Stanislav Petrov

Stanislav Petrov (rus. Станислав Евграфович Петров) (7 sentyabr 1939[1][2], Vladivostok, RSFSR, SSRİ19 may 2017[3], Fryazino, Moskva vilayəti)-Rus Strateji Roket Qüvvələrinin sabiq polkovnik-leytinantı. 26 sentyabr 1983-cü ildə radarlarda ABŞ-nin SSRİ-yə qarşı kütləvi raket hücumuna başladığını görür. Əvvəlki təcrübələrinə əsaslanaraq bunun komputerlərin səhvi ola biləcəyini düşünür və rus ordusunun proseduralarına məhəl qoymayaraq gözləməyə qərar verir. Onun bu qərarı hərbçi karyerasını bitirsə də, SSRİ tərəfindən ABŞ-yə ediləcək nüvə hücumunun qarşısını almaqla nüvə müharibəsinin baş verməsini önləyir.

Stanislav Petrov
Станислав Евграфович Петров
Doğum tarixi
Doğum yeri Vladivostok
Vəfat tarixi (77 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı
Vətəndaşlığı Rusiya SSRİ
Həyat yoldaşı Raisa Petrova
Milliyyəti Rus
Fəaliyyəti hərbi qulluqçu
Fəaliyyət illəri 1972–1984
Mükafatları "Drezden mükafatı"
"Dünya vətəndaşlığı" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tam adı ilə Stanislav Evgrafovich Petrov 7 sentyabr 1939-cu il tarixində Vladivostok şəhəri yaxınlığında anadan olmuşdur. Atası Yevqraf II Dünya müharibəsi zamanı Hava qüvvələrində xidmət etmişdir. Anası isə tibb bacısı olmuşdur. Sovet hava qüvvələri nəzdində Kiyev Yüksək Texnologiyalar kollecinə daxil olan Petrov 1972-ci ildə buranı bitirmiş və Sovet Havadan Müdafiə Qüvvələrinə qəbul edilmişdir. 1970-ci illərin əvvəllərində o NATO ölkələrinin ballistik raket hücumlarını aşkar etmək üçün nəzərdə tutulan erkən xəbərdarlıq sisteminə nəzarətçi vəzifəsinə təyin olunur. Raisa adlı xanımla ailə həyatı quran Petrovun bu nigahdan Dmitri və Yelena adlı iki övladı dünyaya gəlmişdir. Daha sonra yoldaşı 1997-ci ildə xərçəng xəstəliyindən vəfat etmişdir. Stanislav Petrov isə 19 may 2017-ci il tarixində dünyasını dəyişmişdir.[4]

26 sentyabr 1983 hadisəsi

[redaktə | mənbəni redaktə et]

Stanislav Petrov, 26 sentyabr 1983-cü il tarixində Moskva yaxınlığında yerləşən Serpuxov-15 məxfi hərbi hissəsinin növbətçi zabiti idi. Sözügedən hərbi hissənin təyinatı SSRİ — ABŞ arasında münasibətlərin heç də isti olmadığı bir dövrdə Amerikanın hava hücumu qüvvələrinə nəzarət olub.Onun əsas vəzifəsi erkən xəbərdarlıq sistemini izləmək və hər hansı bir hücum zamanı ən sürətli şəkildə üst qurumları bu hücumdan xəbərdar etmək idi.[5] Soyuq müharibənin kəskinləşdiyi bir zamanda SSRİ ordusu ABŞ hücumunu dəf etmək üçün dərhal əks hücuma keçərək qarşı tərəfin böyük itkilər verməsinə yol açan taktika işlədirdi (ing. Launch on Warning). Polkovnik-leytnant Stanislav Petrov axşam saat 8-də növbəni qəbul edir. Növbətçi hissədə yerləşən bütün rabitə və kompüter sistemləri yoxladıqdan sonra, bütün müdafiə və xabərdarlıq sistemini əks etdirən M-10 monitorunun sazlığına xüsusi diqqət yetirir və jurnalda növbətçi hissədə hər şeyin qaydasında olduğu qeyd edir. Sakit başlayan növbə bir-neçə saatdan sonra həyəcanlarla müşayiət olunur. Belə ki, artıq sentyabrın 26-da 00:15 dəqiqədə sistemdə qırmızı rəngdə "START" sözü görünür. Bu artıq Amerikanın nüvə başlıqlı ballistik raketinin startı demək idi. Bir neçə dəqiqədən sonra 2-ci raketin buraxılması monitorda öz əksini tapır, daha bir neçə dəqiqədən sonra isə ABŞ-nin üçüncü raketi monitorda görünür. Petrov bu xəbərdarlığın bir xətadan meydana gəldiyini düşünür. Bundan başqa sözü gedən zaman belə erkən xəbərdarlıq sisteminin işləmə prinsipi müxtəlif şübhələr doğururdu. Təlimata uyğun olaraq əks tərəfdən gələn raket hücumunu növbətçi zabit qeydə aldıqdan dərhal sonra rəhbərliyə məruzə etməli idi. Qeyd edək ki, növbətçi hissədə SSRİ-nin müdafiə naziri və DTK sədri ilə birbaşa məxfi kodlaşdırılmış rabitə əlaqəsi olub. Bu cür vəziyyət yarandıqda növbətçi zabitin məruzəsindən sonra 40 dəqiqə ərzində qarşı tərəfə elə nüvə bombası ilə də cavab verilməli idi. Petrov əmin idi ki, onun məruzəsindən sonra SSRİ rəhbərləri nüvə silahlarının düymələrini dərhal basacaqdılar. Bu isə atom bombasının Amerikaya atılması demək idi. Növbətçi zabit bu ehtimalı nəzərə alaraq məsuliyyəti öz üzərinə götürərək, məruzə etmək üçün tələskənliyə yol vermir.[5] Təcrübəsinə və biliyinə güvənərək sistemdə xətaların meydana gəldiyini, siqnalların yanlış olduğunu düşünür. İlk xəbərdarlıqdan sonra sistem ard-arda 4 raketin də SSRİ-yə yaxınlaşdığı siqnalını verir. Bu olduqca böyük bir risk idi. Çünki əks təqdirdə bu SSRİ ərazisinə bir neçə atom bombasının düşməsi ilə nəticələnəcəkdi. O, heç bir əsası olmasa da, yenə sistemin səhv işlədiyini düşünərək əks hücuma keçmir və gözləməyə davam edir. Gərgin dəqiqələrdən sonra raketlərin görünməməsi Petrovun haqlı olduğunu sübut edir. Havada heç bir raket yoxidi və peyklərlə ünsiyyətdə olan erkən xəbərdarlıq sistemi səhvə yol vermişdi. Aparılan araşdırmalar nəticəsində meydana gələn xətanın çox nadir bir hadisə olduğu və Molniya orbiti üzərində olan atmosferdə yerləşən buludların üzərinə gün işığının düşməsindən qaynaqlandığı məlum olur.

