Türkiyə Respublikasının Konstitusiyası və ya 1982-ci il Konstitusiyası türk. Türkiye Cumhuriyeti Anayasası — 7 noyabr 1982-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Türkiyənin ən yüksək normativ hüquqi aktı.[1] 12 sentyabr hərbi çevrilişindən sonra hərbi rəhbərliyin əmri ilə Məşvərət Məclisi tərəfindən hazırlanmış və 23 sentyabr 1982-ci ildə Məşvərət Məclisi və 18 oktyabr 1982-ci ildə Milli Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmişdir. Konstitusiya referendum nəticəsində 91,37% lehinə olmaqla qəbul edilmişdir.
Türkiyə Respublikasının Konstitusiyası | |
---|---|
türk. Türkiye Cumhuriyeti Anayasası | |
Növ | konstitusiya |
Ölkə | Türkiyə |
Ratifikasiya edilib | 18 oktyabr 1982 |
İmzalanıb | 9 noyabr 1982 |
Qüvvəyə minib | 9 noyabr 1982 |
Vikianbarda əlaqəli mediafayllar |
Konstitusiyanın ilk üç maddəsinin dəyişdirilməsi və ona dəyişiklik təklif edilməsi dördüncü maddə ilə qadağandır. Bu günə qədər Konstitusiyaya iyirmi bir dəfə 1987-ci, 2007-ci, 2010-cu, 2017-ci illərdə dəyişiklik edilib. Konstitusiyada 7 bölmə, 177 maddə və 16 müvəqqəti maddə var.[2]
Osmanlı imperiyası dövründə və Türkiyə Cümhuriyyəti qurulduğu andan ölkənin bir neçə konstitusiyası olmuşdur. Türkiyə dövlətçiliyinin ilk Konstitusiyası Osmanlı imperiyasında qəbul edilən 1876-cı il Konstitusiyası sayılır. 1876-cı ildə Yeni Osmanlılar tərəfindən elan edilən Osmanlı imperiyasının konstitusiyası, rəsmi olaraq ləğv edilməsə də, 1878-ci ildə Sultan II Əbdülhəmid tərəfindən parlamentin buraxılması ilə əslində fəaliyyətini dayandırmışdı.
Osmanlı imperiyasının süqutundan sonra yaranan Türkiyə Cümhuriyyətində keçmiş konstitusiyadakı problemləri aradan qaldırmaq, bunu müasir Türkiyəyə uyğunlaşdırmaq üçün 20 yanvar 1921-ci ildə yeni konstitusiya qəbul edilir. Yeni konstitusiyanı 23 aprel 1920-də qurulan Türkiyə Böyük Millət Məclisi (TBMM) tərtib etmişdi. Bu konstitusiya 23 maddəyə sahib olub, 1876-cı ildə qəbul edilmiş konstitusiyanı ləğv etmir. Onun əvəzinə, keçmiş konstitusiyanın yeni konstitusiyaya zidd olan hissələrini ehtiva etmirdi. Bunlara nümunə olaraq, yeni konstitusiyada hakimiyətin millətə məxsus olduğu qeyd edilməsi, məclisli dövlət sisteminin mənimsənildiyi, suverenliyin məclisdə olduğu bildirilməsi, məclisin missiyalarının, eləcə də vilayət-qəza-nahiyə bölgüsünün dəqiqləşdirilməsini göstərmək olar. Digər ölkələrdən fərqli olaraq, qanunverici və icraedici qüvvə TBMM-nin əlində toplanmışdır.[3]
Bu konstitusiya ilə hakimiyyətin mənbəsi millətə verilmiş və bunu istifadə etməl səlahiyyətinə malik tək qurumun məclisin olduğu göstərilmişdir. Bu konstitusiyada xəlifəlik və sultanlıq sistemi tamamilə ləğv olunmuşdur. Buna baxmayaraq, yeni konstitusiyanın sahib olduğu problemləri aradan qaldırmaq üçün 1923-cü ildə qurulan cümhuriyyət 20 aprel 1924-cü ildə tərtib edilən yeni bir konstitusiyanı qəbul edir. Baxmayaraq ki, 1921-ci il konstitusiyasını ləğv edir, bu konstitusiya sadəcə eyni sistemin daha yaxşılaşdırlmış formasıdır. Bu konstitusiyada üstün iradə olan milləti heç cür məhdudlaşdırılmamışdır. Buna görə də konstitusiyada məclisi və höküməti sərhədləyən heç bir maddəyə yer verilməmişdir. Hətta haqq və azadlıqları müəyyənləşdirən maddələr arasında dövləti bunlardan qoruyacaq heç bir cümlə qeyd edilməmişdir. Konstitusiya vətəndaşlara onların təməl azadlıqlarını bildirir, sosial-iqtisadi haqlar haqqında heç bir məlumat vermirdi.[4]
