Sona Mehmandarova

Sona Mehmandarova (1894, Lənkəran, Lənkəran qəzasıXX əsr, Bakı) — 1912-ci ildə dünya əhəmiyyətli gözəllik yarışmasının qalibi azərbaycanlı qadın. O, Rusiya imperiyasında təşkil olunan gözəllik müsabiqələrinin də laureatı olmuşdu.[1][2]

Sona Mehmandarova
Doğum tarixi 1894 və ya 1896
Doğum yeri Lənkəran
Vəfat tarixi 1960-cı illər
Vəfat yeri Bakı
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Fəaliyyəti model[d]
Tanınır Gözəllik

Sona Mehmandarova 1894-cü ildə (və ya 1896) Lənkəranda dünyaya gəlmişdir.[2] O, Azərbaycan Xalq Cümhuriyyətinin Müdafiə naziri Səməd bəy Mehmandarovun qardaşı Nağı bəy Mehmandarovun qız idi.[2][3] Anası Bikə xanım praporşik Əbulfət xan Talışınskinin qızı idi.[4] Lənkəranın qradonaçalniki-şəhər rəisi olan Nağı bəy dövrün Avropada təhsil almış Azərbaycan ziyalılarından biri idi. Atası Sonanın da təhsil almağını istəmiş və onu gimnaziyada oxutmuşdur. O, xüsusi müəllimlərdən fransız və rus dillərini mükəmməl səviyyədə öyrənmişdir.[2]

Xarici gözəlliyinə görə evə tez-tez elçilər gəlirdi. Atası Nağı bəy qızının təhsilinə öncəlik verdiyini bildirərək, qızına olan evlilik təkliflərini rədd edirdi. Belə rədd cavabı alan elçilərdən Əhməd bəy Zeynalov 1910-cu ildə[4] Nağı bəyi öldürərək dənizə atır. Hadisəni Nağı bəyin xidmətçisi görür və məsələnin üstü açılır. Qatillər Sibirə sürgün edilir.[2]

Gözəllik müsabiqələri

[redaktə | mənbəni redaktə et]

Atasının ölümündən sonra Sona Lənkəranı tərk edərək Bakıya anasının qohumlarının yanına gəldi. 1912-ci ildə qohumlarının təkidi ilə "Obşestvennoye sobraniye" binasındakı (indi Azərbaycan Dövlət Filarmoniyası yerləşən bina) gözəllik yarışmasına qatılır. Burada qalib olan Sona Tiflisdə keçirilən digər müsabiqəyə qatılır və burada "Qafqaz incisi" tituluna layiq görülür. O, Tiflisdən sonra Sankt-Peterburqa yola düşür və burada da birinciliyə layiq görülür. Sona xanım 1912-ci ilin sonunda Parisdə keçirilən beynəlxalq əhəmiyyətli müsabiqədə qalib gələrək, "Dünya gözəli" titulu — "Qran-Pri" sahibi olur və məşhurluğu dünyaya yayılır. Bu qalibiyyətdən sonra Sona xanım Bakıya və ya Lənkərana qayıda bilmir və Sankt-Peterburqda yaşamağa başlayır. Müsabiqədən bir il sonra o, 1913-cü ildə əslən dağıstanlı olan Uruzovla ailə həyatı qurdu.[1][2]

Ailəsi bu evliliyə razı olmasa da, Sona xanım Uruzovdan ayrılmadı.[2]

Sovet Rusiyası və repressiyalar dövründə

[redaktə | mənbəni redaktə et]

Rusiya inqilablarından sonra hakimiyyəti ələ keçirən bolşeviklər ölkədəki şəxsi mülkləri dövlətin mülkiyyətinə çevirir. Bununla, Sona xanımın ailəsi müflisləşir. O, əmisinin hərbi nazir olduğu Azərbaycan Demokratik Respublikası qurulsa da, Azərbaycana qayıtmır. Tezliklə bolşeviklər Azərbaycanı da işğal edir. Bu dövrdə bir sıra tanınmış bəy ailələri, o cümlədən MehmandarovTalışxanovlar təqiblərə məruz qaldı. Belə vəziyyətdə Sona xanım RSFSR-nin maarif naziri Anatoli Lunaçarskinin himayəçiliyində olduğu Moskva şəhərinə köçdü və 1920-ci illəri burada yaşadı.[2] O, repressiyaların gücləndiyi 1930-cu illərdə Mehmandarov nəslindən olduğunu göstərən bütün sənəd və şəkilləri yandırdı.[1][2]

Sona xanım uzun illər sonra 1966-cı ildə Bakıya qayıtdı. O, xəstəliyi səbəbindən bir neçə il sonra Bakıda vəfat etdi. Cənazəsi Bakıdakı qəbristanlıqlardan birində dəfn edilsə də, bu günə qədər onun dəqiq yeri bilinmir.[1][2]

  1. 1 2 3 4 Qərənfil Dünyamin qızı. "Dünyanı fəth edən Azərbaycan Sonası" (azərbaycan dili). kaspi.az. 17 fevral 2016. 2020-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2020.
  2. 1 2 3 4 5 6 7 8 9 10 Nəriman Əbdülrəhmanlı. "Sona xanım Mehmandarova - qəbri bilinməyən dünya gözəli" (azərbaycan dili). aztc.gov.az. 17 avqust 2015. 22 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2020.
  3. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2005. s. 179
  4. 1 2 Şəmistan Nəzirli. "Судьба генерала" (rus dili). anl.az. 15 oktyabr 2015. 22 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2020.