Türk düyüsü (Yaponiya)

Toruko düyüsü.

Toruko düyüsü (トルコライス, Toruko raysu?, hərf. "Türk düyüsü")Yaponiyanın Naqasaki prefekturasının mətbəxinə daxil olan xörək. Eyni boşqaba qoyulmuş plov, donuz əti kotleti, Naporitan spagettisinin üzərisinə demiqlas sousunun tökülməsi ilə hazırlanır.

Xörəyin adında "toruko" (トルコ?, hərf. "türk") sözünün olmasına baxmayaraq, xörəyin Türkiyə mətbəxi ilə heç bir əlaqəsi yoxdur. Belə ki, islam ölkəsi olan Türkiyədə donuz əti yemək haram hesab olunur.[1] Hətta Türkiyə aşpazları bu yeməyə "türk" adının verilməsinə mənfi yanaşırlar.[2]

Xörəyin adının dəqiq mənşəyi naməlumdur. Bir versiyaya görə xörəyin inqredientləri üçrəngli bayrağı xatırladır və yapon dilində "torikororu rançu" (トリコロールランチ?) "üçrəngli qəlyanaltı" deməkdir. Xörəyin adı da bu ifadədən yaranmışdır. Başqa bir versiyaya görə düyünün vətəni Çin, spagettinin vətəni İtaliyadır, Türkiyə isə bu ölkələrin arasında yerləşdiyi üçün xörəyə bu ad verilmişdir.[3]

Digər bir versiya Yaponiyadakı "Bistro Bordeaux" restoranın qurucusunun atası İçiro Uehara ilə bağlıdır. Bu versiyaya görə Uehara 1950-ci illərdə Kobedə "Silver Dollar" gəmisində işləyərkən müştərilərə türk mətbəxindəki zəfəranlı plovu xatırladan xörək servis etməyə başlamış, daha sonra plovun yanına donuz əti və spagetti qoymuşdur. Uehara Naqasakiyə köçdükdən sonra bir restoranda işləməyə başlamışdır. Baş aşpaz xəstələnib xəstəxanaya aparılanda restoran meneceri ona menyuya yeni bir şey əlavə etməyi təklif etmiş və Uehara bu xörəyi menyuya əlavə etmişdir.[1]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]
Burger üslubunda hazırlanmış toruko düyüsü.

Toruko düyüsü donuz əti kotleti (tonkatsu), ketçuplu Naporitan spagettisi, plov, demiqlas sousu və salatdan hazırlanır. Naqasaki prefekturasında populyar yerli xörəkdir və digər prefekturalarda nadir hallarda servis olunur. Naqasaki şəhərində bu xörəyi servis edən 100-dən çox restoran mövcuddur.[4] 1925-ci ildə əsası qoyulmuş "Tsuruchan" toruko düyüsünə görə Naqasaki şəhərində ən məşhur restoran hesab olunur.[5] Bəzi məkanlarda xörəyin fərqli versiyaları hazırlanır. Bəzən donuz ətinin əvəzinə inək və ya toyuq ətindən istifadə olunur, xörəyə yumurta, pendir, tomat sousu əlavə olunur.[5]

Osaka, Tokio, Kavasaki, Yokohama, Vakkanay şəhərlərində də toruko düyüsü təqdim edən restoranlar var. Osaka şəhərində hazırlanan toruko düyüsünün "İstanburu" adlı çeşidinin üzərində qayğanaq əlavə olunur.[6]

Naqasaki şəhəri 16 sentyabr tarixini "Toruko düyüsü günü" elan etmişdir. 16 sentyabr tarixi Osmanlıya məxsus "Ərtuğrul" gəmisinin 1890-cı ildə Yaponiya sahillərində qəzaya uğradığı günə əsasən seçilmişdir.[2][a]

  1. Əslində gəmi 16 sentyabr yox, 18 sentyabr tarixində qəzaya uğrayıb.
  1. 1 2 "トルコ風ライス". Bistro Bordeaux (yaponca). 21 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2024.
  2. 1 2 "母国はトルコライスに難色". The Nagasaki Shimbun (yaponca). 8 iyul 2013. 8 iyul 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2024.
  3. "What's in a name? Nagasaki 'toruko rice' continues to mystify". Kyodo News (ingiliscə). 14 iyun 2017. 2 iyul 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2024.
  4. "Turkish rice not from Turkey, but from Nagasaki". Japan Travel (ingiliscə). 3 iyun 2017. 2 iyul 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2024.
  5. 1 2 "トルコライスのすべて". Daily Portal (yaponca). 22 noyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2024.
  6. "トルコライスは大人のお子様ランチ 人気洋食3種盛り". Nikkei (yaponca). 13 oktyabr 2017. 2 iyul 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]