Stimpank (ingilis dilində "steam" "buxar" deməkdir) – buxar maşınlarının geniş istifadə olunduğu, XIX əsrdə və ya Viktoriya dövrünə aid uydurma texnologiyaların tətbiq olunduğu elmi fantastika altjanrı.[1] Dizelpank altjanrı ilə səhv salınır.
Stimpank termini ilk dəfə 1980-ci illərdə kiberpank sözü əsasında Kevin Ueyn Ceter tərəfindən işlədilmişdir. Bu altjanr ədəbiyyatın sənaye inqilabından təsirlənməsindən sonra ortaya çıxmışdır. Bu altjanrın ilk nümayəndələri Jül Vern və Herbert Corc Uells olmuşdurlar. Ən çox mənimsəyən isə Jül Vern olmuşdur. Onun 1870-ci ildə yazdığı "20.000 lye su altında" romanı bu altjanrın başlanğıcı sayılır.[2] Müasir nümayəndələrindən isə Tim Pouersin yazdığı "Anubis qapıları" romanıdır. Stimpank janrında olan digər əsərlərə "Həkim Cekil və Cnab Haydn", "Şerlok Holms" film seriyası, "Vəhşi, vəhşi Qərb" filmi, Alan Murun "From Hell" komiksini göstərmək olar.[1]
Stimpank janrı üçün əsasən XIX əsr və ya XX əsrin əvvəllərindəki atmosferadan istifadə olunur. Bu cür əsərlərdə sarı, mis, pas, krem, qəhvəyi, boz[2] rənglərinə üstünlük verilir, çarxlar, incə borular və digər mexaniki əşyalar tez-tez görülür. Geyim olaraq dizə qədər uzanan çəkmələr, qəhvəyi rəngli dəri şalvarlar, tünd rəngli qalın köynəklər, dəri papaqlar geniş istifadə olunur. Qadınlarda da bu geyim tez-tez müşahidə olunur. Geyimdə ən çox görünən aksesuarlar eynəklər, mexaniki saatlar, dəri əlcəklər və mis rəngli qolbaqlardır.[1]
Stimpank bir neçə altjanra bölünür: Klassik stimpank Viktoriya dövründən bəhs edir. Futuristik stimpankda hadisələr gələcəkdə baş verir. Fentezi stimpankında fentezi məxluqlarına üstünlük verilir. Vestern stimpankında London atmosferasından fərqli olaraq hadisələr Amerikada cərəyan edir və Vestern ilə stimpank janrlarının birləşməsindən ibarətdir, kovboyların mexaniki atlara minmələri tez-tez müşahidə olunur. Vestern stimpankına misal kimi DC Comics-in "Jonah Hex" komiksini göstərmək olar.[1]
Stimpank janrının fentezi və postapokaliptik janrlarla birləşdirmək geniş yayılmışdır. Məsələn, "Steamboy" anime filmində stimpank janrı postapokaliptik dünyada işlənmişdir. Fentezi ilə işlənmiş stimpank əsərlərinə isə "Arcanum: Of Steamworks and Magick Obscura", "Dungeons and Dragons: Eberron", "City of Steam" video oyunları misaldır.[1]
Stimpank janrının müasir əşyalara və silahlara tədbiq olunması Neoviktoriya tərzi adlanır.