Bu məqaləni vikiləşdirmək lazımdır. |
Təzhib - Türk və İslam dünyasında yaranmış məşhur incəsənət növü.[1] Təzhib sözü ərəbcə "zəhəb" (qızıl) kökündən yaranıb, "qızıllamaq, qızıllaşdırmaq" mənasına gəlir. Cəm şəklində "təzhibat" isə "qızılla bəzəmələr" deməkdir. Təzhib sənətilə məşğul olan insanlara müzəhhib/müzəhhibə deyilir.
İslamın yaranması və yayılması ilə başlayan təzhib sənəti, bütün İslam dövlətlərində xətt sənətiylə yanaşı tətbiq olunmuş və inkişaf etmişdir. Təməli İran və ətrafında atılan təzhib sənəti, ilk inkişafını, Təbrizdən başlamış, daha sonra Herat, Bağdad, Mosul, Konya, Karaman, Amasya, Harput, Sivas və s. davam etdirmişdir. Bölgələrə görə fərqliliklər görülsə də ümumiyyətlə bir üslub xətti vardır. Təzhib sənəti ilk dəfə Qurani-Kərimin təzhiblənməsiylə başlayan bir sənətdir. Quranı ilk təzhibləyən isə Həzrəti Əli olmuşdur. İslamın ilk üç əsrində Quranın surə sonlarına həndəsi şəkildə bəzəmələr, ornamentlər vardır. Quran və elmi kitabların hər növündə bəzəmə nümunələrinə rast gəlinir.[2]
Əlyazma əsərlərində ən zəngin təzhib, kitabların zəhriyyə hissəsində, mətnlərin kənar başlıqlarında, surə əvvəlində və mövzu hissələrinin aralarında, kitabın son səhifəsində xətimmə və ya kətəbə hissəsində yerləşir. Təzhibdə, bəzəmə sənətində naxış, motiv, fiqur, kompazisiya, üslub və üslublaşdırma əsas amillərdir.[2]
Təzhib ilə miniatür sənətini səhv salmamaq lazımdır, miniatür daha çox təsvir üsuludur. Bitki, heyvan, insan və ya məkan təsvirlərindən ibarətdir. Onlar hazırlanan dövrdəki sənət anlayışına görə əsasən iki ölçülü və perspektivsiz hazırlanmış təsvirlərdir. Təzhib sənəti isə əsasən xəttatlıq sənətinin ətrafını bəzəmək məqsədilə istifadə edilmiş, günümüzdə tək başına rəsm nümunəsi kimi də təqdim edilmişdir. Sadə dillə, əsasən üslublaşdırılmış bitki formaları, ya da müxtəlif dizaynlardan ibarət olan simmetrik əsərlərdir.
Zaman içində unudulmuş, tərk edilmiş bu zərif və çətin sənətlə məşğul olan qədim sənətkarlara nümunə verməli olsaq ilk ağla gələn Riqqət Kunt və Ülkər Tansı olacaqdır. Xətt və cild sənətlərində qızılla hazırlanan təzhibə "halkari" deyilir. Rumi və Xətai üslublarında, kitabların zəhriyə, xətimə, başlıq, sərlövhə, mehrabiyə hissələri təzhiblə bəzədilir. Kiçik ulduz və çiçəklərə nöqtə, həndəsi olanlara mücəvhər, altıbucaqlara şeşxana, beş bucaqlılara sebərk deyilir. Quranda səcdə ayələrinə uyğun gələn yerlərdə vəqf gülü, hizib gülü, cüz gülü çəkilir. Qələm fırça, zərmührə, boyalar müzəhhiblərin sıxlıqla istifadə etdiyi alətlərdir.
