"Terminal" (ing. The Terminal) — 2004-cü il ABŞ komediya-dram filmi. Rejissoru Stiven Spilberq olan filmdə baş rollarda Tom Henks və Ketrin Zeta-Consdur. Filmin ilk baxışı 18 iyun 2004-cü ildə baş tutmuşdur. Film Nyu-Yorkun Con Kennedi adına Beynəlxalq Hava Limanında terminalda saxlanılan, ABŞ-yə girişinə qadağa qoyulan və eyni zamanda çevrilişə görə öz doğma ölkəsinə qayıda bilməyən birisi haqqındadır. Belə ki, pasportu artıq etibarsız olduğu üçün Amerikaya girmə haqqını itirmiş vəziyyətdə olan Viktor nə ölkəsinə geri dönə bilir, nə də Amerikaya girə bilir. Ölkəsindəki döyüş bitənə qədər hava limanı terminalının tranzit sərnişinlər salonunda gözləmək məcburiyyətində qaldığına görə başına gəlməyən qalmır[2]. Film qismən də 1988-ci ildən 2006-cı ilədək Fransanın Paris şəhərindəki Şarl de Qoll Hava Limanının 1 saylı terminalında 18 il qalmış Mehran Kərimi Nasserinin həyatından ilhamlanaraq çəkilmişdir[3].
Terminal | |
---|---|
ing. The Terminal | |
Janr | Komediya-dram |
Əsas mövzu | aviasiya |
Rejissor | Stiven Spilberq |
Prodüserlər |
Stiven Spilberq Volter Parks Lori Makdonald |
Ssenari müəllifləri |
Saşa Cervasi Ceff Natanson |
Baş rollarda |
Tom Henks Ketrin Zeta-Cons Stenli Tuççi Çi Makbrayd Dieqo Luna |
Operator | Yanuş Kaminski |
Bəstəkar | Con Vilyams |
İstehsalçılar |
Amblin Entertainment Parkes/MacDonald Productions DreamWorks Pictures |
Distribütor | UIP-Dunafilm[d], Netflix |
İlk baxış tarixi | 18 iyun 2004 |
Müddət | 128 dəq. |
Büdcə | $60 million[1] |
Gəlir | $219.4 million[1] |
Ölkə | ABŞ |
Dillər |
İngilis dili Rus dili Fransız dili |
İl | 2004 |
Rəng | rəngli |
Çəkiliş yeri | Monreal |
IMDb | ID0362227 |
Krakoziya (Кракозия və ya Кракожия) adlı qondarma dövlətdən ABŞ-yə səyahət edən Viktor Navorski (Tom Henks) yalnız Nyu-Yorkun Con Kennedi adına hava limanına çatarkən anlayır ki, doğma vətənində qəfil vətəndaş müharibəsi başladığına görə artıq onun pasportu etibarlı deyil. Nəticədə, ABŞ Krakoziyanı suveren dövlət kimi tanımır və indi vətəndaşlığı olmayan şəxs olduğuna görə nə ölkəyə daxil olmağa, nə də evinə qayıtmağa icazə verilir. İngilis dilində müvafiq ünsiyyəti yaratmaq bacarığı olmadığına görə ABŞ Gömrük və Sərhəd Mühafizəsinin hava limanındakı orqanı onun həm pasportunu, həm də biletini götürür. Bu zaman həmin orqanın müvəqqəti direktoru Frenk Dikson (Stenli Tuççi) onu terminalda qalmağa məcbur edir. Başqa seçimi olmadığına görə Viktor çantası və yerfındığı qutusu ilə terminalın 67 nömrəli çıxışında qapalı bir məkanda məskunlaşır və tezliklə buranı evə çevirir. Ən çox da ABŞ Gömrük orqanının direktoru vəzifəsinə irəli çəkilməyə namizəd olan Diksonun planları alt-üst olur. Viktor terminaldan qaçmağı seçmir və səbirlə qanuni olaraq ABŞ-yə daxil ola biləcəyi günü gözləyir. Dikson istəyir ki, Viktor ölkəyə qanunsuz daxil olmağa cəhd eləsin və beləcə onu ölkədən çıxarsınlar. Buna görə də onun terminalda qalmasını çətinləşdirən yollar axtarmaq qərarına gəlir və artıq narahat olmağa başlayır. Terminaldakı ilk günlərində Viktor uçuş biletlərini yoxlayan Ameliya Uorrenlə (Ketrin Zeta-Cons) qarşılaşır və bu xanım yaş döşəmədə yıxılıb ayaqqabısının dabanı qırılarkən ona kömək edir. Ameliya belə fərz etmişdi ki, Viktor Gömrükdə işləyən, çağrı cihazı olan mühəndisdir; lakin onun özünə qarşı olan hörmətini, yaxşılığını görəndə təəccüblənir.
