Tehran müqaviləsi (1808)

Tehran müqaviləsi (1808) — İranla Fransa arasında imzalanmış ticarət müqaviləsi.

Fransanın şərq siyasətində İran

[redaktə | mənbəni redaktə et]

I Napoleon Finkenşteyn müqaviləsinin imzalanmasından (1807) sonra İrana hərbi yardım göstərilməsi üçün tədbirlər görülməyə başladı. Fətəli şaha 1807-ci il 20 aprel məktubunda süvari generalı Qardanın İrana göndərilməsi bildirilirdi. 1807-ci il 22 apreldə İrana yola salınması nəzərdə tutulan hərbi qüvvənin dairəsi müəyyənləşdirilmişdi. Qardana missiyası ilə əlaqədar verilmiş 10 may təlimatında İranın İngiltərəRusiya ilə düşmənçilik münasibətlərinin qızışdırılması, İran ordusunun yenidən qurulması, 40–50 min nəfərlik qüvvə ilə Hindistana təcavüz planının hazırlanması və s. nəzərdə tutulurdu. Qardanın missiyası 24 dekabrda Tehrana gəldi. Qardan İrana gəldikdən sonra qarşıya qoyulmuş diplomatik-hərbi tədbirləri həyata keçirməyə başladı. İran ordusu yenidən qurulmağa başladı və s. Məhz bu dövrdə, 1808-ci ilin yanvarında Qardanla İranın birinci vəziri Mirzə Şəfi arasında Tehranda ticarət müqaviləsi imzalandı.

Müqavilənin şərtləri

[redaktə | mənbəni redaktə et]

23 maddədən ibarət olan müqavilədə şah Sultan Hüseynin 1708 və 1715-ci illər müqavilələri üzrə Fransaya verilmiş kapitulyasiya hüququ təzələnir və inkişaf etdirilirdi. III maddədə göstərilirdi ki, "madam ki, Fransa imperatoru bütün xristian monarxların qalibi və başçısıdır" Fransa səfirləri, konsulları və tacirləri digər ölkələrin səfirləri, konsulları və tacirlərilə müqayisədə üstünlüyə malikdir. VIII və IX maddələrdə qeyd olunurdu ki, Fransa tacirləri İrandan istənilən malı maneəsiz aparmaq imkanı əldə edir. Onlar üç illiyə İrana mallar, həmçinin qızıl, gümüş və cəvahirat gətirmək və aparmaq üçün gömrük ödəməkdən azad olunurlar. Üç il keçdikdən sonra yalnız birdəfəlik gömrük alınır və malların dəyərinin 3%-dən çox olmur. XI maddə ilə Fransa İranın istənilən şəhər və limanlarında ən geniş səlahiyyətlər verilmiş konsulluqlara malik ola bilərdi. Yalnız onların Fransa təbəələri arasında konflikt əmələ gəldiyi halda onları mühakimə etmək hüququ var idi. İran hökumətinin fransız konsullarının iştirakı olmadan fransız və İran təbəələri arasındakı mülki və cinayət işlərini və mübahisələri ayırd etmək hüququ yox idi. XV maddədə yazılmışdır ki, katolik ruhaniləri İran hökumətindən yalnız maneəsiz olaraq dini mərasimləri icra etmək deyil, bütün xristian əhalisi içərisində azad təbliğat aparmağa da icazə alır. İran hökuməti katolik keşişlərinə münasibətində "sayğısızlıq" göstərmiş müsəlmanları, həmçinin xristian təbəələri (erməni və avropalıları) ciddi cəzalandırmağı öhdəsinə götürür. XVII maddədə deyilirdi ki, "madam ki, fransız sarayı nümayəndələri orada ticarət kontoru təsis etmək üçün İran sarayının bəxşiş üçün Xarq adasının onlara verilməsi arzusunu bildirdilər, qərara alındı ki, İran sarayı bu adanı iki ölkə arasında bağlanmış ittifaq haqqında müqavilənin (Finkenşteyn müqaviləsi) şərtlərinə uyğun olaraq rusların Gürcüstandan və bütün İran əyalətlərindən çıxarılmasından sonra fransızlara verəcək ki, onlar orada möhkəmlənsinlər və o, bundan sonra və həmişəlik onların mülkiyyəti olsun". XVIII maddə ilə Fransa ticarət və hərb gəmilərinə Fars körfəzi limanlarına sərbəst daxil olmaq hüququ verilirdi. XXIII maddə Fransa konsulları, tacirləri və təbəələrinə torpaq icarəyə götürüb evlər və digər binalar tikmək hüququ verirdi. Həm məhkəmə, həm də mülki İran vəzifəli şəxslərinin Fransa təbəələrinin evlərinə onların razılığı olmadan daxil olma hüququ yox idi.

  • Ибрагимбейли Х.М. Россия и Азербайджан в первой трети XIX века. М.1969
  • История XIX века. Пол ред Лависса и Рамбо. Перев. с франц. т.2 М.1938
  • Кузнецова Н.А. Иран в первой половине XIX века. М.1983
  • Новая история Ирана. Хрестоматия. М., 1988, с.69–70.
  • Туманович Н.Н. Европейские державы в Персидском заливе в 16–19 вв. М.1982.