27 may 1960-cı il tarixində ordu dövlət çevrilişi edib hakimiyətə gəlir. Buna səbəb olaraq isə Demokrat Partiyanın (DP) səlahiyyətlərindən və millətdən sui-istifadə etməsi göstərilir. Bu çevrilişdən sonra 9 iyul 1961-ci il tarixli yeni konstitusiya qəbul edilir. Bu konstitusiya tərtib edilərkən çoxpartiyalı sistemin ehtiyaclarını daha yaxşı qarşılayacağı və millətdən sui-istifadəyə son veriləcəyi düşünülmüşdü. Bu konstitusiya xalqın seçimi ilə qəbul edilən ilk konstitusiya olmuş, 60% lehinə səs ilə qüvvəyə minmişdir. Yeni konstitusiyanın əsas xüsusiyəti dövləti məhdudlaşdırması idi. Bir tərəfdən əvvəlki konstitusiya kimi hakimiyətin mütləq şəkildə millətin olduğunu bildirilir, əlavə olaraq isə bu qüvvəni istifadə edə biləcək qurumların konstitusiyada göstərilən orqanlar olduğu irəli sürülürdü. Bununla da parlament artıq tək qalmır, qüvvə icraedici, qanunverici və məhkəmə qolları arasında bölüşdürülürdü. Məhkəmə sisteminin müstəqilliyinə düzəlişlər edilir, icraedici və qanunverici orqanların bütün qərarlarına nəzarət edəcək orqanın məhkəmə olduğu göstərilirdi. Qanunların konstitusiyaya uyğun olub-olmadığına nəzarət edən "Anayasa Mahkemesi" yaradılır. İnsan hüquqları ilə bağlı maddələrə ümumi dəyişikliklər edilir və toxunulmazlıq verilir. Digər tərəfdən məclisdə çoxluğu təşkil edən partiya bu səlahiyyətdən sui-istifadə etməsin deyə məclis "Millet Meclisi" və "Cumhuriyet Senatosu"na bölünür. Beləliklə, palatalar bir-birini tənzimləyə biləcəkdilər. İqtidarın gücünə xalqın nəzarət etməsi üçün universitetlərin və Türkiyə Radio və Televiziya Qurumunun (TRT) azad fəaliyyət göstərməsinə təmin edilir. TRT-də hər hansı bir senzuraya qadağan qoyulur. Ali qanunda əsası Atatürk tərəfindən qoyulmuş ordu və dövlətin təhlükəsizlik prinsipləri də gözlənilirdi.[5]
1961-ci il Konstitusiyasını hazırlayan Təsis Məclisindən fərqli olaraq, bu konstitusiyanı hazırlayan və onun layihəsini qəbul edən Məşvərət Məclisi tamamilə təyinatla quruldu.[6] 1982 Konstitusiyası 1.626.431 "əleyhinə" (yüzdə 8.63) səslə 17.215.559 "bəli" (yüzdə 91.37) ilə qəbul edildi.[7] Bu nisbət 1961-ci il Konstitusiyasının 61,5% "bəli" səsləri ilə müqayisədə çox yüksək qəbul səviyyəsini əks etdirir. Bu yüksək qəbul nisbətinin səbəbləri arasında Milli Güvənlik Qurumunun partiyasız görünüşü, medianın ciddi nəzarəti, siyasi partiyaların bağlanması, 12 sentyabr 1980-ci ildən əvvəl insanların siyasilərə inamsızlığı, zorakılığa reaksiya, keçmişə ümumi ümidsizliyi əks etdirirdi. Bundan əlavə siyasi güclər və partiyalar referendumun nəticəsi "yox" olarsa nə olacağına dair qeyri-müəyyənlik də insanların "hə" deməsinə təsir göstərmişdi.
