Tehran şəhərinin tarixi

Tehranın tarixi — Sonradan İranın ən böyük şəhəri olan Tehranın yaranması ilə bağlı bizdə dəqiq məlumat yoxdur. Bu azmış kimi, iranlı alimlərin arasında şəhərin yaranması ilə bağlı yekdil fikir də yoxdur. Bəziləri, xüsusilə Nəsir Nəcmi, düşünür ki Tehran yazılı qaynaqlarda e.ə X əsrdən başlayaraq təsvir edilir.[1] Başqaları, məsələn Əbdülhüseyn Səidian, hesab edir ki, bu b.e. XII əsrində baş verib. Çox guman ki, bunun səbəbi Tehranın ilk əvvəl şəhər kimi deyil, Reyin şimalında, bu şəhərin bağ istirahəti üçün kənd kimi yaranmasındadır. Lakin yaranmasının ilk çağlarından Tehran adi yaşayış məntəqəsi deyildi. İranlı salnaməçi Məhəmməd Qəzvini onu belə təsvir edir: "Tehran əhalisinin evləri yerin altında tikilib və qarışqa yuvalarına oxşayır. Hər dəfə düşmən hucum edəndə tehranlılar yerin altındakı evlərində gizlənirlər. Hətta əgər düşmən kəndi bir neçə gün deyil, bir neçə ay belə mühasirədə saxlasa, o yenə də onu zəbt edə bilmir və mühasirəni qaldıraraq çıxıb gedir."[2] Mağaralarda sərin bulaqlar və əhalisi tərəfindən əvvəlcədən xüsusi ilə hazırlanmış ərzaq təminatı var idi. Tehranın bu özəllikləri onun sonrakı yüksəlişində rol oynadı: 1220-ci ildəki monqol hucumu zamanı Rey şəhərinin əhalisinin əhəmiyyətli hissəsi Tehranda gizləndi. Məhz həmin zamandan sonradan şəhərə çevriləcək Tehranın artımı başladı. Bu artım XVI əsrin sonlarında, Səfəvi hökmdarı I Təhmasibin əmri ilə, Tehranın ətrafında uzunuğu 6 min addım və 114 qülləsi olan qala divarı hörüldükdən sonra bitdi.

Tehranın paytaxt olması

[redaktə | mənbəni redaktə et]

Tehranın tarixində böyük dəyişiklik, Kərim xan Zəndin ölümündən sonra İran taxtı uğrunda müxtəlif namizdələrin mübarizənin sonunda baş verdi. Onun qalibi Ağa Məhəmməd xan Qacar çıxdı. 1786-cı ildə o Tehranı özünə paytaxt etdi, həm də ona ikinci ad verdi - Dar öl-Xülafə ("xəlifələr paytaxtı"), bu onun xəlifə titulu iddiaları ilə bağlı idi. Ağa Məhəmməd paytaxt kimi ilk növbədə hərbi-strateji məqsədləri əsas tutaraq, əhalisi 20 min nəfər olan nisbətən kiçik şəhər seçmişdi. Buradan, həm paytaxtı ərzaqla təmin edə biləcək münbit əyalətlərə, həm şahı sonuncu mübarizədə dəstəkləyən əfşar tayfasının və Vəramin ərəblərinin yaşadığı rayonlara, həm şahın əsas qüvvələrinin cəmləşdiyi AstarabadaMazandarana yaxın idi. Beləliklə Tehranın yüksəlişində birinci amil kimi onun mədəni, sənaye və ticarət mərkəzi olması deyil, hərbi-strateji mövqeyi çıxış etdi.

Tehranın sonrakı inkişafı

[redaktə | mənbəni redaktə et]

XIX əsrin ortalarına yaxın Tehran ölçülərinə görə təxminən Şirazın yarısı boyda idi. Şəhərdə 7 məsçid, 150 hamam, eyni sayda karvansara var idi, şəhərə 6 qapıdan girmək olardı.[3] XIX -XX əsrlərin hüdudlarında, şah sarayının yaylaqdan Tehrana qayıtması ilə şəhərin əhalisinin sayı 250 minə çatırdı.[4] XX əsrin əvvəlində Tehran tipik ənənəvi şəhər olaraq qalırdı və başqa İran şəhərlərindən elə də seçilmirdi. Məhəmməd Rza Pəhləvi öz xatirələrində Tehran haqqında belə yazırdı:" Tehran o zamanlar hələ divarla və quru xəndəklə əhatələnmişdi. Şəhərə ancaq darvazalar vasitəsi ilə daxil omaq olardı, gecə bu darvazalar bağlanırdı ki, şəhərə quldurlar daxil ola bilməsin. Bütün bunlar mənim atamın əmri ilə dağıdıldı, çünki ölkənin başında durandan sonra o İranı modernləşdirmək niyyətində olduğunu göstərmək istəyirdi"[5] Kapitalist inkişafı gedişində Tehran ölkənin vitrininə çevrildi. Neftdən gələn gəlirlər hesabına paytaxtın infrastrukturun qurulması və tikintisi sürətlə gedirdi. Tehran əyalətlər üçün cazibə qüvvəsinə çevrildi. Lakin kəndlərin və kiçik şəhərlərin əhalisinin şəhərə tənzimlənməyən axını, xüsusən şahın apardığı Ağ inqilab nəticəsində, paytaxtda kəskin sosial ziddiyətlərin və çətinliklərin yaranmasına aparırdı.

Əgər Məşrutə inqilabında və sonrakı hərəkatlarda Tehranın rolu ikinci dərəcəli idisə, artıq 1949-1953-cü illər Məhəmməd Musəddiq hərəkatından 1979-cu il inqlabına qədər Tehran ön plana çıxdı.

  • Города на Востоке. Хранители традицый и катализаторы перемен. Тегеран до и после исламской революции.Москва. "Наука" Главная редакция восточной литературы. 1990 səh. 138-140
  1. Nəsir Nəcmi. Dar öl Xülafə. Tehran, 1983. səh.7.
  2. sit. yenə orada səh.6-7
  3. yenə orada səh. 11
  4. Böyük ensiklopediya.T.18.SPb., 1904, səh.225
  5. Mohammed Reza Shah Pahlavi. Mission for my Country.L.,1960, səh.51