Tahir Abdullayev (memar)

Tahir Abdulla oğlu Abdullayev (25 avqust 1915, Naxçıvan5 yanvar 2004, Bakı) — Azərbaycan memarı, Azərbaycan SSR əməkdar mühəndisi (1964) və əməkdar memarı (1979).

Tahir Abdullayev
Tahir Abdulla oğlu Abdullayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (88 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı  Rusiya İmperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Azərbaycan Azərbaycan
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Bakı
Şəhərsalma layihələri Sumqayıt, Bakı
Mükafatları "Azərbaycan SSR əməkdar arxitektoru" fəxri adı — 1979 "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı — 1964 Azərbaycan SSR Dövlət mükafatı Azərbaycan SSR Dövlət mükafatı
"Qafqazın müdafiəsinə görə" medalı "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tahir Abdulla oğlu Abdullayev 1915-ci il avqustun 25-də Naxçıvan şəhərində anadan olmuşdur. Atası gənc yaşlarında vəfat etmiş, ailənin dörd övladı – iki qız və iki oğlan anaları Surə xanımın himayəsi ilə böyümüşlər.

Tahir Abdullayev 1933-cü ildə Nəriman Nərimanov adına Sənaye Texnikumunu, 1939-cu ildə isə Azərbaycan Sənaye İnstitutunu bitirərək memarlıq ixtisasına yiyələnir. Təyinatla Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin Memarlıq Planlaşdırma İdarəsinə göndərilir və 1941-ci ilə qədər burada çalışır. Həyat yoldaşı Fatma xanım, bir oğlu Namiq Abdullayev və bir qızı Esmira var idi.

1940-cı ildən SSRİ Memarlar İttifaqına üzv olan Tahir Abdullayev 1941–1944-cü illərdə müxtəlif tikinti idarələrində baş mühəndis vəzifəsində fəaliyyət göstərir. 1944–1951-ci illərdə Şəki şəhərinin Baş memarı vəzifəsinə təyinat alır. 1946-cı ildə Böyük Vətən müharibəsində arxa cəbhədə göstərdiyi fədakarlığa görə "Qafqazın müdafiəçisi" medalı ilə təltif olunur.

1951-ci ildə isə Azərbaycan SSR Nazirlər Kabinetinin qərarı ilə "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutuna direktor təyin olunan Tahir Abdullayev 1992-ci ilə qədər — 41 il burada fəaliyyət göstərir.ş

Yüzlərlə yaşayış evi, ictimai bina və qurğuların layihə müəllifi olan Tahir Abdullayev, 1993-cü ildən ömrünün sonunadək "Bakıdövlətlayihə" institutunda əmək fəaliyyətini davam etdirmişdir.

"Azərbaycan" mehmanxanasının binası, Sumqayıt şəhərinin Baş planı və bir sıra diğər layihələri ilə Azərbaycan milli memarlığının inkişafına verdiyi töhfələrə görə Tahir Abdullayev iki dəfə SSRİ Nazirlər Soveti tərəfindən Dövlət mükafatına layiq görülmüş, "Qırmızı Əmək bayrağı", "Şərəf nişanı" ordenləri ilə təltif olunmuşdur. 1964-cü ildə Azərbaycan Respublikasının Əməkdar mühəndisi, 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar memarı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü adlarına layiq görülmüşdür.

Paytaxt Bakıdan başqa, ölkənin bütün şəhərlərinin baş planları, Bakı Dövlət Universiteti, Milli Elmlər Akademiyası, müxtəlif institutlar, poliklinika və xəstəxanalar, məktəb və uşaq bağçaları, yaşayış və s. binaların layihələri bu institutda yaradılırdı.

Tahir Abdullayev "Azərdövlətlayihə" İnstitutuna rəhbərlik etdiyi 41 illik əmək fəaliyyəti dövründə kadrların, xüsusilə, milli kadrların inkişafı, əsl mütəxəssis kimi yetişməsi üçün əlindən gələni əsirgəmir, onlara daim qayğı göstərirdi. Bu mühüm vəzifəni həyata keçirməkdən ötrü öz ətrafına təcrübəli memar və mühəndisləri toplamışdı. Memarlardan Mikayıl Hüseynov, Rasim Əliyev, Tələt Xanlarov, Şəfiqə Zeynalova, Yusif Qədimov, Nəimə Axundova, mühəndislərdən Mədət Xələfov, Eldar Məmmədov, Xalid Nəcəfov, Azad Qocamanlı və başqaları ustad memarlar nəslinin ön sıralarında addımlayırdılar.

Tahir Abdullayev yüksək təşkilatçılıq bacarığına malik idi. Sifarişlərin operativ və vaxtında yerinə yetirilməsi üçün Sumqayıt, Naxçıvan və Gəncə şəhərlərində institutun filiallarını yaratmışdı. Bu da regionlardakı obyektlərin layihə-smeta sənədlərinin hazırlanmasının sürətinə və keyfiyyətinə öz müsbət təsirini göstərirdi.

Baykal-Amur dəmiryol magistralının (BAM) tikintisi gedirdi. "Ulkan" qəsəbəsi dəmiryol vağzalı ilə birlikdə Azərbaycan SSR tərəfindən müvəffəqiyyətlə inşa edilmişdi. Sonra ikinci bir stansiyanın — "Anqoya"nın da tikintisi bizim respublikaya həvalə olundu. "Anqoya"nın layihəsi Rusiyanın Novosibirsk şəhərinin "Sibqiprotrans" layihə institutunda işlənmiş və sifarişçi tərəfindən təsdiq edilmişdi. Azərbaycan SSR-in qarşısında isə bu layihə əsasında stansiyanın yalnız tikintisinin aparılması məsələsi qoyulmuşdu. Ulu öndər Heydər Əliyev bu illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışırdı və BAM-ın tikintisinə rəhbərlik birbaşa ona həvalə edilmişdi. Azərbaycan KP MK-nın göstərişi ilə "Anqoya" stansiyasının vağzalı və qəsəbənin ictimai-ticarət mərkəzi Azərbaycan klassik milli memarlığı üslubunda yenidən layihələndirilib inşa edildi. Tikinti çox yüksək keyfiyyətlə həyata keçirildi. 2008-ci il iyulun 29-da "Anqoya" stansiyasına ulu öndər Heydər Əliyevin adı verildi.

Heydər Əliyev adına İdman Sarayı, Milli Məclis, Milli Arxiv və Milli Dram Teatrının binaları, çoxsaylı yaşayış evləri Tahir Abdullayevin yadigarları kimi ona əbədi yaşamaq haqqı qazandırmışdır…

Tahir Abdullayev ömrünün sonlarında "Bakıdövlətlayihə" İnstitutunda məsləhətçi kimi işləmişdir.

  1. Təyyar Hüseynli, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi rəisinin müavini, respublikanın Əməkdar mühəndisi. Əbədi yaşamaq haqqı qazanan memar Unutsaq unudularıq // "Xalq qəzeti", 12.10.2015-ci il