Təbrizin mühasirəsi (1603)

Təbrizin mühasirəsi (1603)Səfəvi–Osmanlı müharibəsi (1603–1618) zamanı baş vermiş hərbi toqquşma. Mühasirə Səfəvi ordusunun uğur qazanması və Təbrizin 18 il sonra təkrar Səfəvi imperiyasının əlinə keçməsi ilə nəticələnmişdir.[1]

Təbrizin mühasirəsi (1603)
Səfəvi–Osmanlı müharibəsi (1603–1618)
Jan Şardenin 1673-cü ilə aid Təbriz təsviri.
Jan Şardenin 1673-cü ilə aid Təbriz təsviri.
Tarix 1603
Yeri Təbriz
Səbəbi Səfəvi dövlətinin 1590-cı ildə itirdiyi torpaqları geri almaq istəyi
Nəticəsi Mütləq Səfəvi qələbəsi
Münaqişə tərəfləri

Səfəvilər İmperiyası

Osmanlı İmperiyası

Komandan(lar)

I Abbas

Zəncirqıran Əli Paşa

İtkilər

Az

Çox

Müharibənin yenidən başlaması

[redaktə | mənbəni redaktə et]

1590-cı ildə imzalanan İstanbul müqaviləsi ilə Səfəvi dövləti arasında sülh təmin edilmiş olsa da, gərginlik davam etməkdə idi. 1603-cü ildə isə, Səfəvi dövləti islahatlarla ordusunu yenidən qurmuş idisə, Osmanlı dövləti böhran keçirməkdə idi.

İstanbul sülhündən sonra Osmanlı dövləti qərb sərhədlərində bir neçə üsyanlar və məğlubiyyətlər qazanmışdı. Durmadan artırılan vergilər və müharibələr 1599-cu ildən Cəlali üsyanlarına səbəb olmuşdu. Bu dönəm ərzində isə, Səfəvi dövləti ordusunu yenidən qurmaqla qalmamış, şərqdəki düşməni Özbək xanlığına 1598-ci ildə qəti zərbə vurmağı da bacarmışdı. Artıq sırada Osmanlı dövlətinin olduğu bəlli idi. Şah Abbas əlverişli zamanın ələ düşməsini gözləməkdə idi.

Azərbaycan torpaqlarında olan Osmanlı döyüşçüləri imperiya daxilindəki problemlərə görə maaşlarını vaxtında ala bilmirdilər. Buna görə də, etiraz olaraq ətrafdakı bölgələrin yağmalanması ilə məşğul idilər. Bu yağmalardan birin də Salmas hakimi Qazi bəy yardım üçün Şah Abbasa müraciət etdi. Buna cavab olaraq, Şah Abbas ona xan titiulu ilə birlikdə, qılınc və kəmər də göndərdi.

Təbriz valisi Zəncirqıran Əli Paşa xəyanət olaraq qiymətləndirdiyi bu hərəkəti cəzalandırmaq üçün Təbrizdə kiçik bir qarnizon buraxaraq Qarnıyarıq qalasına sığınmış Qazi bəyin üstünə yürüşə çıxdı. Hərəkata Naxçıvandakı Osmanlı bölmələri də qatıldılar. Qala ələ keçirilsə də, Qazi bəy qaçmağı bacardı və İsfahandakı Şah Abbasa sığındı.

Bu hadisələrdən sonra Şah Abbas Təbrizi geri almağın vaxtının gəldiyini başa düşdü və 15 avqust 1603 tarixində İsfahanda səfər hazırlıqlarına başladı. Komandanlarından biri olan Allahverdi xana da Bağdad üzərinə yürüş etmə əmri verdi. 14 sentyabrda ordusu ilə hərəkətə keçən I Abbas 17 sentyabrda şimaldakı Kaşana çatdı. Bu formada yürüşünün əsas hədəfinin guya başqa yer olacağı görünüşünü və şaiyəsini yaymaq istəyirdi.

Ərdəbil canişini Zülfüqar xan və Qəzvin canişini Əmirgünə xana bölmələri ilə birlikdə ona qatılması təlimatı verib onlara doğru irəliləməyə başladığında Osmanlılar I Abbasın əsas hədəfinin Təbriz olduğunu başa düşdülər. Nahavəndi müqavimətə rast gəlmədən alan Şah I Abbas və ordusu 26 sentyabrda Təbriz ə çatdı və mühasirəyə başladı.

Təbrizin geri alınmasını təsvir edən və 1671-ci ildə çəkilmiş bir qravür.

Qaynaqlar şəhərdə 5 min tüfəngçi olmaqla qüvvətli bir qarnizonun, təxminən 200 müdafiə topunun və 10 il kifayət edə biləcək ərzağın olduğunu bildirməkdədir. Bununla birlikdə, bu döyüşçülərin önəmli bir qismi Qazi bəyi cəzalandırma hərəkatına qatılmaqla Təbriz xaricindəydi. Təbrizdə qalan qarnizona Əli Paşanın oğlu komandanlıq etməkdə idi.

