Türk gecələri

Türk gecələri1918-ci ilin sonlarında Bakıda təşkil edilən geniş proqramlı konsertlər.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ruhun və milli ideyalarını güclənlənməsi nəticəsində milli mədəniyyətin təbliğinə və tədqiqinə, tarixi və milli ənənələrə maraq fövqəladə dərəcədə artmışdı. "Türk gecələri"nin təşkili də bununla əlaqədar idi. Maraqlı və orijinal proqramlı "Türk gecələri" konsertlərində türk xalqlarının musiqisinə və ədəbiyyatına geniş yer verilir, "Azərbaycanın müstəqilliyi", "Türk qadının dünyası", "Türk tipləri", "Milli birlik" və s. mövzularda tamaşalar göstərilirdi. Bu tədbirlərdə tatarlar, osmanlı türkləri, Azərbaycan və Türkiyə şair və yazıçıları, artistlər və rəssamlar iştirak edirdilər. Gecələrdə türk xalqlarının etnoqrafiyasına və məişətinə həsr olunmuş "Türk ocağı", "Türkmən çadrası", "Atəşgah", "Şərq salonları" kimi sərgilər nümayiş etdirilirdi. Gecələrin bədii tərtibat hissəsinə Əzim Əzimzadə, ədəbi-vəkal hissəyə "Yaşıl qələm " cəmiyyətinin üzvləri rəhbərlik edirdilər. "Türk gecələri" konsertlərində Məhəmməd Əmin Rəsulzadə məsul müdir kimi çıxış edirdi. "Müsavat" partiyasının və Azərbaycan Hökumətinin üzvləri və digər siyasi xadimlər də bu konsertlərin keçirilməsində bilavasitə iştirak edirdilər.[1]

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 410. ISBN 9952-417-44-4.