Türkiyə–Azərbaycan Universiteti və ya qısaca TAU – Bakıda yerləşən universitet. 2024-cü ildə fəaliyyətə başlamışdır. Azərbaycan ilə Türkiyə arasında ortaq universitetdir.
Türkiyə–Azərbaycan Universiteti | |
---|---|
40°22′56″ şm. e. 49°52′21″ ş. u.HGYO | |
Əsası qoyulub | 2024 |
Şəhər | Bakı |
Ölkə |
Azərbaycan ilə Türkiyə arasında ortaq universitet layihəsi 2023-cü ilin iyununda Azərbaycan prezidenti İlham Əliyev ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı görüşdən sonra açıqlanmışdır.[1]
Türkiyə-Azərbaycan Universitetinin yaradılması barədə anlaşma memorandumu 19 fevral 2024-cü ildə Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında imzalanmışdır. Memorandumu Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalamışdırlar.[2] Universitet tamamilə yeni yaradılmış təhsil müəssisəsi yox, fərqli universitetlərin müxtəlif proqramlarını ehtiva edən yeni nəsil universitetdir.[3] Universitetə ilk qəbul Bakı şəhərində üç təhsil proqramı üzrə həyata keçirilmişdir.[4]
Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 23-də imzaladığı sərəncam ilə Türkiyə-Azərbaycan Universitetinə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq və ödənişli əsaslarla da tələbə qəbulu ala bilmə hüququ verilib.[5]
Universitet Xətai rayonunda, Bakı Ali Neft Məktəbinin (BANM) Xocalı prospektində yerləşən binasında fəaliyyət göstərir.[6] İnzibati və maliyyə işləri Azərbaycanın, akademik məsuliyyət isə Türkiyənin tərəfindədir.[3] Universitetin fəaliyyətinin təmin edilməsi üçün 10 milyon manat büdcənin ayrılmışdır.[7]
İlkin mərhələdə təhsil Azərbaycan vətəndaşları üçün nəzərdə tutulmuşdur.[8] İlk tədris ili üçün 90 tələbə qəbulu planlaşdırılmışdır.[6] Hər il qəbul planında 100–200 əlavə yer nəzərdə tutulmuşdur. Universitetdə təhsil pulsuz olacaq. Tədris ingilis və türk dillərində aparılır. Azərbaycan Texniki Universitetinin tərəfdaşlığı ilə fəaliyyət göstərən universitetin müəllim heyəti İstanbul Texniki Universiteti, Orta Şərq Texniki Universiteti və Hacettepe Universitetindən dəvət olunur.[9] Onlar Azərbaycana mütəmadi gəlirlər.[10]
İlk tədris ilində kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə təhsil keçirilir.[11]
2024-cü ildə universitetin birinci kursunda kompüter mühəndisliyi və sənaye mühəndisliyi bölmələri üzrə 30, qida mühəndisliyi fakültəsi üzrə 27 tələbə olmaqla ümumilikdə 87 tələbə təhsil alır.[12]