İstanbul sülh müqaviləsi — 1590-cı ildə Şah I Abbas və sultan III Murad arasında bağlanılmış sülh müqaviləsi.[1]
İstanbul sülh müqaviləsi | |
---|---|
Müqavilənin tipi | Sülh müqaviləsi |
İmzalanma tarixi | 1590 |
İmzalanma yeri | Türkiyə, İstanbul |
Qüvvəyə minməsi | |
• şərtləri | Bu müqavilənin şərtlərinə əsasən Ərdəbil, Xalxal, Qaracadağ, Zəncan və Lənkəran istisna olmaqla bütün Azərbaycan torpaqları osmanlılara verildi. Həmçinin Şərqi Gürcüstan və İranın qərb vilayətləri də Osmanlı dövlətinin nəzarətinə keçdi. |
İmzalayanlar |
I Şah Abbas Sultan III Murad |
Tərəflər |
Osmanlı İmperiyası Səfəvilər |
1555-ci il Amasya müqaviləsindən sonra Azərbaycan Səfəvi dövləti və Osmanlı imperiyası arasında 1578-ci ilədək sülh mövcud oldu. Sülhü qorumağa Səfəvilər böyük qayğı göstərməli olurdular. Osmanlılar isə yeni hərbi əməliyyatlar üçün əlverişli vaxt gözləyirdilər. Şah Təhmasibin ölümündən sonra Səfəvi dövlətini ara müharibələr bürüdü. Belə bir şəraitdə Azərbaycan Səfəvi dövləti və Osmanlılar arasında müharibə bərpa olundu. Türklərin hərbi əməliyyat istiqaməti Cənubi Qafqaza yönəlmişdi. Bu da təsadüfi deyildi. Rus dövlətinin 1552-ci ildə Kazanı, 1556-cı ildə Həştərxanı işğal etməsinin mənası diqqəti cəlb etməyə bilməzdi. Ona görə də 1569-cu ildə Həştərxanın tutulmasına uğursuz cəhd edilmişdi. 1578-ci ildə daha əsaslı hücum təşkil edildi. 1578-ci ildə Şimali və Qərbi Azərbaycan və Gürcüstan tutuldu. Əks tədbirlər nəticəsində türklər Şamaxını tərk etdilər. Krım xanının qardaşı Adil Gərayxan əsir düşdü. Bu zaman yeni saray çəkişmələri başladı. Buna görə də Məhəmməd Xudabəndə (1578-1587) Sinan paşa ilə barışıq imzaladı. Sultan müharibəni qələbəyədək davam etdirmək məqsədilə Sinan paşanı baş komandanlıqdan uzaqlaşdırdı. 1584-cü ildə Krım qoşunları Şimali Qafqazdan hücum edir. Onlar Osman paşa ilə birləşərək yenidən Bakı və Şamaxını tutdular. Daxili çəkişmələr qızılbaşlar tərəfindən Bakının mühasirəsini başa çatdırmağa imkan vermədi. 1585-ci ildə Təbriz tutuldu. Həmzə Mirzənin Təbrizi azad etmək cəhdi baş tutmadı. O sui-qəsd nəticəsində öldürüldü. III Sultan Muradın (1574-1595) orduları 1586-1589-cu illərdə Azərbaycan torpaqlarını ələ keçirdi. Şeybanilərin Xorasana hücumları Səfəvilərin vəziyyətini ağırlaşdırdı.[1]
1587-ci ilin sonlarında Məhəmməd Xudabəndə taxtdan devrildi və yerinə oğlu Abbas Mirzə gətirildi.
1587-ci ildə Özbək Abdullah xan Heratı, ardınca da Məşhədi tutdu. I Şah Abbas Xorasana hərəkət etdi. Bundan istifadə edən Fərhad paşa Gəncəni (1588) tutdu. Bağdaddakı türk valisi Cığalzadə Sinan paşa isə Nahavəndi (1588) ələ keçirdi. Səfəvi dövlətini şərqdən Özbək, qərbdən isə Osmanlı qüvvələri sıxışdırırdı. Daxildə isə əmirlər arasında çəkişmələr gedirdi. Şah Abbas iç çəkişmələrini aradan qaldırmaq üçün Osmanlı hökuməti ilə barışığa getmək istəyirdi. Osmanlı dövləti də barışığa meyl göstərirdi. Uzun sürən savaşlar Osmanlı dövlətində maliyyə çətinlikləri yaratmışdı, tutulan torpaqları əldə saxlamaq üçün çoxlu güc tələb olunurdu.[2]
İlk addımı Şah I Abbas atdı. O, 1590-cı İldə Həmzə Mirzənin oğlu Heydər Mirzəni İstanbula göndərdi. Müqavilə nəticəsində Azərbaycan ərazisi Osmanlı və Səfəvi dövlətləri arasında bölündü. [3]Şirvan, Qarabağ, Təbriz və onun ətraf nahiyələri, Sərab, Marağa və bu şəhərdən qərbdə yerləşən bütün vilayətlər Osmanlı imperiyasının əlinə keçdi, Xalxal, Ərdəbil, Qaradağ, Talış, Zəncan və Sultaniyyə isə Səfəvilər dövlətinin tərkibində qaldı. Osmanlı hakimiyyət orqanları zəbt olunmuş ərazilərdə yeni inzibati idarə vahidləri yaratdılar, vilayətlərə hakimlər təyin etdilər. Azərbaycanın ən iri yaşayış məntəqələrində hərbi hissələr yerləşdirdilər, vergi və mükəlləfıyyətlərin növlərini, məbləğini müəyyənləşdirdilər. 1590-cı ilin sülh müqaviləsi şərtlərinə əsasən hər iki tərəf hərbi əsirləri azad etməli idi. Lakin mövcud mənbələr göstərir ki, müharibə edən tərəflərin yalnız hərbi rəisləri azad olunmuşdu. Belə biganə münasibət xalqı fəal mübarizəyə vadar edirdi. [1] Bundan başqa Süleyman Əliyarlı qeyd edir ki, Şah Abbas aşağıdakı öhdəlikləri üzərinə götürdü:
məzhəb ayrılığına görə insanlar incidilməməli, peyğəmbərin əshab və xəlifələrinə qarşı pisləmələrə və küfrə yol verilməməli, 22 mart 1590-cı ilə qədər hər iki tərəfin əllərində olan torpaqlar özlərində qalmalı İdi. [2]