Təknə qəbir, gil sarkofaq və ya vanna qəbir — Qafqaz Albaniyası ərazisində mövcud olmuş qəbir tipi. Azərbaycanda əsasən Göyçay, Türyançay, Girdimançay hövzələri üçün səciyyəvidir.
Təknə qəbir | |
---|---|
Coğrafi region | Qafqaz Albaniyası ərazisi |
Lokallaşdırılması | Göyçay, Türyançay, Girdimançay |
Başlama tarixi | antik dövr |
Bitmə tarixi | ilk orta əsrlər |
Təknə tip qəbirlərdə ölü dördkünc və ya oval formada olan gildən hazırlanmış təknəyəbənzər saxsı içərisində dəfn olunurdu. Gil təknələrin ölçüləri əsasən 60-80 sm aralığında müşahidə olunur. Bəzi saxsı tabutların yan tərəflərində tutmaq üçün dəstəyi də olur. Qəbir avadanlıqları gil təknənin ətrafına və ya içərisinə (kiçik ölçülü əşyalar olduqda) qoyulurdu. Mərhum sağ və ya sol böyrü üstə olmaqla bükülü vəziyyətdə yerləşdirilirdi.[1] [2]
Təknə qəbirlər əsaslı şəkildə ilk dəfə 1930-1960-cı illərdə aparılan arxeoloji qazıntılar zamanı öyrənilmişdir. Bu illər ərzində İsmayıllı rayonunun bir neçə kəndində (Mollaisaqlı və Sultankənd, Qışlaq və Qalagah kəndlərində), Qəbələ şəhərinin xarabalıqlarında, Mingəçevirdə bir neçə təknə qəbirlər tədqiqata cəlb olunublar [3]. Təknə qəbirlər haqqında ilk məlumatları professor Y.A.Paxomov 1933-cu ildə Mollaisaqlı kəndindən maddi-mədəniyyət nümunələrinin tapılması zamanı vermişdir. Lakin, hələ yeni müəyyən olunmuş bu qəbir tipinin təknə qəbir olaraq arxeoloji ədəbiyyatda adlandıırılması görkəmli arxeoloq S.Qazıyevin adı ilə bağlıdır.[4]
Y.A.Paxamovun 1938-ci ildə İsmayıllı rayonunun Qalagah kəndi yaxınlığındakı "Cəmaləddin xan" adlı yaşayış yerində apardığı arxeoloji qazıntılar zamanı təknə qəbir qeydə alındı. Təknə qəbir yer səthindən 1,5 m dərinlikdə iki hissədən ibarət olmaqla aşkarlanıb. Tabutun üst hissəsi dağıldığından yalnız alt hissəsinin dəqiq təsviri çıxarılmışdır. Gil tabutun alt hissəsi oval formasında olub, ölçüsü 60x75 sm, qalınlığı 1,2-5 sm, kənarlarının hündürlüyü 15-20 sm-dir. Təknə qəbrin içərisində yaşlı adam dəfn olunmuşdur. O, sol böyrü üstə, 15° şərqə olmaqla şimal-cənub istiqamətində, qolları başına tərəf qatlanmış vəziyyətdə qəbrə yerləşdirilmişdir. Təknənin içərisindən dəmir ox ucları, ətrafından isə boz rəngli saxsı qab fraqmentləri əldə olunub.[3]
1964-cü ildə görkəmli arxeoloq F.Osmanov tərəfində İsmayıllı rayonunun Mollaisaqlı kəndində aparılan qazıntılar zamanı yer səthindən 1 m dərinlikdə təknə qəbir aşkar olunub. Qəbrin istiqaməti şimal-qərb, cənub-şərqədir. Qəbir azyaşlı uşağa aid olub, başı şimal-qərbə doğru istiqamətlənməklə sol böyrü üstə bükülü vəziyyətdə yerləşdirilmişdir. Qəbrin baş tərəfindən yanıq izləri qeydə alınıb. Ehtimal ki, dəfn mərasimi zamanı burada od yandırılmışdır. Təknə orta hissədən sınmış vəziyyətdə aşkarlanıb. Qırmızımtıl rəngdə olan bu təknə-tabtutun lentvari qulpu onun oturacağa yaxın hissəsi ilə ağız kənarına birləşir. Tabutun uzunluğu 57 sm, eni 36 sm, hündürlüyü 14 sm, qalınlığı isə 2 sm-dir. Təknənin içərisində, skeletin qolları ətrafında pasta, əqiq və şüşədən hazırlanmış bir neçə muncuq, təknədən kənarda isə müxtəlif gil qablar qeydə alınıb. Təknənin xarici hissəsi ağımtıl gil məhlul ilə boyanmışdır. Burada təknənin ağzının örtülməsinə dair heç bir əlamət müşahidə olunmayıb. Ola bilər ki, vaxtilə ağzı ağac kimi tez çürüyən materiallarla örtüldüyündən günümüzə qədər qalmamışdır.[5]