Ulduz — rejissor Ağarza Quliyevin[2] filmi.[3] 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı pyesi əsasında ekranlaşdırılıb. Böyük şöhrət qazanmış komediya dəfələrlə müxtəlif teatr səhnələrində tamaşaya qoyulub. 1965-ci il martın 29-da Nizami adına kinoteatrda “Ulduz” musiqili kinokomediyasına ilk baxış keçirilib. Ağarza Quliyevin quruluş verdiyi bu filmdə bir daha məşhur aktyorlar — Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Məleykə Ağazadə, Hacıbaba Bağırov və digər sənətkarlar yer alıblar. Filmin əsas çəkilişləri Astara rayonunda aparılıb.
Ulduz | |
---|---|
| |
Janr |
komediya musiqili məhəbbət |
Rejissor | Ağarza Quliyev |
Əsərin müəllifi | Süleyman Ələsgərov |
Ssenari müəllifləri |
Ağarza Quliyev Hüseyn Nəcəfov |
Baş rollarda |
Tamilla Rüstəmova Hacımurad Yegizarov Lütfəli Abdullayev Nəsibə Zeynalova Məleykə Ağazadə Bəşir Səfəroğlu Hacıbaba Bağırov Səyavuş Aslan Suğra Bağırzadə |
Operator | Yuli Fogelman |
Bəstəkar | Süleyman Ələsgərov |
Rəssam | Kamil Nəcəfzadə |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 29 mart 1965[1] |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 73 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1964 |
Texniki məlumatlar | 8 hissə, 2137 metr, 35 mm |
Rəng | ağ-qara |
IMDb | ID4261760 |
Kinokomediya iki sevən gəncin saf məhəbbətindən, eyni zamanda elmin həyatla əlaqəsindən, kəndin qabaqcıl ziyalılarının elmlə heç bir əlaqəsi olmayanlara, vəzifəpərəstlərə qarşı apardıqları mübarizədən danışır.
Film bəstəkar Süleyman Ələsgərovun eyniadlı operettasının motivləri əsasında ekranlaşdırılıb. Böyük şöhrət qazanmış komediya dəfələrlə müxtəlif teatr səhnələrində tamaşaya qoyulub. 1965-ci il martın 29-da Nizami adına kinoteatrda “Ulduz” musiqili kinokomediyasına ilk baxış keçirilib. Ağarza Quliyevin quruluş verdiyi bu filmdə bir daha məşhur aktyorlar — Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Məleykə Ağazadə, Hacıbaba Bağırov və digər sənətkarlar yer alıblar. Filmin əsas çəkilişləri Astara rayonunda aparılıb. Bəzi kadrlar Lənkəranda, toy səhnəsi kinostudiyanın pavilyonunda, ilk səhnələr isə Mərdəkan qəsəbəsinin Mədəniyyət Sarayında lentə alınıb. Filmin sınaq çəkilişlərində Şubay roluna namizəd kimi aktyor Tariyel Qasımov iştirak edib.[4] Hacıbaba Bağırovun kinoda ilk işi olub. Filmin maraq doğuran tvist səhnəsində Məleykə Ağazadə (Nazilə) və Hacıbaba Bağırov (Möhsün) Çubbi Çekerin ifasında ing. Let's Twist Again mahnısını həqiqətən də özləri oynayıblar.
Tamilla Rüstəmovanın (Ulduz) peşəkar aktrisa deyil, televiziya diktoru olması, Suğra Bağırzadənin (Yetər) isə hələ məktəb şagirdi olması film tənqidçiləri tərəfindən tənqid olunub.
2019-cu ilin noyabrında filmin 55 illiyi ilə əlaqədar, Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupu və “Səba” ASC-nin sponsorluğu ilə ANS Şirkətlər Qrupuna daxil olan "BALANS" Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilib.
BALANS Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilmiş "Ulduz" filminin yenilənmiş versiyası 2019-cu il dekabrın 3-də Nizami Kino Mərkəzində təqdimat keçirilib. Təqdimatda çıxış edən ANS Şirkətlər Qrupunun prezidenti, rejissor, layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev dedi ki, 1964-cü ildə Ağarza Quliyev tərəfindən lentə alınmış “Ulduz” filminin pozitivi çox keyfiyyətsiz olub və mütəxəssislər onu çətinliklə də olsa, bərpa edib. Vahid Mustafayev filmin əvvəlki və bərpadan sonrakı vəziyyətini ekranda əyani şəkildə nümayiş etdirib.
Mərasimdə çıxış edən “Səba” ASC-nin Baş direktoru Fuad Ələkbərov bu tip layihələrdə iştirak etdiklərinə görə fəxr hissi keçirdiyini bildirib. Təqdimat mərasimində çıxış edən "Azərbaycanfilm" kinostudiyasının direktoru Cəmil Quliyev Azərbaycan kino incilərini bərpa edib Azərbaycan xalqına qaytardığına görə Vahid Mustafayevə təşəkkür edib.
Daha sonra filmdə Yetər obrazında çəkilən Suğra Bağırzadə filmin çəkilişi ilə bağlı xatirələrini bölüşüb. "Ulduz" musiqili operettasının müəllifi Süleyman Ələsgərovun (1924-2000) nəvəsi Tahir İmanov milli sərvətimiz olan "Ulduz" filmini bərpa etdiyinə görə Süleyman Ələsgərovun ailəsi adından Çingiz Mustafayev adına Fonda, ANS Şirkətlər Qrupuna, Vahid Mustafayevə, "Səba" şirkətinə və "BALANS Studiyası"na təşəkkürünü bildirib.
Təqdimatda Oqtay Mirqasımov, Fəxriyyə Xələfova, Cənnət Səlimova, Ayaz Salayev, Vasif Babayev kimi bir çox mədəniyyət, elm, ictimai xadimlər, iş adamları iştirak ediblər.[5]