Dikson Viktorun pul qazanmaq metodlarının qarşısını alanda və nəticədə Viktor özünü yeməklə təmin edə bilməyəndə, hava limanının ərzaq xidmətinin işçisi Enrike Kruz (Dieqo Luna) onun vəziyyətini görür və aşiq olduğu immiqrasiya xidmətinin zabiti Dolores Torres (Zoi Saldana) haqqında daha çox məlumat öyrənməkdə kömək etmək müqabilində Viktora yemək təklif edir. Ameliya ilə bir daha yenidən qarşılaşandan sonra onu yeməyə aparmaq istəyən Viktor ingiliscəsini təkmilləşdirməyə başlayır və iş tapmağa çalışır. Bu zaman terminalın çıxışındakı gələcəkdə yenilənməsi nəzərdə tutulan divarı təmir etdikdən sonra hava limanının mühəndisi onu işə götürür. Bu vaxt ərzində Viktor Enrikenin dostları ilə dostluq etməyə başlayır: Co Mulroy (Çi Makbrayd) və Qupta Rayanla (Kumar Pallana) poker oynayır. Co yük daşıyan, Qupta isə Hindistanlı dalandar (qapıçı) idi. Qupta 1979-cu ildə Hindistanda ondan rüşvət almaq istəyən polis zabitini qətlə yetirmişdi və buna görə də həbs olunmaqdan yayınmaq üçün ABŞ-yə gəlmişdi.
Bir gün hava limanında qəribə vəziyyət yaranır: bir Rusiyalı atası üçün dərman gətirdiyini iddia edir, lakin dərmanı gətirmək üçün icazəsi olmadığından dərmanları onun əlindən alırlar. Heyvan və bitkilər üçün olan tibbi vasitələrin ölkəyə daxil olması üçün icazə tələb olunmurdu; ona görə də Viktor Rusiya vətəndaşını yola gətirir və deyir ki, o səhv eşidib: Krakorziya dialektində "keçi" və "ata" sözləri eyni səslənir və dərman keçi üçündür. Rusiyalı bunu təsdiq edir və dərmanları götürə bilir. Viktorun bu hərəkəti Diksonu qıcıqlandırır: o, az qala namizədliyindən olacaqdı. Dikson güclə Viktorun əlini surətçıxaran maşının üstünə qoyur və söz verir ki, onun hava limanını tərk etməsinə imkan verməyəcək. Hava limanının işçiləri gömrükdə rusiyalının başına gələnləri və Viktorun elədiklərini Quptadan eşidirlər. Daha sonra Viktor hava limanındakı bütün mağazalarda öz əlinin surətlərinin asıldığını görür.
