Telman Məmməd oğlu Kazımov (9 fevral 1937, Lənkəran – 31 oktyabr 2016) — Azərbaycan inşaatçı-mühəndisi və dövlət xadimi, Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri naziri (1982–1988), Azərbaycan SSR Baş Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsinin rəisi (1976–1982), Azərbaycan SSR əməkdar inşaatçısı.
Telman Kazımov | |
---|---|
12 aprel 1982 – 24 oktyabr 1988 | |
Əvvəlki | özü (idarə nazirliyə çevrilib) |
Sonrakı | nazirlik ləğv edilib |
16 iyun 1976 – 12 aprel 1982 | |
Əvvəlki | Nəriman İsayev |
Sonrakı | özü (idarə nazirliyə çevrilib) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 fevral 1937 |
Doğum yeri | |
Vəfat tarixi | 31 oktyabr 2016 (79 yaşında) |
Təhsili |
|
Fəaliyyəti | mühəndis-konstruktor, dövlət xadimi |
|
|
Təltifləri |
|
Telman Məmməd oğlu Kazımov 9 fevral 1937-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə buradakı 4 nömrəli orta məktəbi bitirmiş, 1955–1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində "İstilik-qaz təchizatı və ventilyasiyası" ixtisası üzrə təhsil almışdır.[1] İnstitutda kafedra assistenti olmuşdur.[2]
Əmək fəaliyyətinə SSRİ Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin Rostov şəhərindəki "Qavsantexquraşdırma" trestinin Bakı Quraşdırma İdarəsində usta vəzifəsində başlayan Telman Kazımov 1962–1966-cı illərdə Bakı Quraşdırma İdarəsində istehsalat şöbəsinin müdiri olmuş, Abşeron Mexanikləşdirilmiş Səyyar Dəstəsində rəis işləmişdir. 1966–1972-ci illərdə isə Bakı "Santexquraşdırma" idarəsinin rəisi vəzifəsində çalışmışdır.[3]
Telman Kazımov 1972–1976-cı illərdə Azərbaycan SSR Nazirlər Soveti Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsi rəisinin müavini, 1976–1982-ci illərdə isə idarənin rəisi olmuşdur. 1982-ci ildə bu idarənin bazasında Azərbaycan SSR Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyi yaradılmış və o, nazir vəzifəsinə təyin edilmişdir.[4] 1988-ci ildə nazirlik ləğv edildikdən sonra Telman Kazımov SSRİ Quraşdırma və "Azərquraşdırmaxüsusitikinti" ərazi tikinti-quraşdırma birliyinin rəisi və "Azərquraşdırmaxüsusitikinti" istehsalat tikinti-quraşdırma birliyinin rəisi olmuşdur. 1991-ci ildən "AzQUR" Açıq Səhmdar Cəmiyyətinin sədri olmuşdur.[1]
Telman Kazımov Azərbaycan 1963-cü ildən Sov.İKP üzvü olmuş, Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin 9 və 10-cu çağırış deputatı olmuşdur.[5] "Qırmızı əmək bayrağı" və "Xalqlar dostluğu" ordenləri və "Rəşadətli əməyə görə" medalı ilə təltif edilmiş, "Azərbaycan SSR əməkdar inşaatçısı" fəxri adına layiq görülmüşdür. O, 1997-ci ildən Beynəlxalq Mühəndislər Akademiyasının müxbir üzvü olmuşdur.[1]
Telman Kazımov 2016-cı ildə vəfat etmişdir.[6]