Əzim Əzimzadə

Əzim Aslan oğlu Əzimzadə (25 aprel (7 may) 1880, Novxanı, Bakı qəzası[1]15 iyun 1943[2], Bakı[2]) — Azərbaycan rəssamı, Azərbaycan karikatura sənətinin banisi, Azərbaycan SSR xalq rəssamı (1927), Əmək Qəhrəmanı (1927).

Əzim Əzimzadə
Doğum tarixi
Doğum yeri Novxanı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (63 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Fəaliyyəti rəssam
Janr portret
Mükafatları "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 1927
"Şərəf nişanı" ordeni — 1938
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əzim Əzimzadə 1880-ci ilin may ayında Novxanı kəndində anadan olmuşdur. Atasının etirazına baxmayaraq ibtidai təhsilini rus-tatar məktəbində almışdır. Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnmişdir. Rəssamlığa məşhur "Molla Nəsrəddin" jurnalında öz əsərlərini dərc etdirməklə başlamışdır. 1906-cı ildən "Molla Nəsrəddin", "Baraban", "Zənbur", "Tuti", "Kəlniyyət" və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoymuşdur.[3]

Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin mənfi ünsürləri — xəsis tacirlər, fırıldaqçı din xadimləri, şarlatanlar onun satirik qələminin hədəfində olurdular.

O, öz əsərlərində mənfi surətləri gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin satira atəşinə tuturdu. Çəkdiyi "İt boğuşdurma", "Kişi arvadını döyür", "Varlı evində toy", "Yoxsulların toyu", "Su üstündə dava", "Köhnə bakılılar" kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə qarşı çıxış edirdi. Bu mənada, o dövrdə cəmiyyətdəki sosial ədalətsizlikləri özündə daha qabarıq əks etdirən "Köhnə Bakı tipləri" və "100 tip" əsəri xüsusilə təqdirəlayiqdir.

Ə. Əzimzadə satirik şair M. Ə. Sabirin "Hophopnamə"sinə çəkdiyi illüstrasiyalarla (1914) kitab qrafikası sənətinin də əsasını qoymuşdur. Onun teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təkan vermişdir. Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunmuşdur. Bakıda keçirilən birinci sərgidə tamaşaçılar rəssamın 1200-dən çox əsərinə tamaşa edə bilmişlər. 1920–1943-cü illərdə Ə. Əzimzadə Azərbaycan Rəssamlıq Texnikumunda müəllim, 1932–1937-ci illərdə isə direktor olmuşdur.

Əzim Aslan oğlu Əzimzadə 1943-cü il may ayının 15-də Bakıda vəfat etmişdir.

Bakı Rəssamlıq Texnikumu, eləcə də Bakı küçələrindən biri onun adını daşıyır. Yaşadığı evdə rəssamın ev muzeyi açılmış, evin yaxınlılığındakı bağda büstü qoyulmuşdur.[4]

1967-ci ildə Zeynəb Kazımova tərəfindən onun həyat və yaradıcılığına həsr olunmuş Əzim Əzimzadə adlı 20 dəqiqəlik qısametrajlı sənədli film çəkilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əzim Əzimzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir[5].

2022-ci ildə Bakıda Əzim Əzimzadəyə həsr olunan Bakı Dizayn Festivalı keçirilib[6].

Bəzi əsərlərinin məzmunu

[redaktə | mənbəni redaktə et]

Əsərdə Bakının XX əsrə aid neft mədənləri üçün xarakterik olan hadisələr öz əksini tapmışdı. Mövzunun ciddiliyindən asılı olaraq rəssam, əsərində müvafiq süjetlər axtarmış, eyni zamanda həmin süjetlərə uyğun ifadə vasitələri seçmişdir. Rəsm əsərindən göründüyü kimi o zaman ağır, çətin, qorxulu iş quyu qazmaq, neft çıxarmaq, bir də neft təmizləmək idi. Ölüm, həmişə bu peşə sahiblərinin başları üstündə hərlənirdi. Zəhərli qaz, yeraltı sular, palçıq qazmaçıları bərk incidir, adamları əldən salırdı. Dərinə getdikcə hava azalır, zəhərli qaz artır, iş ağırlaşır, yeraltı su təbəqələri açılır, su basqını başlayır, quyu divarları uçub tökülür, tez-tez bədbəxt hadisələr baş verirdi. Əsərdə Ə. Əzimzadə böyük bir ustalıqla faciə ilə bitən hadisənin mövzusunu acı satira vasitəsi ilə tamaşaçılara təqdim etmişdir. XX əsrin əvvəllərində xarici istehsalçıların yerli əhalinin ehtiyac içində yaşayan minlərlə nümayəndəsindən ucuz qüvvəsi kimi istifadə edərək, onları həris pul qazanma ehtirasına qurban verir və buna adi hal kimi baxırdılar. Rəssam "Neft qurbanı" adlanan bu kiçik qrafik lövhədə qazanc üçün hər cür işə razı olan qara fəhlənin kəşfiyyat üçün kəndirlə neft quyusuna salladılaraq, həyatı ilə vidalaşmaq bahasına bir parça çörək qazanmaq kimi acı həqiqəti məharətlə çatdırmışdır. Neft quyuları sahiblərinin insan həyatına zərrə qədər də olsa qiymət verməyərək, ölümlə nəticələnməsinə baxmayaraq hər dəfə bədbəxt fəhlələrin taleləri ilə bu dərəcədə laqeyd davranmaları qabarıq şəkildə, bütün real çılpaqlığı ilə göstərilmişdir. Rəsm əsərində ölən fəhlənin başı üstündə oturan və "saralmış" kağızlardan dua oxuyan molla təsvir olunmuşdur. Sahibinin isə artıq yeni bir işçi axtarmasında danışıqlar aparması, insanı dəhşətə gətirən bir fakt olaraq, tamaşaçısını düşündürməyə vadar edərək, əsərin dərin məzmununa dəlalət edir. Bununla yanaşı, Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin mənfi ünsürləri — xəsis tacirlər, fırıldaqçı din xadimləri, şarlatanlar onun satirik qələminin hədəfində olurdular.