Xətayi – stilizə yarpaq, cücərti və çiçəklərin bir-birinə dolaşması ilə meydana gələn bir təzhib motividir. Türk-İslam təzyinatında ən mühüm motivlərdən olan Xətayi həm müxtəlifliyi ilə seçilir, həm də ən çox istifadə olunan motivlərdəndir. Çin və Orta Asiyanın təsiri altında meydana gələn, çox zaman mənşəyi müəyyən olunmayacaq dərəcədə stilizə edilmiş çiçəklərdir. Bəzi qaynaqlarda Xatayilər həm çiçəklərin, həm də yarpaqların stilizə edilməsinə deyilir. Yarpaq stilizələri gerçəyə daha yaxındır. Bu motiv, başlıca olaraq cəmiyyətin milli-dini inancını, zövqünü, ənənələrini özündə daşıyaraq, əlyazmaların bədii tərtibatının əsas xüsusiyyətlərindən birinə çevrilmişdir.[2]
Yarpaq. Sənət tarixçiləri, dövrümüzün məşhur müzəhhibələrindən olan Prof. Dr. Çiçək Derman və Dr. İnci A. Birol haqlı olaraq bitki qaynaqlı motivləri sinifləndirməyə yarpaq ilə başlamağı daha məqsədəuyğun hesab edirlər. Çünki, bitkilər aləmində bioloji strukturuna görə mühüm vəzifələr daşıyan yarpaq şəkil baxımından da müxtəlifliklərə malikdir.[2]
Pənc. Xətayi qrupundan pənc adıyla bilinən motivlər bitki mənşəli olub, bəzi çiçəklərin quşbaşı görüntüsünün stilizə edilərək çəkilməsiylə əldə edilir. "Pənc" sözünün farscadan tərcüməsi "beş" deməkdir.[2]
Qönçəgül – açmamış çiçək mənasını ifadə edir. Tam açılmamış bir çiçəyin yan görünüşünün üslublaşdırılmış şəklidir. Ən bəsit qönçəgüldə belə tac və çanaq yarpaqları aydın görünür. Məşimə və toxumlar ya heç görünməz, ya da qismən görünər. Qönçəgül motivi xətayi motivinin ilk addımları kimidir.[2]
Yarı üslublaşdırılmış çiçəklər. Təbiətdəki çeşidlərini müəyyən edəcək şəkildə stilizə edilmiş çiçəklərdir. XV əsrin sonlarından etibarən müshəflərin surə başı təzhiblərində, kiçik çiçəkli ot kümələri şəklində görülən yarı stilizə edilmiş çiçəklər, XVII əsrin ikinci yarısından bağça çiçəkləriylə əvəz olundu.[2]
Naturalist çiçəklər. Naturalist kəliməsi, ümumiyyətlə hər növ sənətdə və hər bir dövrdə, ələlxüsus rəsm və heykəllərdə təsvir olunan reallığı təbiətə sədaqətlə əks etdirmək məqsədi güdən bədii anlayışları, bu anlayışla çalışan sənətkarları və bu istiqamətdə ortaya qoyulmuş əsərləri xarakterizə edir. Naturalizm isə, incəsənət əsərində təbii reallığı heç bir dəyişiklik etmədən üslublaşdırıb, idealizasiyasız təsvir etməyi məqsəd güdən anlayışdır. XVI əsrin birinci yarısından başlayaraq XVII əsrin sonlarına qədər çox istifadə olunmuş natualist bitki motivləri yetkin bir sənət anlayışını göstəririr. Klassik Türk bəzəməsi olaraq adlandıra biləcəyimiz bu dövrdə üslublaşdırılmış naturalist çiçək motivləri istifadə edilmişdir. Lalə, qızılgül, qərənfil, sünbül, bənövşə, nərgiz, haseki küpesi (akvilegiya) kimi çiçəklər, Yapon xenomelesi (Yapon heyvası), sərv ağacı, üzüm yarpaqları kimi bitkilər yeni bir üslub yaradmışdır. XVI əsrin birinci yarısından başlayaraq XVII əsrin sonlarına qədər çox istifadə olunmuş natualist bitki motivləri yetkin bir sənət anlayışını göstərir. Klassik Türk bəzəməsi olaraq adlandıra biləcəyimiz bu dövrdə üslublaşdırılmış naturalist çiçək motivləri istifadə edilmişdir. Lalə, qızılgül, qərənfil, sünbül, bənövşə, nərgiz, "haseki küpesi" (akvilegiya) kimi çiçəklər, Yapon xenomelesi (Yapon heyvası), sərv ağacı, üzüm yarpaqları kimi bitkilər yeni bir üslub yaratmışdır. Qeyd etmək lazımdır ki, İslam sənətində lalə Allahı, qızılgül Hz. Peygəmbəri simvolizə edir. Ağaclar və meyvələr Yarpaqlarda və çiçəklərdə olduğu kimi olduqca çox çeşidləri olan ağac motivlərinin Türk-İslam əlyazmaçılığında mühüm bir yeri vardır. Üslublaşdırılmış və ya yarı üslublaşdırılmış şəkildə çəkilmiş bu ağaclar arasında ən çox istifadə olunanlar sərv, xurma, həyat ağacı, meyvə ağacları və Yapon xenomelesidir. Yapon xenomelesinə ruslar "Yapon heyvası", Türklər isə "bahar dalları (budaqları)" deyirlər. Həyat ağacı qədim dövrlərdən bəri bir çox mədəniyyətlərdə ölümsüzlük ifadə edən bir motivdir. İslam sənətində yer tapan həyat ağacına fərqli anlamlar vermişlər. Quranda Həzrəti Məhəmmədin Merac əsnasında ən üst qatda yer alan SidrətülMüntəhaya, yəni məxluqat aləminin son nöqtəsinə qədər yüksəldiyi anladılır. Peyğəmbərin çatdığı Sidrətül-Müntəhadan sonra Cənnətül-mə`va yer alır, bu müqəddəs ağacda insan bilgisi sona çatır. Sərv ağacının fərqlı anlayışlar ifadə etdiyi bilinir. Bir nərdivan vəzifəsi gördüyünə, ruhun Allah qatına yüksəlişini təmsil etdiyinə inanılır. Ayrıca, xalq arasında incə və uzun boylu sevgiliyə bənzədilir. Dik duruşu ilə vəhdəti, yəni birliyi təmsil edir.[2]
