Sofiq Kəlbi oğlu Hüseynov (22 iyul 1950, Çöpədərə, Zəngilan rayonu – 30 dekabr 1997, Azərbaycan) — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış[1] deputatı (1995), Professor (1993).[2]
Sofiq Hüseynov | |
---|---|
Sofiq Kəlbi oğlu Hüseynov | |
Doğum tarixi | 22 iyul 1950 |
Doğum yeri | |
Vəfat tarixi | 30 dekabr 1997 (47 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | SSRİ → Azərbaycan |
Elm sahəsi | İqtisadiyyat |
Elmi adı | Professor |
Alma-mater | D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu |
Təhsili | |
Üzvlüyü |
|
Sofiq Hüseynov 1950-ci il iyul ayının 22-də Zəngilan rayonunun Çöpədərə kəndində kəndli ailəsində anadan olmuşdur.[3] Zəngilan şəhərində orta məktəbi bitirdikdən sonra 1967-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda "Sənayenin iqtisadiyyatı" fakültəsinin əyani şöbəsinə qəbul olunmuşdur. Əyani təhsil dövrünün son iki ilində axşamlar Vano Sturua adına Gəmi Təmiri zavodunda fəhlə işləmişdir. Ali məktəbi bitirdikdən sonra, 1971-ci ildə təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna göndərilmişdir və həmin il əyani aspiranturaya daxil olmuşdur.
1973–1974-cü illərdə həqiqi hərbi xidmətdə qulluq etmişdir. 1977-ci ildə aspiranturada təhsilini başa vurduqdan sonra iqtisad elmləri namizədlik dissertasiyasını müdafiə etmişdir. 1984–1986-cı illərdə Moskvaya – SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutuna ezam olunmuş, orada doktorluq dissertasiyası üzərində işi başa çatdırmışdır. 1988-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Sofiq Hüseynov 1997-ci il dekabr ayının 30-da 47 yaşında vəfat etmişdir.[4]
1988-ci il 23 mayda Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, 1994-cü il 3 may tarixindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin direktoru təyin edilmişdir. Əsas elmi-praktik fəaliyyəti ilə yanaşı 20 ilə yaxın Bakının bir sıra ali məktəblərində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1993-cü ildə ona professor elmi adını qazanmışdır.[5]
İki Beynəlxalq Elmi Akademiyanın-Beynəlxalq Pedaqoji və Sosial Elmlər Akademiyasının və Beynəlxalq Ekoenerji Akademiyasının həqiqi üzvü olmuşdur. 1992-ci ildə Azərbaycan "Bilik" maarifçilik cəmiyyətinin akademik Yusif Məmmədəliyev mükafatı laureatı adına layiq görülmüşdür. Rəhbərliyi altında 10-dan artıq aspirant elmlər namizədi alimlik dərəcəsi adına layiq görülüb. Yüzdən artıq elmi əsərin, o cümlədən 5 monoqrafiyanın müəllifidir. "Elm" nəşriyyatı tərəfindən 1987-ci ildə çap edilmiş "İntensivləşdirmə şəraitində istehsalın quruluşunun səmərəliliyi" (rus dilində) monoqrafiyası keçmiş SSRİ Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən 1987-ci ildə ictimai elmlər sahəsində Sovet elminin nailiyyətləri sırasına daxil edilmişdir.
Tədqiqatları ilə regional iqtisadiyyat elmi məktəbini inkişaf etdirmiş, 1990-cı illərin əvvəllərində baş vermiş böhranın səbəblərini elmi cəhətdən araşdırmış və onun aradan qaldırılmasında mütəsna xidmətləri olmuşdur. Alimin respublikanın müstəqilliyinin ilk illərində çap olunmuş "Bazara keçid şəraitində Azərbaycan iqtisadiyyatının analitik-proqnoz tədqiqi", "Planlaşdırmanın təkmilləşdirilməsinin metodoloji məsələləri" və s. kimi çoxsaylı tədqiqatları problemin dərinliklə öyrənilməsi və perspektivlilik baxımından qiymətləndirilməsi üçün çox qiymətli elmi-əməli xarakterə malik idi. "Azərbaycan iqtisadiyyatının böhrandan çıxarılması və islahatlaşdırılmasının konseptual əsasları" adlı silsilə yazıları, dövlət orqanlarına təqdim olunmuş "Azərbaycan Respublikasında iqtisadiyyatın böhrandan çıxarılması və onun dinamik inkişaf yoluna düşməsində struktur siyasətin müstəsna rolu haqqında mülahizələr" adlı tədqiqat işi Sofiq Hüseynovun yüksək alim və vətəndaş mövqeyinin ifadəsi idi. Sofiq Hüseynov ondan artıq beynəlxalq konfrans və simpoziumda Azərbaycanı təmsil etmiş, məruzə ilə çıxış edən S. Hüseynov bir neçə ixtisaslaşdırılmış müdafiə şurasının üzvü, çoxlu dissertasiyalara rəsmi opponent olmuş və aparıcı təşkilatın rəhbəri kimi saysız dissertasiyalara rəy vermişdir.[6]
Respublikada iqtisadi islahat yollarının işlənməsi üzrə müxtəlif əməli-işçi komissiyalarının və hökumətin elmi məsləhətçilər qrupuna daxil olan S. Hüseynov müəllifi olduğu "Azərbaycan Respublikası iqtisadiyyatının sabitləşdirilməsi və radikal iqtisadi islahatların həyata keçirilməsi proqramı" İqtisadiyyat Nazirliyinə təqdim olunmuşdur. İqtisad elmləri doktoru olan Sofiq Hüseynov mərhum Heydər Əliyevin 1995-ci ilin martında imzaladığı fərmanla Respublika parlamenti və hökuməti tərəfindən qəbul olunmuş bir çox qanun və proqramların hazırlanmasında bilavasitə iştirak etmişdir, "Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi Dövlət Proqramı"nı hazırlamış Dövlət Komissiyasının üzvü olmuşdur.[4] Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında Azərbaycan Respublikasının Qanununun 35-ci maddəsinə əsasən 5 oktyabr 1995-ci ildə tutduğu vəzifədən azad edilmiş və 1995-ci il 24 noyabr Azərbaycan Respublikasının Milli Məclisinin 48 saylı Ağdam kənd seçki dairəsindən deputat seçilmişdir. 1995-ci il 12 dekabrda Milli Məclisin İqtisadi Siyasət daimi komissiyasının sədri təyin edilmişdir.[4][7]