində magistr dərəcəsi almış, 1986-cı ildə isə doktorantura təhsilini başa vurmuşdur.[3][4] Deyanoviç 1982-ci ildən etibarən Kraquyevaçdakı Tibb Fakültəsində işləmişdir.[3] 1992-ci ildə professor assistenti, daha sonra isə dosent və birinci assistent olmuşdur.[3][4] 1996-cı ildə isə professor adı almışdır. 1995-2001-ci illər arasında Kraquyevaçdakı Kliniki Hospitalın direktoru vəzifəsində işləmişdir.[5] Deyanoviç Kraquyevaçdakı Psixiatriya Klinikasının direktoru, Tibb Fakültəsinin dekanı və Serbiya Psixiatrlar Assosiasiyasının vitse-prezidenti vəzifələrində işləmişdir.[6] Psixotrop maddələr komissiyasının prezidenti, Elm və Texnologiya Bölməsinin tərkibində fəaliyyət göstərən tibbi tədqiqatlar üzrə şöbənin idarə heyətinin üzvü olmuşdur.[7]
18 yaşı olarkən Yuqoslaviya Kommunistlər İttifaqının üzvü olmuşdur.[8][9] Deyanoviç İttifaqın Daimi Fəaliyyət Konfransının rəhbəri və Kraquyevaç Liqasının Bələdiyyə Komitəsinin üzvü idi.[3] Deyanoviç 1990-cı il sentyabr ayının 12-dən Serbiya Sosialist Partiyasının üzvüdür.[10] O, Serbiya Sosialist Partiyasının İcraiyyə Komitəsinin üzvü və Serbiya Sosialist Partiyasının Kraquyevaç Regional Komitəsinin sədri idi. O, 1996-cı ildə birinci dəfə SSP-nin vitse-prezidenti seçilmiş və 1997-ci ilin aprel ayına qədər bu vəzifədə qalmışdır.[10] O, 12 may 2002-ci ildə və 4 dekabr 2006-cı ildə yenidən SSP-nin vitse-prezidenti vəzifəsinə seçilmişdir.[7] O, iki müddət ərzində Serbiya Assambleyasının və Federal Parlamentin üzvü kimi fəaliyyət göstərmişdir. O, Müvəqqəti Serbiya hökümətinin kabinetində 2000-ci ilin oktyabr ayından 2001-ci ilin yanvar ayına qədər Ailə naziri olmuşdur.[11][12][13][14][15]