Novruz bayramı
[redaktə | mənbəni redaktə et]

Əzim Əzimzadənin başqa bir qrafik etnoqrafik lövhəsi Azərbaycan xalqının bütün qadağalara baxmayaraq, bu günədək böyük bir məhəbbətlə qoruyub saxladığı milli bayramı olan Novruz bayramına həsr olunmuşdu. Görkəmli rəssamın muzeyin fondunda Novruz bayramına həsr olunmuş əsərdə milli adət-ənənəlimiz uyğun, hamının bir-birini bu əziz bayramla təbrik etməsi, bütün şəhərdə — küçədə, bazarda, həyətlərdə tənətnəli bir şadyanalıq əhvalı təsvir olunmuşdur. Rəssam kiçik həcmli bir əsərində Novruz bayramına xas olan bütün nəzərə almış, xalqımız üçün bayramdan xeyli sonra da uzun müddət davam edən sevinc, şadlıq hissini və ovqatı tamaşaçıya geniş surətdə təqdim etmişdir. Əsərdə də göründüyü kimi, kimisi əl verib, qucaqlaşıb təbrikləşir, kimisi kosanın ətrafına toplaşıb, kimisi bazarlıq edir, digərləri isə bayramlıq xonçalar göndərirlər. Görkəmli fırça ustası sulu boya ilə işlədiyi əsərində gözəl, şux rənglərdən istifadə edərək, Novruz bayramının şən əhval ruhiyyəsini daha da qabarıq təsvir etmişdir. Bununla yanaşı, rəssam əsərində müxtəlif süjetləri canlandırmışdır. Göründüyü kimi, Bakı məhəllələrinin birini əsərində canlandıran rəssam uşaqları həyətləri gəzməklə kosa-kosa adlanan bir oyun oynadığını göstərir. Əsərdə, Novruzda damları gəzib nünnünü (qurşaqsallama, şalsallama, baca-baca, yaxud nünnünü də deyilir. N. Ə.) getmək adəti də öz əksini tapır. Bakı evləri əksəriyyətlə alçaq, bir mərtəbəli evlər olduğundan küçədən onların damına çıxmaq asan idi. Nünnünü gedən adam ip ucuna kiçik bir torba bağlar, onu mətbəxin bacasından (əgər mətbəxdə adam varsa) və ya sadəcə, evin damından, bacasından evə sallar, özünü tanıtdırmamaq məqsədilə şəhadət barmağını burnuna vurmaqla nünnünü səsi çıxarıb ev yiyəsini xəbərdar edərdi. Bayram milli bayram olduğundan kasıb dövlətli təbəqəsi olsa da hamı bir-birini bayram münasibətilə təbrik edib, salamlaşırlar. Əsərdə də gördüyümüz kimi eyvanlar xalçalar ilə bəzədilərək bayram ab-havası təsvir olunur.

Rəssam əsərində XX əsrin əvvəlinə aid xalça – palazla döşənmiş çadırda kişi toy məclisi təsvir etmişdir. Müəyyən bir kütlənin toylarında əyləncə sayılan səhnəni öz qarfikasında canlandıran Əzim Əzimzadə bu mövzunu kəskin satira atəşinə tutmuşdur. Toyda məzhəkə xatirinə kişi məclisinə qadın paltarı geyinmiş kişi dəvət edib, ona çürük meyvə ataraq, fit, çırtma çalaraq, əl vurub, təhrik edər və bu yolla əylənərmişlər. Ortada dövrə vuran mütrüf işə şəbeh çıxararaq toyxanadakı qonaqları güldürməklə məşğul olardı. Bir ziyalı kimi bu adəti əsərində tənqid edən Əzimzadə Azərbaycanın əsrlərlə formalaşmış zəngin adət və ənənələrinin bu cür təhrif olunmasına öz münasibətini bildirmişdir[7].

  1. http://www.visions.az/en/news/372/cbb2ec3d/.
  2. 1 2 Азимзаде Азим Аслан оглы // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. Mədəniyyət TV. "Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 140 illiyi tamam olur" (az.). Youtube.com. 07.05.2020. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
  4. "Arxivlənmiş surət". 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-21.
  5. """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı" (az.). nk.gov.az. 2019-05-11. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.
  6. Amerikanın Səsi. "Bakıda rəssam Əzim Əzimzadəyə həsr olunan "Bakı Dizayn Festivalı" keçirilib" (az.). Youtube.com. 27.09.2022. 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-28.
  7. Nüşabə Əsədova. Görkəmli rəssam Əzim Əzimzadənin əsərləri tarixi mənbə kimi S. 45–52 Arxivləşdirilib 2022-03-27 at the Wayback Machine / Milli Azərbaycan Tarixi Muzeyi-2017. Bakı, 2017.