Ameliya ilə yenidən görüşəndə Viktor onu yeməyə aparır və yavaş-yavaş ona olan sevgisini göstərməyə çalışır, Napoleon haqqında biliklərini bölüşür və Napoleonun hədiyyəsi kimi o da tezliklə əzəmətli fəvvarə düzəltməyə başlayır. Daha sonra bu qədər köməklikdən sonra nəhayət Enrike Torreslə evlənir. Viktor isə Ameliyanın uçuşdan qayıtmağını gözləyir. Dikson ondan xəbərsiz Ameliyanı bir qırağa çəkib Viktor haqqında sorğu-sual etməyə başlayır və onun əsl vəziyyətini aşkar etməyə çalışır. Ameliya hiss edir ki, Viktor ona yalan danışır. Ameliya Viktorla 67 nömrəli çıxışda qabaqlaşır və onun çətin vəziyyətdə olduğunu görüb sarsılır, nəyə görə Nyu-Yorka gəldiyini öyrənməyə çalışır. Viktor nəyə görə yerfındığı qutusunu özü ilə gəzdirdiyini ona açıqlamağa razılaşır və izah edir ki, rəhmətlik atası caz həvəskarı olub, 1958-ci ildə Macarıstan qəzetində "Harlemdə böyük bir gün" (ing. "A Great Day in Harlem") adlı məşhur bir şəkli aşkar edib, bir həftə həmin şəklə baxıb və əhd edib ki, şəkildəki 57 caz musiqiçisinin hər birinin imzasını toplayacaq. Həmin qutuda isə təkcə həmin şəkil deyil, həm də atasının musiqiçilərdən aldığı avtoqraflar da var — birindən başqa: tenor saksafonunda ifa edən Benni Qolson. Atası vəfat etdikdən sonra Viktor Nyu-Yorka gəlib Benni Qolsonu tapacağına və sonuncu imzanı alacağına söz verib.
9 ay terminalda qaldıqdan sonra bir gün səhərini dostlarının Krakoziyada müharibənin qurtarması ilə bağlı verdikləri xəbərlə açır. Hədsiz sevinən Viktor bunu dostları ilə hava limanının barında qeyd edir. Bu zaman Ameliya onunla barda görüşür və izah edir ki, dövlət məmuru olan sevgilisi Viktorun öz arzularını gerçəkləşdirməsi üçün bir günlük təcili viza ilə onu təmin etməkdə Ameliyaya kömək edib. Viktor bir təfdən sevinir, digər tərəfdən isə Amelianın "dostunun" əvvəlki münasibətlərini bərpa etmək müqabilində belə hərəkət etdiyini öyrənəndə pis olur. Buna baxmayaraq, Viktor Nyu-Yorka gedəcəyinə görə sevinir, amma baxır ki, vizanı Dikson imzalamalıdır. Bunu fürsət bilən Dikson Viktora göstəriş verir ki, Krakoziyaya evinə qayıtsın. Əgər imtina edərsə, onu dostlarını ABŞ-dən çıxarmaqla təhdid edir. Viktor istəməsə də, bu təkliflə razılaşır. Dostları isə bunun qarşısını alırlar: əvvəlcə Qupta zənn edir ki, Viktor qorxaq olduğuna görə belə hərəkət edir. Lakin vəziyyəti öyrəndikdən sonra Viktoru bu yükdən azad etmək üçün yerə enmək üzrə olan, Krakoziyaya gedən təyyarənin qabağına qaçır və beləcə dostunun Nyu-Yorka gedə bilməsi üçün özünün ölkədən çıxarılıb doğma vətəninə qaytarılmasına razı olur.
Dikson bu hadisəyə təəccüblənir və Viktora dostları şəhərə gedəcəyinə görə hədiyyələr verərkən onun getməsinə mane olmağa çalışır. Lakin Gömrük agentləri bunun qarşısını alır və Viktorun şəhərə getməyinə imkan yaradırlar. Viktor hava limanını tərk edib taksiyə minərkən Ameliyanı sonuncu dəfə görür. Nəhayət Dikson onu təqib etməmək qərarına gəlir. Viktor Nyu-Yorkda otelə çatarkən Benni Qolson səhnədə ifa edirdi. Və sonda o, sonuncu avtoqrafı da ala bilir. Sonra o, taksiyə minir, sonuncu imzanı da qutuya yerləşdirir və sürücüyə deyir: "Mən evə gedirəm".