Təkəlduz tikmə

Zəncir tikiş

Təkəlduz tikmə, və ya qullabduzluq (türk. kasnak işi, suzeni, türkm. ildirme, ilme [1], özb. yurma, rus. тамбурная вышивка) - qullabla (qarmaqla) vurulan zəncirli tikişin istifadəsi ilə yapılan bədii tikmə növü və üsuludur. Türk xalqlarının təkəlduzlarının səciyyəvi cəhəti odur ki, kəskin kontrastlı olur: rəngli ipək saplarla əyri xətlər və nəbati ornamentlər şəklində tünd rəngli qalın qumaş (tirmə, mahud, şal və s.) üzərində icra olunur.[2]

Söz açımı və təkəlduzun digər adları

[redaktə | mənbəni redaktə et]

"Tə­kəl­duz" sözü hərfi mənada "tək əllə düz” mənasını verir. Avropa dillərində bu tikmə növünə "zəncirli naxış" deyirlər (fr. point de chainette, ing. chain stitch, alm. Kettenstich‎), çünki bu tikmə növünün əsasını qədim çağlardan gələn zəncirli tikiş təşkil edir. Özbəkistanda bu naxış növünə "yurma" və "darafş" deyilir [3].

Təkəlduz

Şəki, təkəlduz sənətinin də vətəni sayılır. Şəkidə ipəkçiliyin başlıca yer tutması burada təkəlduz sənətinin inkişafına böyük təkan vermişdir. Təkəlduz sənəti Şəki təkəlduz ustalarının əməyi nəticəsində inkişaf etmiş, öz təşəkkülünü tapmış, gələcək nəsillərə ötürülmüşdür. Onların yaratdığı təkəlduz nümunələri Azərbaycanın sərhədlərindən kənarda da məşhur idi. XIX əsrdə təkəlduzçuluğun mərkəzi Şəki şəhəri sayıldığı bir dövrdə də bu işlə əsasən kişilər məşğul olurdular. Mövsüm Məşədi Əli oğlu, Məşədi Yusif Süleyman oğlu, Məşədi Səttar, usta Əliabbas, Cabbar Əlizadə, Rza Tağızadə, Abuzər Lətifov o dövrün məşhur təkəlduz ustaları idi. Bu sənətkarların əl işləri hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində, Şəki Xalq Tətbiqi Sənət muzeyində, Şəkidə Tarix Diyarşünaslıq muzeyində, Leninqraddakı Etnoqrafiya muzeyində və s. yerlərdə bir çox maraqlı əsərləri saxlanmaqdadır.

  • Gəzməli və gəzməsiz
  • şaxəli və şaxəsiz
  • içli və içsiz

Təkəlduz işləri geyim və müxtəlif məişət əşyalarının üzərində görülür. Azərbaycan, Tatar, Başqırd təkəlduzunda tünd rəngli (qırmızı, qara, sürməyi və başqa) məxmər, mahud və ipək parçalar təkəlduz üçün ən münasib parçalardır, Özbək təkəlduzunda isə daha çox açıqrəngli parçadan istifadə olunur. Türk xalqlarının təkəlduzlarının əsas özəlliyi əlvanlığı, ümumi mənzərənin mürəkkəbliyi, qədim naxışlar, tamqalardan istifadə olunmasıdır.

Təkəlduz üçün nəbatat aləmindən müxtəlif yarpaqlar, gilənar, qızılgül, alma çiçəyi, zanbaq, bənövşə, meynə yarpağı, əncir yarpağı; heyvanat aləmindən isə, ceyran, bülbül, qaranquş və digər motiv və elementlər səciyyəvidir.

Təkəlduz sənətində sapların rənglərinin bir-biri ilə uyğun olması əsas şərtlərdən biridir. Şəki təkəlduzu üçün səciyyəvi rənglər: qara, narıncı, yaşıl, püstəyi, qəhvəyi, ağ, sarı, şəkəri, bənövşəyi, çəhrayı və qırmızıdır. Bu sapların ümumi rəng vəhdətliyi ustanın sapları seçmə və onları uyğunlaşdırma bacarığından asılıdır. Şəki təkəlduzçuları bu işdə mahir sənətkardırlar.

Usta sifarişçidən qəbul etdiyi məmulat üzərində müxtəlif rənglərə boyadığı ipək sapla əlvan naxışlar tökürdü. Bunun üçün təkəlduz tikmədə iki sadə alətdən – qasnaqqarmaqdan (qüllab) istifadə edilir. Naxışlar "gəzmə" və ya "doldurma" üsulu ilə salınır. Hər hansı bir məmulata naxış saldıqda əvvəlcə parçanı qasnağa tarım çəkib onun üzərinə ikinci bir qasnağı kip otuzdururlar. Sonra parçanın üzərinə naxış konturları iynə ilə deşilmiş kağız qoyub, təbaşir tozu ilə naxışın rəddini məmulat və ya parçaya köçürürlər. Bu əməliyyat qurtardıqdan sonra usta sağ əli ilə sapı üstdən qarmağa ilişdirib, alta verir və qasnağın altından sol əli ilə sapı çəkir. Sonra onlar münasib rəng çalarına malik ipək sapla tikilib doldurulurdu. Beləliklə, zəncirə bənzər ilmələr qeyd olunan istiqamətdə gedir və müəyyən olunmuş naxış kompozisiyanı əmələ gətirir.[4][5][6][7][8]

Şəkillər qalereyası

[redaktə | mənbəni redaktə et]
  1. "Туркменская вышивка и ювелирные украшения". 2019-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-26.
  2. "Təkəlduz". 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-25.
  3. Акбар Хакимов. Прикладное искусство Узбекистана: традиции и инновации Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine. Ташкент, 2013.
  4. Tünzalə Məmmədzadə, rəssamlıq doktorantı. Qədim xalq sənəti Təkəlduz - dünəni və bu günü Arxivləşdirilib 2013-12-24 at the Wayback Machine. "İpəkçi" qəzeti.
  5. "КСАМ - Народное творчество Азербайджана". 2016-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-15.
  6. "Tək al, düz, baxım, yaxama təkəlduz taxım. Tikməçi-rəssam Mehriban Xəlilzadə ilə müsahibə". 2014-09-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-15.
  7. "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliri - Azərbaycanda bədii tikmələr". 2015-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-15.
  8. "Azərbaycan xalçaları - Tək əllə düzülən xalçalar". 2016-03-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-25.