Türk Qadınlar Birliyi (türk. Türk Kadınlar Birliği) — 1924-cü ildə Türkiyədə qurulmuş qadın təşkilatı.[1] Türkiyədəki əsas sufrajist təşkilatı olan bu dərnək türk qadın hərəkatının tarixində mühüm rol oynamışdır.
1923-cü ildə Türkiyə Cümhuriyyətinin elan edilməsindən sonra Nəzihə Muhiddin tərəfindən Qadın Xalq Partiyası yaradılmışdı. Lakin bu partiya rəsmi olaraq qeydiyyatdan keçə bilməmişdi, çünki yeni yaradılmış dövlətin qanunlarında qadınların seçki hüququ nəzərə alınmamışdı. Buna cavab olaraq Nəzihə Muhiddin qadınların seçki hüququ əldə etməsi uğrunda çalışmaq üçün Türk Kadınlar Birliyini yaratmışdır.[2]
Prezident Mustafa Kamal Atatürk türk qadın hərəkatının tələblərinin əksəriyyətini qarşılamağa hazır idi və bunu üç əsas islahatla etdi: dövlətin təhsil sisteminə kişilərlə yanaşı qadınları da cəlb etməklə; 1926-cı il İsveçrə Mülki Məcəlləsinin tətbiqi ilə türk qadınlarına İsveçrə qadınları ilə eyni hüquqlar verilməsi; və nəhayət, 1935-ci ildə qadınlara seçki hüququnun verilməsi ilə.
Təşkilat 1935-ci ildə İstanbulda keçirilən Beynəlxalq Qadın Seçki Hüququ Alyansının XII konfransına ev sahibliyi etdi. Elə həmin il Türkiyə cümhuriyyətində qadınlara seçki hüququ verildi. Həmin il təşkilatın prezidenti Lətifə Bəkir məqsədlərinə çatdıqları üçün təşkilatı ləğv etdi.[3] 1935-ci ildə parlamentə seçilmiş qadınların əksəriyyəti Türk Qadınlar Birliyinin üzvləri idi.[4]
Türk Qadınlar Birliyi dağıldıqdan sonra türk qadın hərəkatı Mustafa Kamalın dünyəvi partiyası ilə birləşdi. Türkiyədə müstəqil qadın hərəkatı 1980-ci illərə qədər mövcud olmamışdır.