1980-ci il hərbi çevrilişinin əsas "səbəbi" olaraq dövlətin zəifliyi göstərilir. Buna görə də tərtib edilən yeni konstitusiyanın əsas məqsədi dövləti gücləndirmək, onu müxalifətdən qorumaq olmuşdu. Çevrilişçilərin qurduğu Milli Məclis ilə hazırlanmış olan yeni konstitusiyaya "Milli Güvenlik Konseyi" tərəfindən bəzi dəyişikliklər edilib, hazır vəziyyətə gətirilmişdir. 1982-ci il konstitusiyası, əsasən, 12 sentyabr 1980-ci il tarixindən əvvəl ortaya çıxan problemləri aradan qaldırmaq və qanunların icrası zamanı ortaya çıxan narahatlıqlara son vermək üçün hazırlanmış konstitusiyadır. Dövlətin güclənməsi onun icraedici gücü ilə əlaqələndirilmiş, hətta dövlətin fövqəladə hallarda konstitusiyaya zidd qanunlar qəbul etməsinə belə icazə verilmişdir. İcraedici orqanların qərarlarına mühakimə orqanı nə qədər nəzarət etsə də, hökumətin hətta insan hüquqlarına qarşı olan qərarlar qəbul etməsinə də şərait yaradılmışdır. Ona görə də haqqında danışılan dəyişikliyin hüquqi dövlət anlayışına zidd olduğu açıq-aşkar məlumdur.
1982-ci il konstitusiyası forma və sistem cəhətdən 1961-ci il konstitusiyasından çox da fərqlənmirdi, lakin 1961-ci il konstitusiyasında dövlət qarşısında şəxslərin hüquqlarını qorumaq önə çıxırdısa, 1982-ci il konstitusiyasında dövlətin gücünü qorumaq daha ön planda idi. Buna görə də 1961-ci il konstitusiyasında məhdudiyyətlər istisna, azadlıq isə qayda olaraq yer alırdısa, 1982-ci il konstitusiyasında əksinə –məhdudiyyətlər daha önəmli yer tutmuşdur. Yeni konstitusiya təşkilatlanmağa da böyük məhdudiyyətlər gətirmişdi. 1980-ci ildən əvvəl dövlətin gücsüzlüyü baş verən hadisələrə səbəb kimi qəbul edildiyi üçün yeni konstitusiya bu problemləri aradan qaldırmaq məqsədilə vətəndaşların dərnək və həmkarlar ittifaqlarını nəzarət altına almağa, onların siyasiləşmələrinə yol verməməyə çalışmışdır. Beləliklə, demokratiyanın prinsipləri pozulmuşdur.[8]
Giriş, Ümumi Prinsiplər, Əsas hüquq və vəzifələr, Cümhuriyyətin Əsas İdarəetmə Orqanları, Maliyyə və İqtisadi Müddəalar, Müxtəlif Müddəalar, Müvəqqəti Müddəalar və Yekun Hökmlər olmaqla ümumilikdə yeddi bölmədən ibarətdir.
"Suverenlik qeyd-şərtsiz Türk millətinə aiddir və bu Konstitusiyada suveren hüquqlardan istifadə səlahiyyətləri, qanunların, icra və məhkəmə hakimiyyəti arasında, üfüqi bir ekvivalentlik yaratmaqla bölüşdürülmüşdür.[10]
Suverenliyin həyata keçirilməsi heç bir halda heç bir şəxsə, qrupa və ya sinfə həvalə edilə bilməz. Heç bir şəxs və ya orqan mənbəyini Konstitusiyadan götürməyən bir dövlətin gücünü həyata keçirə bilməz. Konstitusiyanın müddəaları qanunverici, icraedici və məhkəmə orqanlarını, inzibati orqanları və digər qurumları və şəxsləri bir-birinə bağlayan əsas hüquqi qaydalardır. Qanunlar Konstitusiyaya zidd ola bilməz.
Qanunverici orqan Türkiyə xalqı adından Türkiyə Böyük Millət Məclisinə məxsusdur və bu səlahiyyət başqasına verilə bilməz. Qanunvericilik hissəsində, 1961-ci il sistemi ilə tətbiq edilən ikiqat palatalı parlament sistemi ləğv edildi və parlament təkpalatalı sistemə keçdi.[11]
İcra hakimiyyəti həm də dövlət başçısı olan Prezidentə verilir.
Məhkəmə hakimiyyəti Türkiyə xalqı adına müstəqil və qərəzsiz məhkəmələr tərəfindən həyata keçirilir.