Bestiar (zoomorf, heyvani çıxışlı) motivlər iki qrupdur. Bunlar Orta Asiyadan gələn simurq (zümrüdü-ənqa), əjdaha və kilin (əjdaha atı) kimi tamamilə xəyal məhsulu heyvan motivləriylə yanaşı maral, ceyran, aslan, pars, dovşan, quş, balıq, leylək kimi qismən üslublaşdırılaraq, xüsusiyyətlərini və adını qorumuş heyvan motivləridir. Qeyd etmək lazımdır ki, xəyal məhsulu olan bestiar motivlərə təzyinatda tez-tez rast gəlinir.[2]
Əjdaha Türklərdə əjdər (əjdaha) – ilan ilə timsaha yaxın cinsdən olan bir heyvanın fərqli heyvanlarla birləşməsindən meydana gəlmiş məxluq şəklində canlandırılır. İsti mövsümdə quş kimi göy üzünə uçduğu, payızda isə su ilanı, timsah kimi yerin altında gizləndiyi və ya sularda gəzdiyi qəbul edilir. Çin qaynaqlarında yer alan əjdaha əsasən sarı rəngdə olub, imperatorluğun, taxt-tacın, səltənətin, gücün simvolu olmuşdur. Əjdaha qoruyuculuq, ahəng, hərəkət, göy üzü və kainat kimi təsəvvür edilə bilən müxtəlif simvolik mənaları daşıyır. Bütün bu simvolik mənaların ortaq nöqtəsi isə əjdahanın kosmik bir fiqur olmasıdır. Orta Asiya inancında, kainatın təmsilçisi olaraq qəbul edilən əjdaha, göy qübbəsinin nizamını təmin etməyə mükəlləfdir. Əjdaha gecə və qaranlığı simvolizə edən ayı udmaqla günəşin qalib gəlməsini və xeyrin şər üzərindəki zəfərini ifadə edir. Əjdaha Türk-İslam əlyazmalarında bütün dövrlər üzrə çox rastlanan motivlərdəndir. İki əjdaha göy üzünü ifadə edir. İki əjdahanın başqa mifolojik, təxəyyül məhsulu olan motivlərlə birlikdə işlənən kompozisiyaları da az deyildir.[2]
Simurq. Simurq sözünün farscadan tərcüməsi "otuz quş"dur. Otuz ayrı quşun xüsusiyyətlərini daşıdığına inanırlar. Simurq dövlət quşu olaraq da tanınır. Gövdəsi olduqca iri, rəngli ehtişamlı quyruqlu, güclü bir quşdur. Hətta əjdaha ilə mübarizə edə biləcək qədər çox gücə malikdir. İnsan kimi danışan, son dərəcə rəngli və bəzəkli bir quş olan simurqun, oddan və günəşdən yaradılmış olduğuna inanılır. Simurq, tovuz quşu, qrif, aslan və itin ortaq xüsusiyyətlərinə sahib olaraq da səciyyləndirilir. Simurq, bir çox mifoloji hekayə və nağılda qarşımıza çıxan, qartal başlı və caynaqlı, geniş ağızlı, quyruğu uzun qıvrımlı, xallı gövdəli, saqqallı və pipikli olaraq ifadələndirilən ikonografik bir motivtir.[2]
1. AKGÜN, Banu. Türk Süsleme Sanatın`da Hatailer.
2. Ayla Ersoy. Türk tezhip sanatı. İstanbul, 1988, (95 s).
3. Hamide Nur Özsoy Tezhip Sanatinda Kullanilan Bitkisel Motiflerin Kökenleri. Fatih Sultan Mehmet Vakif Üniversitesi Güzel Sanatlar Enstitüsü Geleneksel Türk Sanatlari (Tezhip) Anasanat Dali (Yüksek Lisans Tezi) İSTANBUL, 2013 (s.201).
4. İlhan Özkeçeci, Şule Bilge Özkeçeci, Türk Sanatında Tezhip, Seçil Ofset, İstanbul 2007, (312 s)
5. İnci Ayan Birol Tezhip. İslam Ansiklopedisi. cilt 41, DİA, İstanbul 2012, (s.617)
6. İnci Birol, Çiçek Derman, Türk Tezyîni Sanatlarında Motifler, Kubbealtı Neşriyat, İstanbul 2005, (s.206).
7. Metin Sözen, Uğur Tanyeli, Sanat Kavram ve Terimleri Sözlüğü, Remzi Kitabevi, İstanbul 1986, (s.291).
8. Mustafa Öztürk, "Konya ve Çevresinde Anadolu Selçuklu Dönemi Çinilerinde Kullanılan Bitkisel Motiflerin Dili ve Resim Eğitimi Açısından İncelenmesi", Selçuk Üniversitesi SBE Basılmamış Yüksek Lisans Tezi, Konya, 2008.
9. Şenay Alsan. Türk Mimari Süsleme Sanatlarında Mitolojik kaynaklı Hayvan Figürleri (Orta Asya’dan Selçuklu’ya). Doktora Tezi, Marmara Üniversitesi Türkiyat Araştirmalari Enstitüsü Türk Sanati Ana Bilim Dalı İstanbul, 2005, (s.290).