Bu məqaləni vikiləşdirmək lazımdır. |
Tarık Buğra və ya Süleyman Tarık Buğra (2 sentyabr 1918, Konya, Konya vilayəti – 26 fevral 1994, İstanbul) — türk jurnalist həmçinin roman, hekayə, pyes və lətifə yazarı. Cümhuriyyət dövrü türk ədəbiyyatının tanınmış yazarlarındandır. Ədəbiyyatın bir çox janrında əsər yazsa da daha çox romanları ilə tanınır. 1991-ci ildə dövlət mükafatına layiq görülüb.
Tarık Buğra | |
---|---|
türk. Tarık Buğra | |
Doğum tarixi | 2 sentyabr 1918 |
Doğum yeri | |
Vəfat tarixi | 26 fevral 1994 (75 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, jurnalist |
Vikianbarda əlaqəli mediafayllar |
Tarık Buğra 1918-ci ildə Anadolunun Akşehir qəsəbəsində Mehmet Nazim bəylə Nazikə xanımın ailəsində dünyaya gəlmişdir. Ailədə dörd uşaq olmuşlar. T. Buğranın anası isə Akşehirdə doğulmuş, 15 yaşında Nazim bəylə evləndirilən, türkmən ailəsinin qızı olan Nazikə xanımdır. Nazikə xanım yaşının az olmasından dolayı Buğranın anası deyil, sanki böyük bacısı kimi görünürdü. Hələ uşaq yaşlarında anasının Yunus Əmrədən ona oxuduğu şeirlərin və dinlətdiyi ilahilərin onun böyüməsi, həyatı dərk etməsində böyük rolu olmuşdur. Valideynləri kiçik Buğranın ilk müəllimləri və yol göstəriciləri olmuşlar. Buğranın təhsil həyatı çox qarışıqlığı ilə seçilir, məktəb illərində çox yaramaz və müəllimlərinə qarşı isyankar bir şagird olmuşdur. Beşinci sinifdə ikən sinif yoldaşlarını üsyana təşviq etmiş, yeddinci sinifdə ikən isə müəlliminə aşıq olmuş, onu sinifdə ağlatdığı üçün cəzalandırılmışdır. Ilk təhsilini Akşehirdə alan Buğra, 1933-cü ildə İstanbul Oğlan məktəbinə qəbul olur. Ədəbiyyata böyük marağı olan Buğra bütün yaramazlıqlarına baxmayaraq çox istedadlı şagird olmuşdur. Orta məktəbdə ikən türk dili müəllimi Rıfkı Məlul Meriçin istəyi üzərinə şeir yazır, lakin müəllimi bu şeiri bəyənmir. Illər sonra M. Kaplanla da arasında buna bənzər hadisə baş verir. Istanbul Lisesində oxuyarkən müəllimi Hakkı Süha Gezginin təşviqi ilə hekayə yazmağa başlayır. Sakarya jurnalının təşkil etdiyi yazı yarışmasını qazanması ilə onun özünə güvəni daha da artır. Daha sonra o, özünü müəlliminə daha da sevdirmək məqsədilə osmanlıca, farsca, ərəbcə sözlərdən ibarət inşa yazır, lakin müəllimi ona türkcə yazmalı olduğunu başa salaraq, onun bu yazısını tənqid edir. Iki il Istanbul Liseyində təhsil aldıqdan sonra 1936-cı ildə Konya Liseyinə keçərək təhsilini burada tamamlayaraq, həmin il yüksək nailiyyətlərinə görə imtahansız İstanbul Universitetinin tibb fakültəsinə qəbul olur, lakin burada müvəffəqiyyət qazana bilmir, çünki o, ədəbiyyatı daha çox sevirdi. Imtahanlardan keçə bilmədiyi üçün iki il kursda qalır. Sonra isə buradan ayrılıb, hüquq fakültəsinə yazılır. Bu illərdə "Küllük" qəhvəxanasının üzvlərindən biri olur. Burada o, prof. Yavuz Aba və Nurullah Ataç kimi ziyalılarla tanış olur. Dövrünün məşhur şəxsiyyətlərindən olan Yahya Kemal, Ahmet Hamdi Tampınar, Ali Nihad Tarlan, Rıfkı Məlul Məriç kimi ziyalıların burada olan söhbətlərində iştirak edir. Burada olan söhbətlərin onun şəxsiyyətinin formalaşmasına təsiri böyük olmuşdur. Yazıçılığa olan marağı onu hüquq təhsilindən də ayırır. Buradakı təhsillini də yarım qoyaraq Kaysəridə zabit kimi çalışır, daha sonra isə İskəndərunda hərbi məktəbin hazırlık kursuna gedir. Iskəndərundan sonra o, Ankarada ehtiyat zabit məktəbində oxuyur. Yazıçının əsgərlik illəri məktəb illəri kimi qarışıq və qalmaqallı keçib. Əsgərliyi boyunca bığlarını kəsdirmədiyi üçün 11 dəfə sürgün cəzası alır. 1947-ci ildə Əhməd Atəşin təşviqi ilə İstanbul Universitetinin ədəbiyyat fakültəsinə yazılır, amma 1951-ci ildə məzun olmadan universitetdən ayrılır. Həyatı boyunca iki dəfə ailə həyatı qurur. 1950-ci ildə Jalə Baysalla olan ilk evliliyindən Ayşə adlı bir qız övladı dünyaya gəlmişdir. Jalə xanımla olan evliliyi 18 il davam etmişdir. Yazıçı 1977-ci ildə Haticə Bilənlə yenidən ailə həyatı qurur. Bu evlilikləri yazıçının ölümünə qədər davam etmişdir. 1993-cü ildən Buğranın səhhətində ciddi problemlər yaranır, müayinələr nəticəsində yazıçının xərçəng xəstəlindən əziyyət çəkdiyi aşkara çıxır. Yazıçı uzun sürən xəstəlikdən sonra 1994-cü ildə 26 fevral tarixində dünyasını dəyişir.
Buğranın ədəbi yaradıcılığının formalaşmasında ailəsi, oxuduğu kitablarla yanaşı müəllimlərinin də rolu böyükdür. Buğra Rıfkı Melül Meriç və Hakkı Sühanı heç zaman unutmamış, həmişə onlardan sevgi ilə bəhs etmişdir. Türk dili müəllimi olan Rıfkı Melül Meriçin onun həyatında rolu böyükdür. Çünki ona sənəti, ədəbiyyatı sevdirən, fərqli qaynaqlarla tanış olmağa yönləndirən R. M. Meriç olmuşdur. İstanbul Universitetinə qəbul olduqdan sonra R. M. Meriçlə yolları yenidən kəsişir. Müəllimi onu dövrün məşhur ədəbi-mədəni mədəniyyət ocaqlarından olan "Küllük" qəhvəxanasına gətirir. R. M. Meriçin Buğraya bu qədər diqqət göstərməsinin əsas səbəbi onda öz gəncliyini görməsi idi. B. Ayvazoğlu qeyd edir ki, R. M. Meriç Buğra kimi gəncliyində tibb təhsili almış, bu ruhu hələ də itirməmiş, daha sonra ədəbiyyata yönəlmişdir.[1] T. Buğra hekayələrinin mövzusu sevgi və yalnızlıqdır. T. Buğra hekayələrində cəmiyyətdə özünə yer tapmamış, özünü təsdiq etməmiş, öz yolunu tutmamış yalnız insanları təsvir etmişdir.[2] T. Buğra yaradıcılığa hekayə ilə başlasa da roman, pyes, şeir, səyahətnamə, lətifə və s. janrlarda da əsərlər yazmışdır.