Tofiq Bəhramovun heykəli — Tofiq Bəhramov adına Respublika Stadionunun yanında yerləşən Azərbaycan təlim-məşq mərkəzinin binasının qarşısında yerləşən azərbaycanlı sovet futbol hakimi Tofiq Bəhramovun şərəfinə ucaldılmış abidə. Abidənin müəllifi heykəltaraş Məmmədnicat Salahovdur.[1]. Bu dünyada futbol hakiminə ucaldılmış ilk abidədir.[2]
Tofiq Bəhramovun heykəli | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Bakı |
Heykəltaraş | Məmmədnicat Salahov |
Tikilib | 13 oktyabr 2004 |
Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru Akif İsmayılovun sözlərinə görə 2004-cü ilin may ayının sonlarında Tofiq Bəhramovun heykəlinin yaradılması üçün keçirilmiş müsabiqə bitmişdir. 12 layihə arasından Məmmədnicat Salahovun layihəsi seçilmişdir. Bu layihəyə görə Məmmədnicat Salahov 5 milyon manat mükafat almışdır.
Heykəl 2004-cü il oktyabrın 13-də, Tofiq Bəhramov adına stadionun qarşısında, 2006-cı il Dünya kubokunun seçmə mərhələsi çərçivəsində İngiltərə yığması ilə Azərbaycan yığmasının görüşündən əvvəl açılmışdır.[3] Açılış mərasimində AFFA prezidenti Ramiz Mirzəyev, gənclər və idman naziri Əbülfəs Qarayev tədbir iştirakçılarını İlham Əliyevin adından təbrik etdi.
Mərasimdə 1966-cı ildə Tofiq Bəhramovun rəhbərlik etdiyi Dünya çempionatının final matçında Almaniyaya qarşı qətiyyətli qolun müəllifi Cefri Herst iştirak etmişdir.[4][5] Açılış mərasimində FİFA prezidenti Yozef Blatter və İcraiyyə Komitəsinin üzvü Mişel Platinidə iştirak edib. Tədbirin sonunda Blatter Tofiq Bəhramov abidəsinə çələng qoydu.[4][5]