Suğra Sadiq qızı Bağırzadə (10 fevral 1947, Bakı) — Azərbaycan aktrisası[1] və rəssamı, Azərbaycan Respublikasının əməkdar artisti (2008), "Floristika" İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı.
Suğra Bağırzadə | |
---|---|
Doğum tarixi | 10 fevral 1947 (77 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktrisa, florist[d], rəssam |
Fəaliyyət illəri | 1959-cu ildən |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
|
IMDb | ID2957313 |
Suğra Bağırzadə 10 fevral 1947-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhərində 7 saylı tam orta məktəbdə orta təhsil almışdır. Uşaq yaşlarından incəsənətə böyük marağı olub. İlk uğuru 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə "Bolşoy Teatr"ın səhnəsində solo ifa etdiyi "Cücələrim" mahnısı olmuşdur. Məhz Suğra Bağırzadənin ifasında və maestro Niyazinin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə "Cücələrim" mahnısı Artek pioner düşərgəsində buraxılan "Dünyanın ən yaxşı uşaq səsləri" musiqi valına daxil edilib.[2] 12 yaşında istedadlı qız "Azərbaycanfilm" kinostudiyasına dublyaj aktrisası kimi dəvət olunub. 8-ci sinifdə oxuyarkən rejissor Zeynəb Kazımovanın "Yollar və küçələrlə" qısametrajlı filmində baş rolda çəkilmişdir. 1963-cü ildə o, Ağarza Quliyevin böyük populyarlıq əldə etmiş, o vaxtdan böyük uğur və tamaşaçı məhəbbəti qazanan "Ulduz" filmində Yetər roluna dəvət olunub.
Suğra Bağırzadə 1970-ci ildə Azərbaycan Neft Akademiyasının Mühəndislik-texnologiya fakültəsini bitirdikdən sonra yenidən kinostudiyaya mühəndis kimi qayıdır. Bununla yanaşı aktrisa kimi fəaliyyətini davam etdirmiş və bir çox filmlərdə yadda qalan obrazlar yaratmışdır.
Onun əvvəllər güllərlə işləmək həvəsi kimi başlanan hobbisi tədricən daha bir peşəyə keçdi. Təbii güllərdən yaratdığı kompozisiyalar ona floraçı-rəssam şöhrətini gətirib. "Floristika" İncəsənətə Dəstək adlı ictimai birliyin yaradıcısıdır.[3] Aktrisa həm də Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Kinematoqrafçılar, MDB və Baltik ölkələri Kino İttifaqları Konfederasiyasının, həmçinin 2004-cü ildən Ümumdünya Floristlər Şurasının üzvüdür. Bu şuraya 27 ölkə daxildir. Şurada nəinki Azərbaycanın, həmçinin türkdilli ölkələrin ilk və yeganə təmsilçisidir. Şura tərəfindən "Floristika sənayesində yeni peşəkar istiqamət" sertifikatı ilə mükafatlandırılmışdır. 200-dən artıq əsəri var. Bu günə qədər Latviya, Rusiya, Fransa, Malayziya, Yeni Zellandiya, Böyük Britaniya, Xorvatiya, Yaponiya, Çin kimi ölkələrdə Azərbaycanı təmsil etmişdir. Həmçinin Ümumdünya Floristlər Şurasının müxtəlif ölkələrdə keçirilən sammitlərində əsərləri nümayiş olunmuşdur. Azərbaycan dilində ilk dəfə nəşr edilən "Floristika" kitabının müəllifidir.
16 dekabr 2016-cı ildə mədəniyyətə verdiyi böyük töhfələrə görə Beynəlxalq Təltiflər İttifaqının Birləşmiş Millətlərin İctimai Mükafat üzrə Şurası tərəfindən "Fayda, şərəf və şöhrət" ordeni ilə təltif edilib.[4][5][6] 1 avqust 2018-ci ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[7]
1 avqust 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif olunmuşdur.[7]