Qadın Xalq Partiyası (türk. Kadınlar Halk Fırkası), KHF ― Türkiyədəki ilk siyasi partiya təşəbbüslərindən biri. Partiya Nəzihə Muhiddinin rəhbərliyi ilə Cümhuriyyət Xalq Partiyasından əvvəl qurulmuş, lakin rəsmi olaraq qəbul edilməmişdir.
Qadınlar Xalq Partiyası | |
---|---|
Sədri | Nəzihə Muhiddin |
Quruluş tarixi | 1923 (rəsmiləşdirilməyib) |
Xələfi | Türk Qadınlar Birliyi |
İdeologiya | Feminizm |
Mətbuat orqanı | Türk kadın yolu |
1923-cü ildə Türkiyədə cümhuriyyətin elan olunmasından sonra Nəzihə Muhiddin və on üç qadın qadınların hüquqlarını müdafiə edən qadın komitəsi toplamaq qərarına gəldilər.[1] Partiya yunanlar və Anadolunun digər işğalçıları üzərində qələbədə qadınların töhfələrinin də payı olduğu arqumentinə əsaslanaraq qadınlara seçki hüququ verilməsini tələb edirdi. Mustafa Kamal Atatürk isə "Xalq Partiyası" adını öz siyasi partiyası üçün istifadə etməyi planlaşdırırdı və qadınların hələ də siyasətdə fəal iştiraka hazır olmadıqlarını düşünürdü.[2]
Milli mübarizədən sonra qadın hərəkatının inkişafı prosesi sürətləndi. Dəyişən şərtlər nəticəsində onların həm feminizmə baxışları, həm də fəaliyyət üslubları siyasi ölçü qazandı. Qadınlar o vaxta qədər dilə gətirmədikləri tələb və anlayışları ortaya çıxarmaq üçün lazımi zəmin qazandıqlarını düşünürdülər. Bu hərəkatın birinci dalğası bərabərlikçi feminizm tezislərini müdafiə etmək üçün doğru zaman idi, çünki cümhuriyyətin sufrajist feminizminin tələblərinə cavab verə biləcək bir rejim olacağına inanılırdı və cəmiyyətdə də bu zəmində hərəkatlanma artıq yaranmışdı.[3]
TBMM-də seçki qanunlarında müəyyən dəyişikliklər edilmiş, lakin bu dəyişikliklərdə qadınlara nə seçmək, nə də seçilmək hüququ verilməmiş, əksinə, qadınların hələ də siyasi həyata girəcək qədər yetkin olmadığı iddia edilmişdi. Lakin Nəzihə Muhiddin və on üç fəal qadın siyasi hüquqlar əldə etməkdə qərarlı idilər və bu məqsədlə mətbuat vasitəsilə ictimai rəy formalaşdırmağa başladılar. Qadınların hüquqlarını əldə etmək üçün təşkilatlanmağa qərar verən qadınlar, qadınlar şurasının nəzdində toplanaraq partiya yaratmağa qərar verdilər.[3]
Hazırlıqlar Nəzihə Muhiddinin evində aparılsa da, komitənin ilk iclası 15 iyun 1923-cü ildə Darülfünunun (indiki İstanbul Universiteti) konfrans salonunda təşkil olundu. İclasda “Qadın Xalq Partiyası” adlı siyasi partiyanın yaradılması barədə qərar qəbul edildi. Partiyanın təqvimi dövrün mətbuatında yer almışdı. Nəzihə Muhiddinin rəhbərlik etdiyi partiya işlərini tamamlayaraq partiyanın yaradılması üçün Cümhuriyyət Xalq Partiyasından əvvəl ərizə vermişdi.
KHF-nin nizamnaməsindəki qabarıq maddələrə nəzər saldıqda onların aşağıdakı məsələlər ətrafında birləşdiyi görünür: qadınlar siyasi hüquqlar əldə etmək üçün ölkədə siyasi, iqtisadi və sosial məsələlərdə özlərini sübut edəcəklər, qadınların bələdiyyə seçkilərində iştirakı üçün çalışacaqlar, qadınlar iqtisadi həyata həm evdə, həm də evdən kənarda töhfə verəcəklər. Onlar kənar mühitdə qənaətcil və məhsuldar olacaq, yerli mallardan istifadəni təşviq etməyə, qadınların təhsili üçün lazımi tədbirləri görməyə, şəhid ailələrinə və uşaqlarına dəstək olmağa çalışacaqlar.[4] Nizamnamədə diqqəti çəkən maddə qadınların müharibə vəziyyətində hərbi xidmət göstərmək istəməsidir.[5] Bu müraciət İstiqlaliyyət müharibəsi illərində vətəni təkcə kişilərin deyil, qadınların da müdafiə etdiyinin, ona görə də qadınların "təbiətlərinə" görə bu sahədə geri çəkilməyə ehtiyac duymadığının və qadınların ölkəyə hər sahədə töhfə verə biləcəyinin bir vurğusu kimi şərh oluna bilər. Ümumilikdə partiyanın əsasnaməsinə nəzər salsaq, qadınların indi həyatın bütün sahələrinə daxil olmaq istədikləri və bunun üçün özlərini daha da inkişaf etdirmək, müəyyən təcrübələr qazanmaqlarının lazım olduğu vurğulanır.[3]
Səkkiz ay sonra qubernatorluq bu tələbi rədd etdi və 1909-cu il seçki qanununa görə qadınların siyasi təmsilçiliyi mümkün olmaması səbəbi ilə partiyanın yaradılmasına icazə vermədi. Hökumətin buna icazə verməməsinin səbəbi isə KHF-nin proqramında qadın hüquqlarının bütün aspektlərdə yer alması, bu hüquqlara geniş müstəvidə müraciət etməsi və bu proqramı həyata keçirəcək qadınların təşkilatçılıq bacarığı və qətiyyəti idi.[4] Buna cavab olaraq Qadınlar Xalq Partiyası dərnəyə çevrilərək Türk Qadınlar Birliyi olaraq fəaliyətinə davam etdi.