Solmaz Məhərrəmova

Məhərrəmova Solmaz Səttar qızı — etnoqraf-alim, əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru.[1]

Solmaz Məhərrəmova
Məhərrəmova Solmaz Səttar qızı
Doğum tarixi
Doğum yeri Laçın, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elmi adı tarix elmləri doktoru
Təhsili Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Laçın şəhərində ziyalı ailəsində anadan olmuşdur. S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti tarix fakültəsini bitirmişdir. 

1980-1992-cı illərdə Laçın Rayon Tarix-diyarşünaslıq Muzeyinin direktoru vəzifəsində işləmişdir. Hazırda AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda baş elmi işçi vəzifəsində çalışır.

Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının Laçın Rayon təşkilatının sədridir.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1995-ci ildə "Azərbaycan kəndində müasir mədəni-məişət prosesləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, tarix elmlər namizədi alimlik dərəcəsi almışdır. 

2011-ci ildə "XIX əsr və XX əsrin əvvəllərində Kiçik Qafqazın cənub-şərq bölgəsinin tarixi etnoqrafik tədqiqi (Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının materialları əsasında)" mövzusunda Ermənistanın işğalına məruz qalmış Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər, Cəbrayıl və Füzuli rayonlarının maddi və mənəvi mədəniyyətinə həsr olunmuş doktorluq dissertasiyası müdafiə etmişdir. 

2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ilk dəfə böyük tirajla nəşr edilmiş və respublikamızın elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmiş üçcildlik "Azərbaycan etnoqrafiyası"nın müəlliflərindən biri və redaksiya heyətinin üzvüdür.

Üç monoqrafiya, 150-dən çox, o cümlədən xarici ölkələrdə (Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan) nəşr edilmiş elmi məqalələrin, habelə muzey işinə aid bir neçə metodiki tövsiyənin həmmüəllifi, Azərbaycan, rus və ingilis dillərində yüksək poliqrafik tərtibatla nəşr edilmiş "Qəbələnin tarixi", "Qəbələnin etnoqrafiyası" və "Qəbələnin folkloru" adlı kitablar toplusunun, 2017-ci ildə Moskvada rus dilində çapdan çıxmış "Azərbaycanlılar", habelə bu yaxınlarda nəşrə təqdim edilmiş "Qarabağın etnorafiyası" adlı fundamental əsərlərin əsas müəlliflərindən biridir.

Onun rəhbərliyi altında 4 nəfər dissertasiya yazmış və hazırda dissertanlardan biri müdafiə ərəfəsindədir.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi Şurasının, Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqləndirmə Şurası “Arxeologiya, Etnoqrafiya və Antropologiya İxtisasları üzrə Elmi Şuranın, Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın "Tarix və siyasi elmlər" üzrə ekspert şurasının üzvü, , AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun nəzdində fəaliyyət göstərən ED 30 Dissertasiya Şurasının üzvü, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Qadınlar şurasının sədridir.

Azərbaycan etnoqrafiya elminin və milli-mənəvi dəyərlərimizin təbliğində və geniş yayılmasında fəal iştirak edərək radio və televiziya kanallarının təşkil etdiyi verilişlərdə vaxtaşırı çıxışlar etmiş, AzTV-nin çəkdiyi "Yun hörgüsü-keçə sənəti", "Spase" kanalının 2 seriyalı "Azərbaycan xalq rəqsləri", "Lider" kanalının "Novruz çərşənbələri" adlı elmi-populyar filmlərində məsləhətçi-mütəxəssis-etnoqraf kimi çəkilmişdir. Bir sıra beynəlxalq simpozium və konfranslarda etnoqrafiya elminin problemlərinə dair maraqlı çıxışlar (onlayn) etmişdir.

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi" fəxri adını, iki dəfə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Prezidenti yanında Respublika Ağsaqqallar Şurasının, "Vətən eşqi" qəzetinin, Laçın Rayon Mədəniyyət və Turizm Şöbəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun, AMEA Azad Həmkarlar Komitəsinin Fəxri fərmanları, "Yeni şans" və "Azərbaycan əsgəri" qəzetlərinin fəxri diplomu, "Mediya Araşdırma" və "Azərbaycan və Avropa"nın layihəsi əsasında "Azərbaycan ziyalısı" fəxri diplomu, "Qafqaz-Media" İctimai Birliyinin təsis etdiyi "Xarı Bülbül" medalı, həmçinin pul mükafatları və təşəkkürlər almışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxeologiya və Etnoqrafiya İnstitutunun elmlər doktorları". 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-01.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]