Hadisədən sonra

[redaktə | mənbəni redaktə et]

Çox keçmədən Petrov rus ordusunun proseduralarından kənara çıxaraq qərar qəbul etdiyinə görə günahlandırılır. Bunun ilk səbəbi Petrovun davranışının ilk növbədə erkən xəbərdarlıq sisteminin səhvlərini açıqca ortaya qoyması və Rus ordusunun şöhrətinə xələl gətirməsi idi.[6] Nəticə də rəhbərlik tərəfindən töhmət verilərək, gələcək karyerasının da qarşısı alınır. Bir müddət daha aşağı bir vəzifədə xidmət etdikdən sonra səhhəti ilə bağlı yaranan problemlərə görə təqaüdə çıxır. Ömrünün sonuna kimi aylıq 200 dollar təqaüdlə Moskva vilayətinin Fryazino şəhərində yaşayır.

21 may 2004-cü ildə San Fransiskoda fəaliyyət göstərən Association of World Citizens qurumu tərəfindən "Dünya vətəndaşlığı" mükafatına layiq görülmüşdür. Mükafatla yanaşı ona böyük bir faciənin qarşısını aldığına görə simvolik 1000 dollar təqdim edilir.[7] 2006-cı ilin yanvar ayında ABŞ-yə səyahət edən Petrov burada Amerikan jurnalist Volter Kronkayt ilə tanış olur və CBS-in Nyu yorkda yerləşən ofisində müsahibə verir. Bu müsahibəsi və Nyu yorka səyahəti əsasında"Dünyanı Xilas edən adam" adlı sənədli film çəkilir. Rejissor Piter Antoni tərəfindən çəkilən bu film 2014-cü ildə Woodstock film festivalında "Honorable Mention: Audience Award Winner for Best Narrative Feature" və "Honorable Mention: James Lyons Award for Best Editing of a Narrative Feature" mükafatlarına layiq görülür. Bundan başqa 2013-cü ilin 17 fevral tarixində Drezden mükafatı və 32 min dollar ilə təltif olunur.

  1. 1 2 https://www.nytimes.com/2017/09/18/world/europe/stanislav-petrov-nuclear-war-dead.html.
  2. Stanisław Jewgrafowicz Pietrow // MAK (pol.).
  3. Stanislav Petrov, who averted possible nuclear war, dies at 77 (ing.). 2017.
  4. "Stanislav Petrov, Soviet Officer Who Helped Avert Nuclear War, Is Dead at 77". 2017-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-28.
  5. 1 2 "Nüvə müharibəsinin qarşısını alan növbətçi zabit". 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-28.
  6. "I Had A Funny Feeling in My Gut". 2018-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-28.
  7. "The Man Who Saved the World Finally Recognized". 2011-07-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-21.