Təbriz 1585-ci ildə Osmanlı işğalına düşdükdən sonra ciddi ziyan görmüş və əhalisinin böyük bir hissəsi şəhərdən köçmüşdü. Zamanla sülh şəraiti hökmsürdüyünə görə, əhalinin bir qismi geri gəlsə də, yerli xalqın əsasını təşkil edən Azərbaycan türklərinin şiə simvollarını daşımaları və ritualları yerinə yetirməsi qadağan edilmişdi. Qızılbaş ordusunun gəldiyini hiss edən yerli xalq ənənəvi Qızılbaş başlıqlarını taxmağa başladılar. Əhalidəki bu dəyişikliyi hiss edən Osmanlı qarnizonu şəhəri tərk edərək qalaya sığındı. Lakin qarnizon komandanı şəhəri mühasirəyə alanların kim olduğunu başa düşə bilməmişdi və mühasirəçilərin yağmaçılar olduğunu düşünərək atasına bu yöndə xəbər göndərmişdi.

Şah I Abbas əvvəlcə bölmələrindən bəzi döyüşçüləri şəhərə sızdırmağı bacardı. Bu döyüşçülər hiss etdirmədən növbəçiləri öldürməyi bacardılar. Bu əsnada, daha 500 döyüşçü tacir kimi şəhərə daxil oldu. Bu döyüşçülər pldürülmüş növbəçilərin keşiş çəkməli olduğu qala qapılarını açdıqdan sonra 6 min seçmə döyüşçü hücum akeçdi. Şəhər daxilində iki ordu arasında toqquşmalar başladı.[2]

Qalanı mühasirəyə alanların Səfəvi ordusu olduğunu anlayan komanan atası Əli Paşaya bu barədə məlumat göndərdi və yardım istədi. Səfəvi ordusunun Təbriz önündə olduğunu xəbər alan və Qarnıyarıq qalası üzərinə olan yürüşündən dönən Əli Paşa şəhərə geri dönməyə çalışarkən 28 sentyabr 1603 tarixində Təbrizin şimal-qərbindəki Sufiyan yaxınlığındakı Əzbənt bölgəsində təxminən 15 minlik Səfəvi ordusu ilə qarşılaşdı. Döyüşdə sayıca az olan Osmanlı ordusu böyük bir məğlubiyyətə uğradı.

Səfəvi ordusu bu qələbə ilə Təbrizdə mühasirədə olan Osmanlı ordusunun yardım ümidlərinə də son qoydu. Səfəvi tərəfi mühasirədəkilərin müqavimətini qırmaq üçün onlara maaşlarının iki qatını təklif etdi və bu təklifi qəbul edənlərin sayı hər keçən gün də artdı.[3] Sonda Osmanlı ordusu 21 oktyabr 1603-cü ildə təslim oldu.[4]

Sonrakı hadisələr

[redaktə | mənbəni redaktə et]

Yerli xalq 1585-1586 illərindəki işğal zamanı edilən zülmün əvəzini çıxmaq üçün Osmanlı döyüşçülərini qətlə yetirdi. Səfəvi dövlətinin qurulduğu və ilk paytaxtı olan Təbriz şəhərinin işğaldan azad edilməsi bütün imperiya ərazisində böyük sevinclə qarşılandı.[5]

Bölgənin ən mühüm əhəmiyyətli şəhəri olan Təbrizin geri alınması ilə birlikdə, Səfəvi dövləti qısa müddət ərzində Ordubad, Culfa, Maku, Salmas, Xoy, Marağa, Naxçıvan və Cavanşir bölgələri də azad edildi.

Həm müharibədən əvvəl, həm də müharibədən sonra Şah Abbas Osmanlı imperiyasına qarşı müttəfiq tapa bilmək üçün fəal xarici siyasət izləməkdə idi. Onun hakimiyyəti illərində iki dəfə Avropaya böyük elçi heyəti göndərilmişdi.

O, Təbrizi geri aldıqdan sonra elə bu şəhərdə 1593-cü ildən Osmanlı ilə müharibə edən Müqəddəs Roma imperatoru II Rudolfun elçisi Georg Tektanderi 15 noyabrda qəbul etdi. Elçi şaha imperatorun italyanca və latınca yazılmış məktublarını, eləcə də Moskva knyazının məktubunu təqdim etdi.[6]

  1. Yaqub Mahmudov. Azerbaijan & Europe:Medieval Diplomatic Relations. Xlibris. 2010.
  2. David Blow. Shah Abbas: The Ruthless King Who Became an Iranian Legend. I.B.Tauris. 2014. səh. 76.
  3. Roger Savory. Iran Under the Safavids. Cambridge: Cambridge University Press. 2007. səh. 86.
  4. Farrokh, Kaveh. "Liberation of Tabriz from Ottoman Turks by Shah Abbas I". kavehfarrokh.com. 25 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 July 2013.
  5. Kaveh Farrokh "Iran at War:1500-1988. Iran at War:1500-1988. Osprey Publishing. 2011.
  6. Zieneb Hatamzad (2013). Foreign Policy of the Safavid Empire During Shah Abbas I Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. Life Science Journal 10 (8s): 405-407

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]