Konstitusiyada dövlət demokratik, dünyəvi və sosial bir hüquqi dövlət olaraq təyin olunur. Dövlətin formasını, dilini, paytaxtını və rejimin əsas xüsusiyyətlərini təyin edir. 5 -ci maddə dövlətin əsas məqsəd və vəzifələrini aşağıdakı kimi müəyyən edir;
Dövlətin əsas hədəfləri və vəzifələri Türkiyə xalqının müstəqilliyini və bütövlüyünü, ölkənin bölünməzliyini, Cümhuriyyəti və demokratiyanı qorumaq, fərdlərin və cəmiyyətin rifahını, dincliyini və xoşbəxtliyini təmin etməkdir; Şəxsiyyətin əsas hüquq və azadlıqlarını məhdudlaşdıran siyasi, iqtisadi və sosial əngəlləri, sosial hüquq dövlətinə və ədalət prinsiplərinə zidd olaraq aradan qaldırmağa çalışmaq və insanın maddi və mənəvi varlığının inkişaf üçün lazımi şərtləri hazırlamaqdır. |
Fövqəladə vəziyyət rejimini tənzimləyən maddədə (Fövqəladə Hallar, maddə 119) nəzərdə tutulan şərtlər daxilində qanunvericilik hakimiyyətinin prezidentin fərmanları ilə qismən prezidentə verilməsi nəzərdə tutulur.
Bundan əlavə, müvəqqəti 15-ci maddə, xunta dövründə edilən təcrübələrin və Konstitusiyaya uyğunluğu baxımından qəbul edilən hüquqi tənzimləmələrin nəzarətini qadağan etdi. Bu maddə 2010-cu il Türkiyə Konstitusiya Dəyişiklikləri Referendumu ilə ləğv edildi.[12]
1982-ci il Konstitusiyası hər şeyi qaydalar və qanunla və təfərrüatı ilə həll edən ali normativ hüquqi aktdır.
Türkiyə Respublikasının Konstitusiyasına müxtəlif dəyişikliklər edilmişdir. Belə ki, Giriş mətn; 17 may 1987-ci il tarixli 3361 nömrəli qanunla, 8 iyul 1993 -cü il tarixli 3913 saylı qanunla, 23 iyul 1995-ci il tarixli 4121 nömrəli qanunla, 18 iyun 1999-cu il tarixli 4388 saylı qanunla, 3 avqust 2001-ci il tarixli 4446 saylı qanunla və 4709 saylı qanunla, 21 noyabr 2001-ci il tarixli 4720 saylı qanunla, 27 dekabr 2002-ci il tarixli 4777 nömrəli qanunla, 7 may 2004-cü il tarixli 5170 saylı qanunla, 21 iyun 2005-ci il tarixli 5370 saylı qanunla, 29 oktyabr 2005-ci il tarixli 5428 nömrəli qanunla, 13 oktyabr 2006 -cı il tarixli 5551 saylı qanunla, 10 may 2007-ci il tarixli 5659 nömrəli qanunla, 31 may 2007-ci il tarixli 5678 nömrəli qanunla, 9 fevral 2008-ci il tarixli 5735 saylı qanunla, 5 Konstitusiya Məhkəməsi may 2008 tarixli və 2008/16 nömrəli qərar, 2008/116 saylı qərar, 7 may 2010-cu il tarixli 5982 nömrəli qanun, Konstitusiya Məhkəməsinin 7 iyul 2010 və 2010/49 nömrəli qərarı, qərar 2010/87, 20 may 2016 21 yanvar 2017-ci il tarixli 6718 nömrəli Qanuna 21 yanvar 2017-ci il tarixli 6771 saylı Qanun da daxil olmaqla ümumilikdə iyirmi bir dəfə dəyişiklik edilmişdir.[13][14]
Konstitusiyaya edilən əyişikliklərdən ən vacibi 16 aprel 2017-ci ildə qəbul edilən 6771 nömrəli qanun olmuşdur. Dəyişikliklər, əsasən, icraedici qüvvənin "Cumhurbaşkanlığı"nın əlinə keçməsi, o cümlədən qanunverici və məhkəmə orqanlarının təşkilatlanmasını əhatə etmişdir. Eyni zamanda, "Cumhurbaşkanlığı"na qanunvericilik ilə əlaqədar bəzi səlahiyyətlər də verilmişdir.[15]