This Is Me Trying

"This Is Me Trying" (kiçik hərflərlə stilləşdirilmiş) — amerikalı müğənni-bəstəkar Taylor Sviftin mahnısı. Mahnı onun 24 iyul 2020-ci ildə Republic Records tərəfindən yayımlanmış səkkizinci studiya albomu olan "Folklore"-un doqquzuncu trekidir. "This Is Me Trying" Svift və Cek Antonoff tərəfindən yazılmış, istehsal prosesində isə onlar arasında Co Elvin də yer almışdır. Mahnı orqan, yavaş templi təbil və nəfəs alətlərində ifa olunan orkestr popdrim-pop janrındadır.

""This Is Me Trying""
İfaçı Teylor Svift
Albom Folklore
Yayımlanıb 24 iyul 2020
Janr Orkestr pop  • drim-pop
Dil ingilis dili
Müddət 3:16
Bəstəkarlar Teylor Svift  • Cek Antonoff
Sözlərin müəllifləri Teylor Svift, Cek Antonoff[d]
Prodüser Cek Antonoff  • Teylor Svift  • Co Elvin
Studiya "Kitty Committee"
Mahnı sözləri
 This Is Me Trying

"This Is Me Trying" "üç fərqli personajın baxış bucağından" yazılmışdır. Svift özü mahnının sözlərində 2016-2017-ci illərdə yaşadığı hisslərə yer vermişdir. Mahnıdakı hekayəni danışan şəxs "dağıdıcı təsirin rədd edilməsi" perspektivini təsvir edir. Svift başqasının onun haqqındakı nöqteyi-nəzərini qəbul edərək trekin hekayə danışanı kimi gizlənməyə çalışmışdır. O, 2020-ci ildə hazırladığı Folklore: The Long Pond Studio Sessions adlı sənədli filmində mahnının alkoqolizmə də toxunduğunu söyləmişdir.

Tənqidçilər mahnının istehsalını və sözlərini, bəziləri isə Sviftin vokal performansını tərifləmişdirlər. "This Is Me Trying" ABŞ-da Billboard Hot 100-də 39-cu, Billboard Hot Rock & Alternative Songs-da isə 9-cu yerə yüksəlmiş və Avstraliya, Kanada və Sinqapurun sinql siyahılarında ilk 40-a daxil olmuşdur. Mahnı Amerikalı gimnast Simona Baylzın səhhətindəki problemlərə görə bir neçə tədbirdən çəkilməsindən sonra 2020 Yay Olimpiya Oyunlarına qayıtmasını qeyd edən reklam çarxında istifadə edilmişdir.

Arxa fon və istehsal

[redaktə | mənbəni redaktə et]

Teylor Svift və prodüser Cek Antonoff daha əvvəl Sviftin 1989 (2014), Reputation (2017) və Lover (2019) studiya albomları üçün işbirliyi etmişdilər. Onlar 2020-ci ildə COVID-19 pandemiyası zamanı Sviftin gözlənilmədən yayımladığı Folklore albomunda yenidən əməkdaşlıq etmiş və Folklore 24 iyul 2020-ci ildə Republic Records vasitəsilə yayımlanmışdır. Svift albomdakı bütün mahnıların ya yeganə, ya da ortaq müəllifi idi və Antonoff ilə birlikdə "This Is Me Trying" də daxil olmaqla altı mahnı ərsəyə gətirmişdi. Svift mahnının sözlərini "üç fərqli personajın nöqteyi-nəzərindən" yazmış və mahnıda 2016-2017-ci illərdə özünün keçirdiyi hisslərə də yer vermişdir. Svift müvafiq dövr üçün bunları demişdir: "Mən sadəcə olaraq heç bir dəyərimin olmadığını hiss edirdim." Mahnının birinci misrası həyatında böhran keçirən və şəxsi münasibətdə uğursuzluğa düçar olmuş bir obrazdan bəhs etdiyi halda, ikinci misra isə “böyük potensiala malik olan, lakin həyatda özünü itmiş kimi hiss edən” obrazın alkoqolun aludəçisi olmasından və hər gün davam edən mübarizəsindən bəhs edir.