1976-cı il Tehran UNO hadisəsi — 19 sentyabr 1976-cı ildə səhər saatlarında İranın paytaxtı Tehranda həm vizual olaraq, həm də radarlar vasitəsilə uçan naməlum obyektin (UNO) görünməsi hadisəsidir. Hadisə obyektin yaxınlığında radioelektron maneələrin müşahidə olunması ilə diqqət çəkir: UNO-lara tərəf uçan iki F-4 Phantom II təyyarəsi ilə əlaqə kəsilmiş, obyektə yaxınlaşdıqda göyərtədəki avadanlıqlar və təyyarələrdən birinin silah sistemləri müvəqqəti olaraq sıradan çıxmışdı.
ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin Ağ Evə, ABŞ Dövlət Katibinə, Qərargah Rəislərinin Birləşmiş Komitəsinə, Milli Təhlükəsizlik Agentliyinə və Mərkəzi Kəşfiyyat İdarəsinə təqdim etdiyi dörd səhifəlik hesabatında geniş şəkildə işıqlandırılan hadisə, tarixdə hərbçilərlə əlaqəli ən yaxşı sənədləşdirilmiş anomal hadisələrindən biridir.
19 sentyabr 1976-cı il tarixdə, yerli vaxtla təxminən 00:30-da, İran Hərbi Hava Qüvvələrinin Tehran komandanlığına Şemiranat şəhristanı sakinlərindən gecə səmasında qeyri-adi aktivlik barədə dörd telefon zəngi gəldi. Zəng edənlərin bəziləri quşa bənzər bir cisimdən, bəziləri parlaq işıqlı bir helikopterdən bəhs edirdilər.
Havada helikopter olmadığı məlum olduqda, şəhristanın hava qüvvələrinin komandiri general Yusifi ilə əlaqə yaradıldı. General əvvəlcə müşahidə olunan parıltının normal ulduz işığı olduğunu düşünürdü, lakin Mehrabad beynəlxalq hava limanının dispetçer xidməti ilə məsləhətləşəndən və yerdən görünən ulduzlardan ölçücə daha böyük bir parlaq cismi şəxsən müşahidə etdikdən sonra hərbi-hava qüvvələrinin Tehrandan 282 km qərbdə yerləşən Həmədandakı Şahruxi hərbi bazasından bir ədəd F-4 Phantom II önləmə təyyarəsini qaldırmağa qərar verdi.
Saat 01:30-da kapitan Məhəmməd Rza Əzizxaninin idarə etdiyi F-4 havaya qalxdı və Tehranın 64 kilometr şimalındakı bir nöqtəyə doğru irəlilədi. Obyekt o qədər parlaq idi ki, 112 kilometr uzaqdan görünürdü. Təyyarə obyektə təxminən 40 kilometr yaxınlaşdıqda, onun bütün avadanlıqları söndü və rabitə kəsildi, bu da Əzizxanini istiqamətini dəyişməyə və yenidən bazaya qayıtmağa məcbur etdi. Geri qayıdarkən bütün sistemlər normal işləyirdi.
Saat 01:40-da leytenant Pərviz Cəfərinin idarə etdiyi ikinci F-4 havaya qalxdı. Cəfəri sonradan general olaraq təqaüdə çıxdı və 12 noyabr 2007-ci ildə Milli Mətbuat Klubunun (ing. National Press Club) dünyadakı UNO fenomeninin öyrənilməsinə həsr olunmuş konfransında iştirak etdi. Cəfəri, obyekti təyyarəsinin radarında 43 kilometr məsafədən görürdü. Obyekt radarda Boeing 747-yə bənzəyirdi. Obyektə 40 kilometr məsafə qalanda o, saatda 240 km sürətlə uçan F-4-lə arasındakı məsafəni sabit saxlayaraq uzaqlaşmağa başladı. Obyektin parlaqlığı onun ölçüsünü təyin etməyə imkan vermədi. UNO-dan gələn işıq mavi, yaşıl, qırmızı və narıncı ilə qarışmışdı. İşıqlar növbə ilə yanıb-sönürdü, amma o qədər tez ki, sanki eyni anda yanırdı.
Obyekt və F-4 cənuba uçarkən, daha kiçik ölçülü ikinci obyekt birincidən ayrılaraq yüksək sürətlə F-4-ə doğru istiqamətləndi. Leytenant Cəfəri ona hücum edildiyini düşünərək ona doğru Sidewinder raketini buraxmağa çalışdı, ancaq birdən silah sistemləri və rabitə daxil olmaqla bütün avadanlıqlar söndü. Onları yenidən işə salmaq cəhdləri uğursuz oldu. Obyekt onun altından keçdi və qısa müddətdə 4-5 kilometr uzaqlaşdı, sonra birinci obyektə qayıtdı.
F-4 geriyə dönən kimi bütün avadanlıqlar yenidən işə başladı. Təyyarənin pilotu, birincisindən ayrılan və yüksək sürətlə yerə tərəf uçan başqa bir parlaq obyekt gördü. Onun yerlə toqquşacağını və partlayacağını gözlədiyi halda, o yerə yumşaq eniş etdi. Ardınca F-4 bu yerin ətrafında aşağı hündürlükdə uçdu və işıqlı obyektin düşdüyü yeri qeyd etdi. Cəfəri sonradan obyektin parlaqlığını təsvir edərkən ətrafdakı qayaların göründüyünü bildirirdi. Obyekt İran sərhədindəki Rey Neft Emalı Zavodunun yaxınlığında yerə endi.
Mehrabada yaxınlaşan mülki sərnişin təyyarəsi də eyni yerdən uçarkən rabitə əlaqəsi kəsildi. F-4 kimi onlar da uclarında parlaq, orta hissədə isə yanıb sönən işıqlar olan başqa bir silindrik obyekt gördülər. Mehrabadın dispetçer xidməti havada heç bir şey olmadığını bildirirdi, lakin qüllənin heyəti Cəfəri tərəfindən verilən istiqamətdə obyekti gözlə görə bilirdi. İllər sonra baş dispetçer və general obyektin qüllə ətrafında uçduğunu və buradakı bütün avadanlıqların söndüyünü etiraf etdilər.
ABŞ-a məxsus DSP-1 hərbi casus peyki də bu hadisəni qeydə almışdı. Peyk hadisə zamanı və ondan sonrakı bir saat ərzində infraqırmızı anomaliya müşahidə etmişdi.[1]